• Bakıda mühüm energetika toplantısı

    Bakıda mühüm energetika toplantısı

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başladı; prezident İlham Əliyev: “2017-ci il layihənin icrasında mühüm il olub”

    Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. “APA-Economics”in məlumatına görə, tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak ediblər.

    Tədbirdə çıxış edən prezident İlham Əliyev vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur. İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir. O vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır.

    “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir.

    Prezident diqqətə çatdırıb ki, artıq işlər həlledici mərhələyə daxil olub və 2017-ci il layihənin icrasında mühüm il olub.

    Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse- prezidenti Maroş Şefçoviç çıxışında bildirib ki, Cənub Qaz Dəhlizinin Avropa üçün strateji əhəmiyyəti var: “Avropa tərəfindən Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini vurğulamaq istərdim. Bu yaxınlarda Avropa İnvestisiya Bankı (AİB) tərəfindən bu layihənin maliyyələşdirilməsinə ayrılan vəsait həmin bankın tarixində tək bir layihəyə ayrılan ən yüksək məbləğ olub”.

    Xatırladaq ki, cari ilin fevralın 6-da AİB Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro həcmində kreditin ayrılmasını təsdiq edib.

    İclasda İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto da maraqlı fikirlər səsləndirib. O bildirib ki, TAP layihəsi Avropaya qaz tədarükü və enerji mənbələrinin diversifikasiyası baxımından mühüm əhəmiyyət kəsb edir və İtaliya hökuməti BMT-nin İqlim Dəyişməsi Konvensiyasında nəzərdə tutulan ekoloji məqsədlərə cavab verən bu layihəni tam dəstəkləyir: “”İtaliya Azərbaycan və digər iştirakçı ölkələr tərəfindən yaradılan yüksək əməkdaşlıq çərçivəsində layihənin tam uğurla həyata keçirilməsində qərarlıdır".

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

    Bəs görəsən, Cənub Qaz Dəhlizi layihəsindən gələcəkdə Azərbaycan nə qədər gəlir götürəcək? Bu layihə kommersiya baxımından özünü doğruldacaqmı?

    “Yeni Müsavat”ın suallarını cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirdi ki, gəlirləri “Azəri-Çıraq-Günəşli” layihəsi ilə müqayisə ediləcək qədər olmasa da, Cənub Qaz Dəhlizi layihəsi özünü doğruldacaq: “Qaz heç vaxt neft qədər gəlir gətirmir, bu bilinən bir gerçəklikdir. 1994-cü ildən 2018-ci ilə qədər bütün ”Azəri-Çıraq-Günəşli" layihəsinə 40 milyard dollardan az kapital investisiya edilib. Ancaq oradan Azərbaycanın gəliri təqribən 130 milyard dollardır. Amma “Şahdəniz 2" layihəsi başlamadan belə ora 40 milyard dollar yatırım qoyulmalıdır. Ona görə maliyyətcə daha bahalı layihədir. Qaz isə neft qədər gəlir gətirmədiyi üçün, bu layihənin kar marjı ümumi olaraq az olacaq, xərci isə daha çox olacaq. O səbəbdən ”Şahdəniz 2" layihəsinin gətirəcəyi gəlir “Azəri-Çıraq-Günəşli” layihəsi ilə müqayisə edilə bilməz. Ancaq bu 40 milyard dolların heç də hamısı Azərbaycan tərəfindən qoyulmur. Bildiyiniz kimi, 4 fərqli konsorsium var və bu konsorsiumlarda 10-a qədər şirkət onun ətrafında fəaliyyət göstərir. O baxımdan xərclər bu şirkətlər arasında bölüşdürüləcək".

    İqtisadçı vurğuladı ki, Azərbaycanın burada qoyduğu vəsaiti çıxara bilməməsi kimi bir ehtimal yoxdur: “Əlbəttə, söhbət təkcə qoyulan vəsaitin çıxarılmasından getmir, gəlir də olacaq, milyardlarla dollar əldə ediləcək. Ancaq yenə də bu neftdən daha yavaş bir proses olacaq və ümumi olaraq daha az olacaq. Azərbaycan şirkətləri də burada podratçılar olaraq qazanc əldə edəcəklər. Azərbaycan buradan qazandığı təcrübələri gələcəkdə başqa dünyamiqyaslı proyektlərdə istifadə edəcək. Ölkəmiz bu layihə çərçivəsində qazandığı dostluqları, istər Gürcüstanla, istər Türkiyə ilə, istərsə də Avropa Birliyinin enerji təhlükəsizliyində yol almaqla olsun, Avropada qazandığı müttəfiqlikləri özünün başqa milli maraqları mövzusunda divident olaraq istifadə edəcək. Bu baxımdan ”Şahdəniz 2" layihəsi Azərbaycan üçün kifayət qədər uğurlu layihə hesab oluna bilər".

    Elnur Soltanovun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün də əhəmiyyəti çox böyükdür: “Avropanın istehlak etdiyi təbii qazın önəmli hissəsi iki ölkənin monopoliyasındadır. Əlbəttə, Cənub Qaz Dəhlizi Azərbaycan üçün siyasi bir layihə deyil, tamamən iqtisadi layihədir. Bizim heç bir şəkildə siyasətlə işimiz yoxdur. Ancaq bu layihə Avropanın enerji təhlükəsizliyi arxitekturasında bir inciyə çevriləcək. Avropa üçün strateji əhəmiyyəti heç bir halda kiçildilə biləcək bir layihə deyil”.

    Rubrika.Az


    Facebook-da paylaş