• Bakı ilə münasibətlərdə müsbət ab-hava var - Avropalı diplomat

    Bakı ilə münasibətlərdə müsbət ab-hava var - Avropalı diplomat

    İlk dəfə dörd il bundan əvvəl müzakirələr zamanı biz keçmişin səhvlərindən nəticə çıxarmağı və Cənub Qaz Dəhlizi kimi mühüm layihənin həm siyasi müstəvidə, həm də biznes müstəvisində daimi diqqət tələb etdiyini qərara aldıq. Biz layihənin gedişatını qiymətləndirmək, problemləri vaxtında aşkar etmək və vaxtında həll etmək üçün müntəzəm olaraq qarşılıqlı əlaqədə olmalıyıq və toplantılar keçirməliyik. Hesab edirəm ki, dörd il davam edən bu sıx əməkdaşlıq açıq-aydın sübuta yetirdi ki, bu, çox düzgün seçim idi. Çünki layihənin gedişatı həqiqətən də çox təsirləndiricidir.

    Rubrika.az Axar.az -a istinaden xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısında çıxışı zamanı deyib.

    O, bildirib ki, bu dörd illik müddət asan olmayıb: "Biz qlobal enerji bazarında yeni dinamizmi müşahidə etdik, biz enerji qiymətlərinin dəyişdiyini gördük, biz İkinci Dünya müharibəsindən bəri hələ də ən böyük iqtisadi böhranın öhdəsindən gəlirik. Biz, həmçinin tarixi Paris müqaviləsinin imzalanmasına gətirib çıxaran iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün yeni yolları nəzərdən keçiririk.

    Beləliklə, biznes və enerji sektorunun ümumi ab-havası və dinamikası tamamilə yeni bir quruluşa malik idi və mən deyərdim ki, görünməmiş çağırışlar var idi və layihənin cədvəl üzrə vaxtında icrası faktı sıx əməkdaşlığı, yaxşı anlaşma və problemlərin vaxtında həllini çox yaxşı sübuta yetirir. Buna görə də, cənab Prezident, bizi bir daha gözəl Bakı şəhərində qəbul etdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin mən energetika naziri Pərviz Şahbazova və onun sələfi, bizimlə uzun illər yaxından çalışmış, layihəyə sadiqliyi ilə bağlı bizim çoxlu müsbət xatirələrimiz olan, yaxın dostumuz kimi daim qəlbimizdə yaşayan Natiq Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin Avropa Komissiyası adından Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlərdə müsbət ab-havanın və yeni dinamizmin olduğunu təqdirəlayiq hesab edirəm. Bizim ötən il çox intensiv əməkdaşlığımız olub. Siz Brüsselə iki dəfə səfər etdiniz, hərtərəfli çərçivə sazişi üzərində intensiv iş bərpa olundu və həmçinin keçən həftə xarici işlər naziri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi səviyyəsində çox uğurlu əməkdaşlıq şurası keçirildi. Beləliklə, hesab edirəm ki, bu yeni əməkdaşlıq formatı bizə məxsusi olaraq, lakin, eyni zamanda, çox mühüm olan bu layihə üzrə təkcə enerji sahəsində əməkdaşlıq etmək yox, həmçinin digər siyasi və iqtisadi əməkdaşlıq formalarını müəyyən etmək üçün bu layihədən necə kənara çıxmaq yollarını göstərəcək. Cənab Prezident, Siz layihənin bütün əsas seqmentləri üzrə - istər “Şahdəniz-2” yatağının işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi, istərsə də Trans-Anadolu kəməri və Trans-Adriatik boru kəməri üzrə bizim layihə boyunca üzləşdiyimiz bütün çağırışlara baxmayaraq, aparılan işlər barədə bizə çox yaxşı təsir bağışlamış işlərin gedişatını olduqca ətraflı təsvir etdiniz. Mən sizinlə 100 faiz razıyam ki, bu gözəl ab-hava və regional əməkdaşlıq olmasaydı buna nail olmaq mümkün olmazdı. Buna görə də mən layihədə iştirak edən bütün ölkələrin nümayəndələrinə, eyni zamanda, bu layihə çərçivəsində yerlərdə işləri təhvil verən şirkətlərin baş icraçı direktorlarına və nümayəndələrinə təşəkkürümü bildirirəm".

    Maroş Şefçoviç qeyd edib ki, bu layihəni ilk dəfə müzakirə etdikdən sonra Cənub Qaz Dəhlizinin əhəmiyyəti artıb: "Biz bu layihənin Avropada daha da çoxsaylı ölkələr üçün necə də cəlbedici olduğunu gördük, istər Mərkəzi, istər Şərqi Avropa olsun, istərsə də Qərbi Balkan ölkələri. Buna görə, bu layihənin ötən ilin noyabr ayında qəbul olunan Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində strateji əhəmiyyət daşıyan layihə kimi göstərilməsi də çox aydın idi. Avropa İttifaqı adından biz bu uzun boru kəmərinin bütün əsas komponentlərinin ümumi maraq dairəsi statusuna malik olan layihə çərçivəsində işlənilməsini və Avropa qurğularının birləşməsindən faydalanmasını təmin etməklə bu layihənin strateji əhəmiyyətini vurğulamaq istəyirik.

    Çox şadam ki, bir neçə gün bundan əvvəl Avropa İnvestisiya Bankının bu layihəyə maliyyə vəsaiti ayıracağı təsdiqləndi. Səhv etmirəmsə, bu, Avropa İnvestisiya Bankının tarixində bir layihəyə ayrılmış ən böyük maliyyə dəstəyidir. Lakin istərdim ki, Avropa İnvestisiya Bankı tərəfindən qəbul olunan bu çox vacib qərar barədə ətraflı məlumatı mənim həmkarım olan, Avropa İnvestisiya Bankının vitse-prezidenti versin. Mən həmişə qeyd edirəm ki, bu layihəyə dəstək verən ən böyük dövlət bankı Avropa İnvestisiya Bankı olmuşdur. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdir və bu, gələcəkdə daha da artacaqdır. Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir, daha dəqiq desək, istifadə etdiyimiz təbii qazın 69 faizini və neftin 89 faizini idxal edirik. Hazırda biz enerji resurslarının əsas hissəsini Rusiya, Norveç və Əlcəzairdən alırıq. Lakin biz əlbəttə ki, şaxələndirmək istəyirik və biz həqiqi şaxələnməyə üstünlük veririk. Yəni, yeni mənbələrə, yeni tərəfdaşlara, yeni marşrutlara və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizata üstünlük veririk. Biz Avropa İttifaqının hər bir üzvünün və ya tərəfdaşının ən azından 3 fərqli təbii qaz mənbəyinə çıxışının olmasını istəyirik. Çünki biz yüksək keyfiyyətli enerji təhlükəsizliyinin bu cür olacağını başa düşürük. Buna görə də biz bir neçə il bundan əvvəl Bolqarıstanın energetika naziri Temenujka Petkova və Baş nazir Boyko Borisovla Mərkəzi və Şərqi Avropa üzv ölkələrinin əməkdaşlığına başladıq və biz orada belə bir qərara gəldik ki, daha da dayanıqlı bazar, daha münasib qaz qiymətləri üçün ən yaxşı variant bir neçə bağlayıcı qurğu vasitəsilə ilə ölkələrimizi birləşdirməkdir. Bu, bağlayıcılarda ikiistiqamətli axın olacaq, bizim sistemlərə daha çox universallıq və Avropa İttifaqı daxilində təbii qazın necə çatdırılmasında daha da yaxşı imkan və seçimlər verəcək. Çünki Mərkəzi və Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə təbii qaza görə hələ də bir az baha qiymət ödəyirlər. Bu məsələyə düzəliş edilməlidir və biz daha yaxşı infrastruktur inkişafı vasitəsilə bu problemi əlbəttə ki, aradan qaldırmaq istəyirik. Buna görə də gələcəkdə biz Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvənirik. Biz, həmçinin Avropa İttifaqına yekun mayeləşdirilmiş təbii qaz təchizatını qəbul etməkdən ötrü imkanlarımızı yaxşılaşdırmaq üçün gərgin çalışırıq. Biz qlobal bazarlara çıxışa təminat verəcək mayeləşdirilmş təbii qaz infrastrukturumuzu tamamlayırıq. Biz, həmçinin Şərqi Aralıq dənizi regionunda bəzi müsbət irəliləyişləri də müşahidə edirik. Buna görə də Cənub Qaz Dəhlizi çox mühüm rol oynayacaq. Çünki bu, yeni ərazidən, strateji əhəmiyyət daşıyan enerji regionundan qazı nəql edəcək ilk yeni boru kəməridir. Məhz buna görə, biz bu ili çox səbirsizliklə gözləyirik. Hesab edirəm ki, bu il layihənin tamamlanması üçün çox həlledici olacaqdır. Çünki bu ilin sonuna kimi biz ilk qazın Azərbaycandan Türkiyəyə nəql olunacağını gözləyirik. Ümid edirik ki, bu, bizim yekun məqsədimizə zəmin yaradacaq. Məqsəd isə Xəzər hövzəsindən gələn qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasıdır. Sonra isə Azərbaycan qazına ehtiyacı olan bütün ölkələrə qazı çatdırmaq üçün Avropa İttifaqı daxilində və Avropadakı tərəfdaşlarımızla çalışmaqdır. Buna görə də biz yunan-bolqar bağlayıcı qurğusu üzərində Temenujka və yunan tərəfdaşlarımız ilə çox sıx çalışırıq. Buna görə də mən burada qazın daha da Şimala nəql edilməsi imkanlarını müəyyən etmək üçün Bolqarıstanla çox sıx əməkdaşlıq edən Ruminiyadan olan dostlarımızı, həmçinin qazın yeni şaxələndirilmiş təchizatı sayəsində yeni imkanlar açılan Qərbi Balkan ölkələrindən olan dostlarımızı görməyimə çox şadam.

    Beləliklə, cənab Prezident, cənab nazir, belə bir intensiv və faydalı əməkdaşlıqda iştirak etmək üçün məni dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, bugünkü toplantı bu tarixi layihədə yerdə qalan çətinlikləri aradan qaldırmağa imkan yaradacaq ki, biz də bu ilin sonuna kimi bu layihədə həqiqi sıçrayış və layihənin tamamlanmasının sübutu olan təbii qazın birinci olaraq Türkiyəyə, sonra da Avropaya çatdırılmasını görə bilək".


    Rubrika.az


    Facebook-da paylaş