• Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir - iqtisadi savaş

    Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir - iqtisadi savaş

    Ermənistanın “izqoy ölkə” statusu möhkəmlənir; Qarabağ bu davanın qalibinə qalacaq; sürətlə silahlanma iqtisadi müharibənin mühüm tərkib hissəsi kimi; iqtisadi rəqabətdə uğur şansı olmayan düşmən panikada; erməni şərhçi: “Azərbaycanın iqtisadi ekspansiyasını önləyə bilməyəcəyik, əgər...”

    Rubrika.Az musaavt.com-a istinadla bildirir ki, keçən il Azərbaycan qlobal əhəmiyyətli bir neçə mühüm və iri iqtisadi layihədə mərkəzi rollardan birini alması ilə yadda qaldı. O sırada xüsusən də işə düşməsi yönündə sürəkli işlər görülən “Şimal-Cənub” nəqliyyat (dəmir yolu) dəhlizini qeyd eləmək lazım gəlir. 2017-ci il həmçinin Ermənistandan yan ötən və işğalçı tərəfin “yuxusunu” daha da qaçıran Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi ilə əlamətdar oldu - o BTQ ki, onun həyata keçməsinə erməni lobbisi zamanında əlindən gələni eləmişdi, hətta Azərbaycana qarşı ABŞ Konqresinin maliyyə təhdidinə nail olmuşdu.

    Lakin bu kimi səylərin heç biri səmərə vermədi. Çünki Azərbaycan kasıb ölkə deyil və yeri gələndə meqa-layihələrin mühüm xərclərini qarşılaya, özü də kreditlər ayıra bilir. Elə “Şimal-Cənub” dəhlizinin mühüm hissəsi olan Rəşt-Astara (İran) dəmir yolunun inşası üçün Azərbaycanın İran tərəfinə 500 milyon dollar kredit ayırması özlüyündə hər şeyi deyir.

    Gələn ay isə Rəşt-Astara dəmir yolunun davamı olacaq Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Azərbaycan və İran prezidentlərin iştirakı ilə təntənəli açılış mırasimi olacaq. Beləliklə, Azərbaycanın İran və Rusiya ilə iqtisadi bağları bir az da möhkəmlənəcək. İşğalçı Ermənistanın “izqoy” (“tullantı”) dövlət statusu isə bir o qədər güclənəcək...

    ***

    Bu xüsusda 1in.am erməni portalının şərhçisi Sərkis Asruninin qeydləri maraq doğurur. “Yeni Müsavat”ın məlumatına görə, müəllif öncə Azərbaycan prezidenti İlham Əliyevin İrəvan və Zəngəzurla bağlı hakim partiyanın son qurultayında verdiyi məlum açıqlamasına diqqət çəkərək yazıb: “Ermənistan prezidenti tələb edir ki, beynəlxalq ictimaiyyət Azərbaycan prezidentinin bəyanatına adekvat reaksiya versin. Halbuki ilk növbədə bunu onun özü eləməlidir. Bizim artıq dəlilimiz olub vurğulayaq ki, Əliyevin ”tarixi İrəvan və Zəngəzura qayıtmaq" barədə bəyanatının əsas motivi məhz boşalmaqda olan, emiqrasiyanın təhlükəli miqyas aldığı Ermənistandır. Bu da Bakıya imkan verir ki, uzaq gedən strateji bəyanatlar işləyib hazırlasın. Yeri gəlmişkən, Serj Sərkisyanın Münhendəki çıxışına bir gün qalmış Azərbaycan XİN-in nümayəndəsi bəyan elədi ki, “İlham Əliyev İrəvan və Zəngəzuru qaytarmaq yox”, “azərbaycanlıların öz tarixi vətənlərinə dönməsindən” danışıb".

    Erməni şərhçi hətta Azərbaycan XİN-in bu izahını da təhlükə hesab etdiyini gizlətməyib. “Hətta bu əlavə şərh olmadan da aydın idi ki, özünün rezonans doğuran çıxışında İlham Əliyev İrəvan və Zəngəzurun ələ keçirilməsindən daha çox, həmin torpaqlara türk elementinin qayıtmasından, başqa sözlə, iqtisadi və etnik ekspansiyadan danışıb. Məhz bu müstəvidə də biz İrəvanın reaksiyasının qeyri-adekvat olmasından danışırıq. Əliyevin çıxışını boş şey adlandırmaq, Avropa tərəfdən və vasitəçilərdən dəstək gözlənmək heç nəyi dəyişməyəcək, əgər Ermənistan rəqabət qabiliyyətli, effektiv dövlətə çevrilməsə. Yalnız bu yolla Bakının iştah və iddialarının qarşısını almaq mümkündür”, - deyə o, şərhini rəsmi İrəvana ünvanlı xəbərdaredici və pessimist tonda yekunlaşdırıb.

    ***

    Ancaq sual budur ki, Qarabağa görə sərt blokada rejimində olan və iş qabiliyyətli əhalisi kütləvi köç edən, ciddi təbii qaynaqlardan və dünya okeanına çıxışdan məhrum, iri nəqliyyat arteriyalarından kənarda qalan işğalçı Ermənistan “rəqabət qabiliyyətli, effektiv dövlət”ə necə, hansı resurslarla nail olacaq? Məsələ də bundadır.

    Beləcə, Azərbaycan haqlı olaraq, düşməni faktiki şəkildə onun ən zəif olduğu yeni rəqabət müstəvisinə - iqtisadi savaş meydanına çəkməkdədir. Sürətlə silahlanma şəksiz ki, bu davanın mühüm tərkib hissəsidir. İqtisadi savaşı udan isə sübhisiz ki, Qarabağ da udacaq, qazanacaq.

    Aydındır ki, bu savaşda böyük iqtisadi-maliyyə potensialı və təbii qaynaqlara, habelə dünya okeanına çıxışa malik, strateji neft-qaz kəmərlərinin, nəqliyyat xətləri və dəhlizlərinin keçdiyi Azərbaycanla müqayisədə Ermənistanın heç bir şansı yoxdur. Düşməni panikaya salan indi həm də budur. Üstəlik, getdikcə daha da gərginləşən ABŞ-Rusiya rəqabəti Kremlin satelliti və forpostuna, ümumiyyətlə, şans saxlamır.

    Bu da təsadüfi deyil ki, erməni ekspert ictimaiyyəti son vaxtlar tez-tez və açıq şəkildə etiraf eləməyə başlayıb ki, Azərbaycanın hazırda əsas hədəfi sürətlə silahlanma ilə, iqtisadi və kommunikasiya blokadası ilə Ermənistanı iqtisadi rəqabətə çəkib taqətdən salmaqdır. Maraqlıdır, Azərbaycan onun ərazisinin 1/5-ni on illərdir işğal altda saxlayan, bir qarış ərazini belə, boşaltmaya hazırlaşmayan düşmən ölkə ilə başqa necə davranmalıdır ki?..

    Rubrika.Az


    Facebook-da paylaş