• İLHAM ƏLİYEVİN FƏALİYYƏTİ ONUN ƏN GÜCLÜ SEÇKİ PLATFORMASIDIR

    İLHAM ƏLİYEVİN FƏALİYYƏTİ ONUN ƏN GÜCLÜ SEÇKİ PLATFORMASIDIR

    Əslində müxalifət seçkiləri deyil, özünü, puç olan hakimiyyət xülyalarını, vəzifə ehtiraslarını baykot edir

    Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 11 aprel tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Azərbaycanda prezident seçkilərinin elan edilməsinin ciddi səbəbləri vardır. Onlar birbaşa müstəqil dövlətçiliyin inkişafı və milli maraqların təmini zərurəti ilə bağlıdır.
    Təbii ki, seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib.
    Bu il həmçinin bir çox vacib məqamlarla yadda qalacaq. Prezident tərəfindən Cümhuriyyət ilinin elan edilməsi bu prosesin başlanğıcı idi. Bu Azərbaycan tarixində qızıl hərflərlə yazılan dönəmdir. Seçkilərin 11 aprel tarixinə təyin edilməsi isə bu prosesləri daha da sürətləndirmək məqsədi daşıyır.
    Azərbaycanda prezident üsul-idarəsinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, idarəetmənin təkmilləşdirilməsi və suverenliyin təmini baxımından əhəmiyyətli hadisədir. Bunun işığında prezidentlik müddətinin 7 il olması da vacib məqamlardandır.
    2018-ci ildə prezident seçkilərində təbii ki, namizədlər çox olacaq. Amma haqlı olaraq Prezident İlham Əliyev Azərbaycan xalqının prezidentliyə yeganə namizədi olacaq. Bunun üçün cənab prezidentin fəaliyyəti onun ən güclü seçki platformasıdır.
    Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçildi. Həmin vaxtdan 14 il keçir. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
    Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
    İlham Əliyev ilk dəfə prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə xəyal kimi görünürdü. İllər keçdi xəyal hesab edilənlər reallığa çevrildi. Ötən 14 ildə Azərbaycanda 1 milyon 800 mindən çox yeni iş yeri yaradıldı. Bu və digər addımların nəticəsi olaraq yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artdı. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyuldu.
    Prezidentin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradıldı, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.
    Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir: Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanıldı. Üç il əvvəl Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi - XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. Bu il “Əsrin müqaviləsi” daha 50 il müddətinə uzadıldı.Azərbaycanın təşəbbüsü ilə daha bir qlobal layihə reallaşdı - Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi.
    İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı.
    Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı.
    Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycanın dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə güclənir, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələrlə Avrasiyanın nəqliyyat qovşağına, logistik mərkəzinə çevrilir.
    Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.
    İlham Əliyevin fəaliyyəti bütün dünyaya sübut etdi ki, Azərbaycan hakimiyyəti populizmdən, siyasi kapital qazanmaq üçün süni görüntü yaratmaq niyyətindən uzaqdır.
    Bütün bunlara baxmayaraq Azərbaycanın hər bir uğurunu öz faciəsi kimi qəbul edən bəzi siyasi qruplar və onların xarici havadarları ölkənin inkişafı ilə bağlı cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün ciddi səylər göstərirlər. Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İlham Əliyevin uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar. Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.
    11 apreldə heç bir uğur qazanmayacağından əmin olan müxalif qüvvələr indidən “baykot oyununa” başlayıblar. Əslində onlar seçkiləri deyil, özlərini, puç olan hakimiyyət xülyalarını, vəzifə ehtiraslarını baykot edirlər. Onlar bilirlər ki, xalq onların meydan populizminə artıq inanmır, onun güclü lideri və güclü dövləti vardır.
    2 il əvvəl aprel ayında Ali Baş Komandan İlham Əliyev düşmənə unutmayacağı bir məğlubiyyət acısını yaşatdı. Qalibiyyət hərisi olan bir xalqın zəfər tarixinə daha bir şanlı səhifə- Lələtəpə zirvəsi yazıldı. Ilham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan öz sözünü deməyə qadir olan güclü bir dövlətdir. O zaman bütün Azərbaycan xalqı tək yumruq kimi öz Prezidentinin ətrafında birləşərək qalibiyyətə imza atdı.
    Bu xalq 2018-ci ilin aprel ayını da öz tarixinin zəfər səhifəsi kimi yazacaq. Bu qalibiyyət Azərbaycan xalqının haqqıdır. Qalibiyyətə gedən yolun açıq olsun, cənab Ali Baş Komandan!

    NİCAT MAHMUDOV
    Rubrika.Az


    Facebook-da paylaş