• İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı

    İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı

    Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Rubrika.az Axar.az-a istinaden sərəncamın mətnini təqdim edir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

    1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilsinlər:

    Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

    Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri

    Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

    Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

    Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

    Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    ***

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli 586 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 639) ləğv edilib.

    Fərman imzalandığı gündən qüvvəyə minib.

    ***

    18:36

    Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

    1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

    ***

    Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

    1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

    ***

    Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

    1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilsin.

    2. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627) 1-ci hissəsində “1300 (min üç yüz)” sözləri “1500 (min beş yüz)” sözləri ilə əvəz edilsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

    ***

    Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə müvafiq dövlət proqramlarına uyğun olaraq, son illərdə bir sıra iri layihələr həyata keçirilmişdir və hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sosialyönümlü layihələrin gerçəkləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu aparılan islahatlar əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəlmişdir.

    İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri kimi, əhalinin dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması üçün müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istehlakçıların suölçən cihazlarla təmin olunması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədi ilə qərara alıram:

    1. Məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 15,0 (on beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında Sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında 2015-ci il fevralın 28-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

    2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) onun müddəalarının həyata keçirilməsini təmin etsin.

    3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan tərəfinə bildiriş göndərsin”.

    Rubrika.az


    Facebook-da paylaş