• Kimdir günahkar? - 132-134 saylı Təhsil Kompleksinin valideynləri məsələ ilə bağlı münasibət bildirdi

    Kimdir günahkar? - 132-134 saylı Təhsil Kompleksinin valideynləri məsələ ilə bağlı münasibət bildirdi

    Hər hansı məktəbdə baş verən hadisəni bütün təhsil sisteminin üz qarası kimi təqdim etmək, məktəbləri aşağılamaq ucuz populizmdən başqa bir şey deyil

    Məktəb cəmiyyətin güzgüsüdür, o baxımdan hər bir cəmiyyətin məktəbi də onun siması hesab edilir. Cəmiyyətdə yeni sosial münasibətlərin, ümumi mənada götürsək yeni dünyagörüşünün formalaşdığı bir zamanda gənc nəslin təlim tərbiyəsi prosesi xüsusi məsuliyyət kəsb edir. Bu mərhələdə bütün məsuliyyəti məktəbin üzərinə atmaq, baş verən bütün neqativ halların günahkarı kimi təhsil sistemini lənətləmək düzgün deyil. Müasir dövrdə şəxsiyyətin formalaşması o qədər geniş aspektdə baş verir ki, məktəb bu prosesin yalnız kiçik bir hissəsini təşkil edir.
    Unutmaq lazım deyil ki, hər bir şagird məktəbə ailədən və cəmiyyətdən gəlir. Odur ki, cəmiyyət bütün yükü məktəbin üzərinə atmaqla özünü sığortalaya bilməz. Bu baxımdan hər hansı məktəbdə baş verən hadisəni bütün təhsil sisteminin üz qarası kimi təqdim etmək, məktəbləri aşağılamaq ucuz populizmdən başqa bir şey deyil.
    Son günlər Səbail rayonunun 132-134 saylı Təhsil Kompleksində oxuyan şagirdlərin intim görüntüləri əsas müzakirə mövzusudur. Sosial şəbəkələrdə, medyada baş verənlər barədə müxtəlif fikirlər səsləndirilir, xüsusilə şagirdlərin təhsil aldığı məktəbin ünvanına qərəzli, məsuliyyətsiz iddialar deyilir.
    Dekabr ayında bas vermis bu hadisənin birdən-birə fevral ayında mətbuatda yayılması , qısa müddətdə bu qədər geniş rezonans doğurması özü ciddi nüanslardan xəbər verir. Birincisi məsələni bu qədər geniş diqqətdə saxlayan medya qurumlarının İP xatirinə belə bir xəbəri günlərlə tirajlaması utancverici bir haldır. Özlərinə cəmiyyətdə geniş oxucu kütləsi tapa bilməyən bir çox KİV-lər iki uşağın intim görüntüsü üzərindən reytinq yığmaq yarışına çıxıblar.
    Baş verənlərdə məktəbi müqəssir bilən, az qala cinayətkar qismində təqdim edənlərin düşüncə tərzi orta əsrlər təfəkküründən heç də fərqlənmir. Həmin “əhli qələmlər” nədən unudurlar ki, cəmiyyətə sırıdıqları informasiyanın böyük əksəriyyəti məişət mövzusundadır və sırf seksual xarakter daşıyır. Əkdikləri toxumların acı meyvələrini yemək nədən xoşlarına gəlmir.
    Azyaşlıların videolentini paylaşan medianın bu paylaşımı göstərməkdə məqsədi nə idi??? Təhsilin bərbad oldugunu göstərmək? Pulsuz seks fayl paylasmaq? Azyaslıların həyatının üstündən xətt çəkmək? Öz şəhvət hisslərini, öz ambisiyalarını təmin etmək?? Bu adamlar özlərinə bu sualı verdilərmi?
    Xüsusilə sosial şəbəkələrdə yazılan rəylər, açıqlanan münasibət bu günkü cəmiyyətin real səviyyəsini əks etdirir. Uşaqların intim görüntülərinə baxmaq üçün link axtaran, saytları ələk-vələk edən qadınlar, ağsaqqallar, gənclər Mozambikdən və yaxud başqa planetdən gəlməyiblər. Onlar bizim cəmiyyətimizin “məhsulları”dır və reallığı əks etdirirlər. Həmin sosial şəbəkə qəhrəmanları unudurlar ki, bəhs olunan uşaqlar elə onların öz içindən gəliblər. Bu hərəkəti edənlərlə onun videolentinin liklərini axtaranların mental dəyərləri və əxlaq səviyyəsi eynidir.
    Rubrika.az saytına müraciət edən və övladları Səbail rayonunun 132-134 saylı Təhsil Kompleksində oxuyan valideynlər baş verənlərdən narahatlıqlarını bildirirlər. Onlar məktəbin ətrafında yaradılan süni ajiotajı qərəzli, məqsədli təxribat kimi qiymətləndirirlər. Xüsusilə qədim ənənələrə malik olan təhsil ocağını, onun rəhbərliyini ləkələmək cəhdləri, absurd ittihamlar narazılıq yaradır. Bu kimi hallar məktəbdə təhsil alan şagirdlərin psixologiyasına mənfi təsir göstərir, ümidsizlik doğurur. Şəhərimizin mərkəzində, İstiqlaliyyət küçəsində yerləşən, hər kəsin yaxşı tanıdığı və sevdiyi minlərlə insanın məzunu olduğu 132 və 134 nömrəli Təhsil Kompleksinin uğurlarını işıqlandırmaqda xəsislik edən, amma belə bir hadisəni gen-bol tirajlayanlar əslində təhsil sisteminə, milli dəyərlərimizə ən ağır zərbə vururlar.
    Məktəb 1999-cu ildən YUNESKO-nun assosiativ məktəblər şəbəkəsinə daxildir.Hazırda Beynəlxalq Təhsil Kompleksi dünyanın bir neçə ölkəsi - Amerika, Fransa, Rusiya və Türkiyə ilə əməkdaşlıq layihələri üzərində çalışır. Respublikamızın əməkdar müəllimi adına layiq görülmüş, təcrübəli peşəkar müəllim, 132- 134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarovanın rəhbərlik etdiyi Təhsil Kompleksi uşaqların bilik və bacarıqlarının inkişaf etməsində mühüm rol oynayır.
    Rubrika.az saytına danışan valideynlər bildirirlər ki, baş verən hadisədən şəxsi maraqları çərçivəsində istifadə edənlər unutmasınlar ki, söhbət iki uşağın taleyindən yox, ümumiyyətlə gələcəyimizdən gedir. Odur ki, öz xəbis məqsədləri üçün böyük bir məktəbin üzərindən oyunbazlıq etməsinlər.

    Nicat Mahmudov
    Rubrika.az



    Facebook-da paylaş