• Bu gün Azərbaycan xalqının böyük 20 Yanvar imtahanının 28 ili tamam olur

    Bu gün Azərbaycan xalqının böyük 20 Yanvar imtahanının 28 ili tamam olur


    Prezident başda olmaqla, Azərbaycan xalqı bu gün Şəhidlər Xiyabanına üz tutacaq


    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridildi, dinc əhaliyə divan tutuldu, yalnız Bakıda 131 insan qətlə yetirildi, çox sayda insan isə yaralandı və itkin düşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Sonradan məlum oldu ki, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb.

    Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda-yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

    SSRİ Konstitusiyası, Azərbaycan SSRİ Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin bütün bunlar xalqımızı müstəqillik uğrunda mübarizədən çəkindirə bilməyib. 20 yanvar qırğınından sonra Azərbaycanda müstəqillik hərəkatı daha böyük miqyas alıb və cəmi bir il sonra Azərbaycan müstəqillik qazanmağa nail olub. SSRİ adlı imperiya isə dağılıb.
    Azərbaycan xalqı və dövləti 20 yanvar şəhidlərinin xatirəsini əziz tutur, 20 yanvar hər il dövlət səviyyəsində xüsusi tədbirlərlə qeyd olunur. Bu il də qeyd olunmaqdadır. Yanvarın 4-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilir, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş etdirilir.

    Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları müvafiq tədbirlər keçirirlər.
    Tədbirlər planına əsasən, dünən respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçirilib. 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstərilib.

    Paytaxt ictimaiyyətinin Şəhidlər Xiyabanını ziyarəti isə artıq bir həftədir başlayıb və davam edir. 2018-ci ilin 20 yanvar günü isə saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək.

    Azərbaycan prezidenti İlham Əliyev və dövlət, hökumət rəsmiləri günün birinci yarısı Şəhidlər Xiyabanını ziyarət edəcək.

    Dövlət rəhbərliyi ilə yanaşı ölkədəki siyasi partiyalar, diplomatik korpus təmsilçiləri də 20 Yanvar hadisəsinin 28-ci ildönümünü Şəhidlər Xiyabanını ziyarət etməklə qeyd edəcəklər.

    RUBRİKA.AZ


    Facebook-da paylaş