• Qarabağa get, sonra üzr istə və...

    Qarabağa get, sonra üzr istə və...

    Akif Nağı: “Onların əfv edilməsi yolverilməzdir”

    Azərbaycanın Xarici İşlər Nazirliyi daha bir musiqiçinin adını “qara sıyahı”dan çıxartdı. Belə ki, Argentina vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Xuan Manuel Dominges Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. X.M.Dominges məktubunda 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycana və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. X.M.Dominges Azərbaycan qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Musiqiçi münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib. X.M.Dominges, həmçinin “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib. Musiqiçinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

    Xatırladaq ki, X.M.Dominges 2015-ci ilin 6 fevralında tək deyil, dünyaca məşhur pianoçu Mariya Nemtsova və saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikovla birgə “Music for peace” ( Sülh naminə musiqi”) layihəsi çərçivəsində konsert proqramı ilə çıxış edib. Buna görə adı çəkilən musiqiçilər Azərbaycanın “qara siyahı”sına düşmüşdü. Domingesdən sonra ardınca Mariya Nemtsovanın da eyni məktubla Azərbaycanın XİN-nə müraciət etdiyi və onun da adının “qara siyahı”dan çıxarıldığı məlum oldu. Hələlik adı çəkilən digər musiqiçilər bağışlanmaları üçün Azərbaycan hökumətinə müraciət etməyib.

    Xatırladaq ki, artıq 27 ilə yaxındır ki, Ermənistan dünyaca məşhurları, həmçinin Rusiyanın tanınmış müğənnilərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət edərək konsert proqramları təşkil edir. Azərbaycan tərəfi bu məsələ ilə razılaşmayaraq, 2009-cu ilin iyulunda Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi “qara siyahı” hazırlamağa başlayıb. Nəticədə Dağlıq Qarabağda konsert verən çoxlu sayda məşhurlar “qara siyahı”ya salınaraq onların ölkəmizə səfərləri və konsert təşkil etmələri qadağan olundu. Buna baxmayaraq, bəzi incəsənət nümayəndələri Dağlıq Qarabağa səfərlərini davam edirlər. Lakin onların bəziləri sonradan Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək həmin siyahıdan adlarının silinməsini xahiş edib və buna nail ola biliblər. Onların arasında Rusiya Federasiyasının vətəndaşı, müğənni, “Чай вдвоём” qrupunun keçmiş üzvü və “A-Dessa” layihəsinin yaradıcısı Stanislav Kostyuşkin, rusiyalı opera müğənnisi Lyudmila Kazarnovskaya, rusiyalı digər müğənni Kayta Lel, tanınmış italiyalı müğənni Al Bano, digər italiyalı ulduz, tanınmış müğənni Roberto Loretti və digərləri var.
    Məlum olduğu kimi Rusiyanın xalq artisti Filip Kirkorovun da bir müddət əvvəl ölkəmizə gəlişinin qadağan olunduğu, adının “qara siyahı” ya salındığı haqda məlumatlar yayılsa da, ötən il müğənni Bakının məşhur “Baku Cyrstal Hall” sarayında konsert verdi. Doğrudur, onun gəlişi ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılansa da, müğənninin məşhur sarayda konserti baş tutmuşdu.

    Beləliklə, adı çəkilən sənətçilər Azərbaycanın işğal olunmuş ərazilərinə, Dağlıq Qarabağa gedərək möhtəşəm konsert keçirir, daha sonra ölkəmizdən üzr istəyərək konsert proqramlarını Bakıda davam etdirirlər. Ekspertlər qeyd edir ki, əslində həmin sənətçilərin əksəriyyətinin, xüsusən də rusiyalı müğənnilərin üzr istəməsi heç də səmimi deyil. Belə ki, Rusiya ilə Ukrayna arasında yaranmış məlum münasibətlərdən sonra rusiyalı sənətçilər böyük konsert proqramı ilə çıxış edəcəyi ölkə tapa bilmir, bu üzdən Azərbaycan üz tutmaq məcburiyyətində qalırlar. Beləliklə, Qarabağa gedib konsert verən sənətçilər, sonrada üzr istəyib rahat şəkildə ölkəmizdə möhtəşəm konsert salonlarında çıxış edə bilir və təbii ki, bu da ölkə ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmır.

    Qeyd edək ki, Ukraynada bu məsələ ilə bağlı daha sərt siyasət yürüdülür. Yəni, bu ölkənin “qara siyahı”sına düşən sənətçi üzr istəməklə yenidən bu ölkədə çıxış edə bilmir. Məsələn, ötən il Ukraynada keçirilən “Eurovision” yarışmasında Rusiyanı təmsil edən Yuliya Samoylova bu yaırşmada iştirak edə bilmədi. Çünki Ukrayna onun ölkəyə girişinə 3 illik qadağa qoymuşdu. Səbəb bir neçə il öncə müğənninin işğal olunmuş Krımda verdiyi konsertlə bağlı idi. Beynəlxalq qurumlar müxtəlif təzyiqlərlə Ukraynanı bu addımdan vaz keçməsinə çalışsa da, ölkə rəhbərliyi inadla qəbul etdiyi qanuna riayət etdi. Ukraynanın “qara siyahı”sına çox saylı sənətçilər, o cümlədən dünyaca məşhur aktyorlar da yer alıb. Onların arasında rusiyalı müğənnilər Valeri Leontyev, Qriqori Leps, Valeriya, Oleq Qazmanov, aktyorlar Mixail Poreçenkov, Mixail Boyarski, dünyaca məşhur fransız aktyoru Jerar Depardye var. Beləliklə, adı çəkilən sənətçilərdən hələ ki, heç kəs üzr istəyərək Ukrayna ərazisinə daxil ola bilməyib.

    “Azərbaycan hökuməti bu məsələdə daha sərt mövqe tutmalı, münasibət bildirməlidir”. Bu sözləri QAT sədri Akif Nağı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Qat sədri qeyd edib ki, sənətçilərin üzr istəməklə bağışlanmaqları doğru deyil:

    “Bildiyim qədər Azərbaycanın “qara siyahı”sında 600 nəfərdən artıq sənətçi var. Həmin sənətçilər heç də uşaq deyil, müəyyən qərar verdikdən sonra Qarabağda konsert keçirməyə razılaşıblar. Dəfərlərlə qeyd etmişəm, Dağlıq Qarabağa gedən sənətçilər erməni qurumları tərəfindən maliyyələşdirilir. Yəni, həmin sənətçilərin Dağlıq Qarabağa səfərində təmənnası var. Əks halda onlar Dağlıq Qarabağa getməz. Beləliklə həmin sənətçilər erməni qurumlarında pul alaraq orada konsert verir, bir müddət keçdikdən sonra Azərbaycandan üzr istəyib konsertlərinə ölkəmizdə davam edirlər. Hesab edirəm ki, bu yolverilməzdir, olmamalıdır. Onlar əvvəlcə Azərbaycana qarşı təbliğatda iştirak ediblər. Bu, ölkəmizin qanunlarına qarşı hörmətsizlikdir və cinayətdir. Digərləri də onlara baxıb nümunə götürür, düşünürlər ki, gedib Qarabağda konsert verib, sonradan Azərbaycandan üzr istəyərək rahat şəkildə ölkəmizə gələ bilərlər. Hesab edirəm ki, “qara siyahı”ya düşən sənətçiləri çox nadir hallarda, kifayət qədər əsaslar gətirildikdən sonra əfv etmək olar”.(Musavat.com)

    Rubrika.az


    Facebook-da paylaş