• Seçki prosesi aktiv mərhələyə keçdi – namizədlər üçün imza yığır

    Seçki prosesi aktiv mərhələyə keçdi – namizədlər üçün imza yığır

    YAP-dan “Qanun yol verdiyi halda 1 milyon imza toplaya bilərik” açıqlaması; digər təşkilatlar kampaniyanı necə quracaq?
    11 aprel prezident seçkisində iştirak etmək üçün 13 nəfər namizədliyini irəli sürüb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, 13 nəfər bununla bağlı müvafiq sənədləri komissiyaya təqdim ediblər. Həmin şəxslərdən 5-nin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiqlənib.


    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev, Milli Məclisin deputat Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı (AĞ Partiyanın sədri) və Anar Umudovdur.

    Fevralın 15-də bu şəxslərdən üç nəfəri üçün (İlham Əliyev, Fuad Əliyev, Tural Abbaslı) imza vərəqələri səlahiyyətli nümayəndələrinə verilib.

    Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, prezidentliyə irəli sürülən namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. Qanuna görə, 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

    YAP icra katibinin müavini, partiyanın prezident seçkilərində səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov bildirib ki, fevralın 16-dan imza toplama işinə start verilib. YAP ənənəsinə uyğun olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən imza toplamağı planlaşdırır: “Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsinə namizədin müdafiəsi üçün 900 ədəd (45 min seçici imzasını nəzərdə tutan) imza vərəqləri təqdim olundu. İmza toplayanların hüquq və vəzifələri Seçki Məcəlləsində öz əksini tapıb. İmza toplayan şəxslərin yaşının 18-dən aşağı olmaması, seçki hüququna malik olması, hərbi, dövlət qulluqçusu olmaması, hüquq mühafizə və bələdiyyə orqanlarında təmsil olunmaması kimi tələblər Seçki Məcəlləsində əks olunub. MSK tərəfindən hər bir namizəd üçün 5 min əlavə imzanı nəzərdə tutan imza vərəqləri verilir ki, toplanan 40 min seçici imzasında hər hansı pozuntular qeydə alınarsa, həmin imzaların əvəz olunması imkanı mövcud olsun. Bu, bir daha Seçki Məcəlləsinin demokratikliyini və hər bir namizədə bərabər şərait yaradıldığını göstərir. Təbii ki, YAP geniş imkanlara və yüksək nüfuza malikdir, o cümlədən əhalinin mütləq əksəriyyəti partiyamızın namizədini dəstəkləyir. Buna görə partiyamız tərəfindən 1 milyondan artıq imza toplana bilər, lakin MSK tərəfindən hər bir namizəd üçün bərabər sayda imza vərəqi nəzərdə tutulub”.

    S.Novruzov bildirib ki, YAP tərəfindən imzatoplama ilə bağlı xeyli hazırlıq işləri görülüb, imza toplayacaq şəxslər müəyyən olunub, onlar üçün treninqlər keçirilib, Seçki Məcəlləsində imza toplayan şəxslərin hüquq və vəzifələrinə dair əks olunmuş maddələri çıxarış çap şəklində imzatoplayanlara təqdim edilib: “Yəni imzatoplayanlara müvafiq təlimatlar verilib və Seçki Məcəlləsinin tələblərinə riayət etmələri ciddi şəkildə tapşırılıb.

    Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasına başlayıb.1 nəfər imzatoplayanın 50 seçici imzası toplamasını nəzərdə tutmuşuq. Kampaniyaya 1000 nəfər imzatoplayan şəxs cəlb olunub, onlardan 900 nəfəri aktiv şəkildə imza toplayacaq, 100 nəfər isə köməklik göstərəcək. YAP öz ənənəsinə uyğun olaraq mövcud 125 dairənin hər birinin ərazisindən 100-dən az olmamaq şərtilə tələb edilən sayda imza toplamağı planlaşdırıb. YAP-ın 84 rayon və şəhər seçki qərargahları fəaliyyət göstərir. Hər bir qərargah üzvünün sayı 11 nəfərdən 19 nəfərə qədərdir ki, buraya rayon və şəhər təşkilatlarının sədrləri, fəallar və həmin ərazindən seçilmiş və partiyamızın üzvü olan millət vəkilləri daxildir. Onlar bu kampaniyada aktiv şəkildə iştirak edirlər”.

    Fevralın 15-də Azərbaycan Liberal Demokrat Partiyası da prezidentliyə namizədləri Fuad Əliyev üçün MSK-dan imza vərəqlərini götürüb. Bu barədə “Yeni Müsavat”a ALDP-nin mətbuat xidmətindən verilən xəbərdə bildirir ki, fevralın 16-dan imza vərəqləri partiyanın Regional Seçki Qərargahlarına (RSQ) göndərilməyə başlanıb. İmza toplama kampaniyasına 100-ə yaxın partiya üzvü cəlb olunub.

    AĞ Partiyanın sədri Tural Abbaslının namizədliyinin qeydə alınması üçün imza toplanmasına da başlanıb. Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli “Yeni Müsavat”a bildirib ki, imza vərəqələrini fevralın 15-də götürüblər və dünəndən imza toplanması üçün dairələr üzrə göndərməyə başlayıblar: “İmza toplanması işini qruplara bölmüşük-Bakı, Sumqayıt və regionlar. Qruplar arasında imza vərəqələri bölünəcək. İmza toplama prosesini martın 12-nə qədər bitirməliyik”.

    Prezident seçkisinin beynəlxalq müşahidəçiliyi istiqamətində də işlər aparılır. Belə ki, MSK beynəlxalq müşahidəçilərə prezident seçkilərini izləmək üçün dəvət göndərib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, seçki ölkənin həyatında vacib hadisədir. Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 1 həftə əvvəl Brüsseldə 5-ci iclası oldu. Azərbaycanı nazir Elmar Məmmədyarov təmsil etdi. Seçkilər müzakirə mövzularından biri idi. Xanım Mogerini bildirdi ki, biz ilk növbədə seçkilərin açıq və demokratik keçiriləcəyinə ümid edirik: “Azərbaycan dəvət göndərib. Avropa İttifaqı hər zaman ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təcrübəsinə əsaslanır. Bilirəm ki, onlara da dəvət göndərilib. Hazırda bu məsələyə baxılır”.

    Qeyd edək ki, MSK Türkdilli Dövlətlərin Parlament Assambleyasına, GUAM-a, Avropa Şurasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna, müxtəlif ölkələrə 11 apreldə keçiriləcək prezident seçkisinə müşahidəçilər göndərilməsi üçün məktub göndərildiyini bəyan edib.

    Rubrika.Az


    Facebook-da paylaş