• Nazirlikdə TƏLAŞ SƏNGİMƏYİB - Yeni həbslər ola bilər

    Nazirlikdə TƏLAŞ SƏNGİMƏYİB - Yeni həbslər ola bilər

    Vergilər naziri Mikayıl Cabbarov vergi sistemində rüşvət və korrupsiya hallarına qarşı sərt tədbirlərə başlayıb. Fevralın 16-da 2 nəfər sabiq vergi orqanı əməkdaşı rüşvətə görə həbs olunub. Xəbərə görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin sabiq əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar. Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması departamenti tərəfindən ifşa olunublar. Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

    Bundan başqa, yeni nazir fevralın 13-də keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” konfransında bu sistemdə rüşvət və korrupsiyanın kökünü kəsəcəyinə söz verdi. Qeyd etdi ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.

    “Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”.

    Bəs görəsən, vergi sistemində aşkarlanan korrupsiya hallarına görə vergi müfəttişlərini həbs gözləyirmi?

    Bundan başqa, köhnə vergi mafiyasının hələ nazirlikdə işinə davam edən üzvləri yeni nazirin bu sərt qərarlarını sabotaj edə bilərmi? Onların aşkarlanıb sistemdən təmizlənməsi necə həyata keçiriləcək?

    Rubrika.Az bildirir ki, “Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov da bildirdi ki, Vergilər Nazirliyində həbslər gözlənilir: “Əgər həbslər olmasa, bu çox təəccüblü olar. Vergilər naziri bildirdi ki, bu sistemdə korrupsiya olub, bir neçə işçini də ona görə işdən çıxarıblar. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməyəcəksə, belə çıxır ki, korrupsiya ilə məşğul olub, sadəcə dövlət işindən qovulmaqla kimsə canını qurtara bilər. Bu isə nəinki vergidə, digər dövlət orqanlarında işləyənlərində belə hallardan qorxmamasına gətirib çıxaracaq. Düşünəcəklər ki, ən pis halda onları işdən çıxara bilərlər. Doğrudur, mən də gözləmirəm ki, korrupsiya ilə məşğul olan bütün şəxslər həbs olunacaq. Unutmayaq ki, bura Azərbaycandır, bəzilərinin arxasında güclü, vəzifəli şəxslər durur, qohumluq-dostluq münasibətləri var”.

    Ekspertin sözlərinə görə, yeni nazirin islahatlar istiqamətindəki fəaliyyətinə daxildən və xaricdən mane olmağa çalışanlar olacaq: “Vergilər Nazirliyi strateji əhəmiyyətli dövlət qurumu olduğu üçün hətta vergilər nazirinin müavinləri, müşavirləri arasında xeyli şəxs var ki, onlar heç keçmiş vergilər naziri Fazil Məmmədovun adamları deyildilər. Azərbaycanda idarəetmədə ciddi təsiri olan müxtəlif adamlara yaxın idilər. Buna görə də, hazırda onlar müxtəlif vasitələrlə yeni nazirin aparacağı siyasətə mane olmağa çalışacaqlar. Bu ancaq Vergilər Nazirliyinin içindən yox, kənardan da baş verəcək. Ona görə də, islahatları həyata keçirmək o qədər də asan olmayacaq. Lakin mən hesab edirəm ki, Mikayıl Cabbarov çox tədbirli və ehtiyatlı dövlət məmurudur. O əgər belə bir bəyanatı açıq səsləndirirsə, deməli, artıq bu aylar ərzində o müvafiq hazırlıq işlərini görüb və ən yüksək səviyyədə də dəstək alıb. Mən hesab edirəm ki, Azərbaycanda prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi də təsadüfi deyil. Mən bu qərarı ilk növbədə dövlət idarəetməsində və korrupsiyaya qarşı mübarizə sahəsində dövlət başçısının sərt siyasətə başlayacağı ilə bağlayıram ki, artıq bunu gözləməyə vaxt yoxdur. Seçkilər məhz buna görə aprel ayının 11-ə salınıb və Mikayıl Cabbarovun çıxışı da ilk mesajlardan biri idi. Vergilər naziri bu addıma gedir və əminliyi var ki, bu islahatlar yalnız vergi sahəsində yox, bütün digər sahələrdə də olacaq. Mən əminəm ki, 11 apreldən sonra Azərbaycanın dövlət aparatında çox ciddi dəyişikliklər baş verəcək”.

    Əkrəm Həsənov onu da vurğuladı ki, sahibkarlar da qanunsuz olaraq onların pulunu mənimsəmiş vergi müfəttişlərini ilə bağlı məhkəmələrə müraciətlər edə bilərlər, lakin bu zaman sözügedən əməlləri sübut etmək çətin olacaq: “Belə faktları sübut etmək çətindir. Siz əgər pulu vermisinizsə, onu necə sübut edə bilərsiniz? Əgər Vergilər Nazirliyi özü sahibkara kömək etməsə, bu çox çətin görünür. Vergilər Nazirliyində kifayət qədər sənədlər var, video və audio çəkilişlər var ki, onlar sahibkarda yoxdur. Necə ki, keçmiş MTN-lə bağlı sahibkarların şikayətini sübut etməyə fakt yox idi. Sahibkarların bunu sübut etmək üçün dövlət orqanlarının köməyinə ehtiyacları var. Onu da unutmayaq ki, sahibkarların bir qismi vergidən yayınmaq üçün özləri də bu əməlləri könüllü ediblər. Belə hallar da var”.

    İqtisadçı yeni vergilər nazirinin çıxışını dəyərləndirərkən bildirdi ki, M.Cabbarovun müfəttişlərə “vergi ödəyicilərini qurban kimi deyil, portnyor kimi görün” deməsi pozitiv bir addımdır: “Mən bunu yüksək dəyərləndirirəm, həqiqətən belə də olmalıdır. Vergilər Nazirliyi sahibkarların düşməni deyil ki... Onların işi elə vergitutma yolu ilə dövlətin iqtisadiyyatını, o cümlədən sahibkarlığı inkişaf etdirməkdir. Əlbəttə, vergi işçisi ilə sahibkar dost da ola bilməz, portnyor sözü düzgün tapılmış ifadədir. Dövlət əslində sahibkarların şərikidir və bu şərik sözünün tərcüməsi də portnyordur. Vergi dövlətə verilən bir haqdır ki, dövlət də bunun hesabına sahibkarlığın inkişafını təmin etsin. Dövlət sahibkarın portnyorudur və bu sahədə dövlətin adından çıxış edən orqan da Vergilər Nazirliyidir. Şəriklər isə o zaman düşmən olur ki, biri digərini aldatmağa çalışır. Və ya Vergilər Nazirliyinin işçisi vergidən əlavə də pul istəyir. Əgər hər iki tərəf oyun qaydalarına riayət edirsə, onlar portnyordurlar”.

    Rubrika.Az


    Facebook-da paylaş