• Ermənistan ABŞ-ın sanksiya qərarları ilə üz-üzə - səbəb

    Ermənistan ABŞ-ın sanksiya qərarları ilə üz-üzə - səbəb

    Müşahidələr və məlumatlar göstərir ki, Ağ Ev Rusiyanın forpostuna dərs verməkdə qərarlıdır; Ermənistana 2019-cu il üçün ayrılan vəsait azaldıldı, işğalçı üçün digər “qara xəbərlər” də var; politoloq: “Əgər Rusiya ilə Amerika açıq savaşa girsə, onda Ermənistanın işğalçı ölkə olaraq tanınması mümkündür”

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, İranda son bir həftədə baş verən hadisələr, mitinqlər bu ölkəni dünyanın diqqət mərkəzinə gətirib. İran hakimiyyəti ölkəni ABŞ və İsrailin qarışdırmağa çalışdığını bəyan edir. ABŞ-dan isə İranla bağlı qorxulu bəyanatlar gəlməkdədir.

    Son günlər ABŞ-dan Ermənistanı vahiməyə salan xəbərdarlıqlar gəlməkdədir. Onsuz da Vaşinqtonun Rusiya ilə bağlı iqtisadi sanksiyalarının növbəti dalğasının işə salınması Kremlin forpostu olan işğalçı ölkəni ciddi şəkildə təşviş etmişdi. Lakin bununla bitmədi...

    Belə ki, ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Ermənistana maliyyə yardımını azaltmağı təklif edib. ABŞ-ın büdcə layihəsinə əsasən, ABŞ Ermənistana 2019-cu ildə 3,24 milyon dollar yardım ayıracaq. Bu isə 2018-ci illə müqayisədə ayrılan vəsaitdən 600 min dollar azdır. ABŞ həmçinin Ermənistana hərbi yardımı tam dayandıracaq. Belə ki, keçən il İrəvana 1 milyon dollar ayrılsa da, bu il həmin məbləğ verilməyəcək. Əslində ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Qarabağ məsələsinin tənzimlənməsi missiyasını üzərinə götürmüş ABŞ-ın işğalçı Ermənistana nəinki hərbi yardım göstərməsi, hətta ona qarşı sanksiya tətbiq etməməsi suallar doğururdu və illərdir ki, Azərbaycan ictimaiyyətinin bu narazılığından bəhs edən yazılar yazırıq. Lakin nəhayət, Ağ Ev Azərbaycanı incik salan səhvlərinə düzəliş etməyə qərar veribsə, bunun özü təqdir olunmalıdır.

    Politoloq Qabil Hüseynli hesab edir ki, son zamanlar Amerikanın Ermənistana münasibəti kəskin surətdə dəyişir. Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə yaxın əlaqələri Amerikanı bezdirib. “ABŞ bundan əvvəl həm Dağlıq Qarabağa, həm də Ermənistana yardım ayırırdı. Ancaq Azərbaycanın etirazından sonra Dağlıq Qarabağa yardımı dayandırdılar. Ermənistana ayrılan maliyyə yardımları isə hər il bir az azaldılır. Gələn il üçün də bu illə müqayisədə daha az yardım nəzərdə tutulub, hərbi yadım isə ümumiyyətlə dayandırılacaq. Bu proses üç il bundan əvvəl başlayıb və indi də davam edir. Ümumiyyətlə, gələcəkdə Ermənistana maliyyə yardımının dayandırılması ehtimalı böyükdür”. Ekspertin axar.az-a dediyinə görə, ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı siyasətində ən təhlükəli ölkə olaraq Ermənistanı görür və İrəvanın Moskva ilə əlaqələrinin bu şəkildə olması Vaşinqtonu qane etmir. “Çünki Ermənistan həm forpost, həm də Rusiyanın adi bir quberniyası kimi Kremllə həddindən artıq yaxınlıq nümayiş etdirir. Amerikanın Ermənistandakı səfiri də bəyan edib ki, Rusiya ilə ticarət əlaqələrini davam etdirən bütün şirkətlərə sanksiyalar tətbiq ediləcək. Bu açıqlamanın xüsusi mənası ondan ibarətdir ki, ABŞ diplomatik formada Ermənistana xəbərdarlıq edir. Çünki son 10 ildə Rusiya Ermənistana 5 milyard məbləğində pulsuz silah verib. Bunu Amerika kəşfiyyatı yaxşı bilir. Bu nöqteyi-nəzərdən ABŞ, bir növ, Ermənistana üstüörtülü şəkildə Rusiya ilə əlaqələri minimuma endirməyi, əks təqdirdə İrəvanın sanksiyalarla üzləşəcəyinə eyham vurur”.

    Politoloq qeyd edib ki, Amerikadakı erməni lobbisi də bu məsələdə Ermənistanı ciddi surətdə qınayır: “Ermənistan ABŞ-ın siyahısında cəzalandırılmağa namizəd olan ölkələrdən biridir. Bununla yanaşı, iki ölkə arasındakı münasibətlər də qaydasında deyil və getdikcə pisləşməyə davam edir. Ermənistanın Maliyyə naziri Vardan Aramyan da bildirib ki, ölkəsinə qarşı sanksiyalar riski mövcuddur. Ancaq İrəvanın başqa yolu yoxdur, Rusiya ilə əlaqələri kəsə bilməz. Onda Ermənistan dağılar, ermənilər isə acından qırılarlar. Rusiyanın strateji müttəfiqi ABŞ-ın bu xəbərdarlığı qarşısında acizdir və manevretmə imkanı yoxdur. Ona görə də işğalçıya qarşı sanksiyaların tətbiq edilməsi imkanı kifayət qədər realdır”.

    Bir müddət əvvəl ABŞ Ermənistan hökumətini Rusiyanın hərbi sənaye müəssisələri ilə əhəmiyyətli razılaşmalar imzaladığı halda sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdar edib. Erməni mediası “sanksiyaların hədəfində Ermənistanın da ola bilərmi və mövzu ilə əlaqədar hakimiyyət orqanları ilə hər hansı danışıqlar aparılırmı?” sualı ilə ABŞ-ın Ermənistandakı səfirliyinə müraciət edib və aşağıdakı cavabı alıb: “Digər dövlətlərin hökumət və özəl şirkətlərinə də Rusiyanın hərbi sənaye müəssisələri ilə əhəmiyyətli razılaşmalar imzaladıqları halda sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq edilib. Biz sanksiyaları öncədən müzakirə etmirik. Belələri olduğu halda, biz bu sanksiyaları elan edirik”.

    ABŞ-ın məhz Ermənistandakı səfirliyinin dili ilə xəbərdarlıq yayması dərhal belə qənaət formalaşdırıb ki, məsələ ötən ilin dekabrında Ermənistan Rusiyadan silah almaq üçün ikinci güzəştli kredit müqaviləsi (100 milyon dollar) imzalanmasından gedir. Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənilir ki, Ermənistan güzəştli kredit hesabına “Msta-S” özüyeriyən qaubitsaları, “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərini, radioelektron mübarizə vasitələrini əldə edə bilər. Gözlənilən proqnozlar getdikcə özünü doğruldur, hələ bundan əvvəl Ermənistan mətbuatı yazırdı ki, ABŞ Yerevana qarşı da addımlar atacaq. ABŞ səfirliyinin xəbərdarlığı şübhəsiz ki, qlobal kontekstə malikdir və bu addım Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən nəticələrə gətirib çıxara bilər. Belə bir ehtimal da var ki, ABŞ Cənubi Qafqazda da aktivliyini artırmaq istəyir və Qarabağ münaqişəsinin həllini Rusiyanın monopoloiyasından çıxarmaq istəyir. (Modern.az) Ermənistan mətbuatı yazıb ki, sanksiya məsələsi Ermənistana ziyan vuracaq, Azərbaycan isə bu təhlükədən sığortalanıb. Yəni, Azərbaycanın bu sanksiya altına düşmək riski yoxdur. Ermənistan bu zamana qədər Rusiya və ABŞ arasında oyun oynamaq istəyirdi, lakin görünür Ağ Ev artıq İrəvanın bu siyasətini redaktə etmək istəyir.

    ABŞ-ın Ermənistana sanksiya tətbiq edə biləcəyinə dair xəbərlərə rəsmi İrəvan da münasibət bildirib. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində Ermənistana qarşı ABŞ sanksiyalarının tətbiqi təhlükəsi bir qədər şişirdilib. Lakin Koçaryan vurğulayıb ki, Ermənistan XİN buna baxmayaraq, bu məsələni nəzərə alacaq. “Gəlin, qabağa qaçmayaq. Biz vəziyyəti izləyirik və bizim təhlükəsizliyimizin təmin olunmasında əhəmiyyətli hissəni təşkil edən Rusiya ilə münasibətlərin saxlanılmasında maraqlıyıq”-nazir müavini deyib.

    Qeyd edək ki, ötən ilin yayında politoloq Pol Qobl Ermənistanı xəbərdar etmişdi. “ABŞ zaman keçdikcə İrəvana tez-tez Rusiya-Ermənistan münasibətləri və Rusiya təcavüzü prizmasından baxmağa başlayacaq. Əgər Ermənistan Rusiyanı müdafiə etsə, onda çətin ki, ABŞ-la münasibətləri inkişaf etsin” - Qobl bildirmişdi. Görünür, İrəvanın Kremldən qopmaq niyyətində olmadığını nəzərə alan Vaşinqton Ermənistanı ağıllandırmağa qərar verib.

    Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Amerika Ermənistanin Rusiya ilə silah-sursat sənayesində işbirliyi ilə bağlı məsələni qaldırır: “Sanksiyalar qərarına görə həm Rusiyada, həm başqa ölkələrdə olan şirkətlər, dövlət qurumları və fərdlər hamısı sanksiya altına salınmalıdır. Ona görə də Ermənistan gündəmə gəlib. Çünki Ermənistanın Rusiya ilə hərbi sahədə əməkdaşlığı çox genişdir”. ABŞ-ın Ermənistana yönəlik təzyiqlərinin, xəbərdarlıqlarının nəticəsi nə ola bilər? İrəvan ABŞ-ın sanksiyalarına məruz qala, ABŞ-ın gələn il üçün Ermənistana yardımı azaltmasının davamı gələ bilərmi?

    H.Hacızadə İrəvanın sanksiyaya məruz qalmasını mümkün sayır: “Ermənistan sanksiyaya məruz qala bilər. Həmçinin Rusiyaya qarşı sanksiyalar genişlənə, sərtləşə bilər. Onda Rusiyanın Ermənistan kimi əməkdaşlıq etdiyi ölkələr də sanksiyalarla üz-üzə qala bilər”.

    Politoloqun fikrincə, hər halda, bu vəziyyət bizim xeyrimizədir: “Ermənistanın nüfuzu, imici zədələnir, bu, müsbət haldır”. Bəs, proses ABŞ-ın Ermənistanı işğalçı ölkə kimi tanımasına qədər davam edə bilərmi? H.Hacızadə: “Ən sonda bu, mümkündür. Əgər Rusiya ilə Amerika açıq savaşa girsə, onda Ermənistanın işğalçı ölkə olaraq tanınması mümkündür”.

    Rubrika.Az


    Facebook-da paylaş