• “Torpaqlarımız heç vaxt geri qayıtmayacaq.... onu ancaq ala bilərik”

    “Torpaqlarımız heç vaxt geri qayıtmayacaq.... onu ancaq ala bilərik”


    Fazil Mustafa “Yeni Müsavat”ın canlı yayım qonağı oldu

    Fevral ayının 22-də “Yeni Müsavat” qəzetinin Facebook üzərindən canlı verilişində millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qonaq oldu.

    Saat yarım davam edən söhbət “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu və oxçulardan gələn canlı sualların müşayiəti ilə baş tutdu.

    Öncədən də anons verdiyimiz kimi, müsahibəmizin əsas mövzusu ölkədəki prezident seçkiləri, seçkiöncəsi mühit, siyasi düşərgələrin durumu ilə bağlı oldu. Amma oxucuların daha çox tarix, din, ədəbiyyat və Qarabağ problemi ilə bağlı verdiyi suallar söhbətin sferasını daha da genişləndirdi.

    Müsahibimiz öncə prezident seçkilərinin önə çəkilməsi, bununla bağlı seçkini boykot edib-etməyənlərlə bağlı məsələyə toxundu.

    Dedi ki, seçkinin önə çəkilməsi bir sıra partiyaları mobillik baxımdan sual qarşısında qoydu: “Onlar da bilirlər ki, bizim iddialarla onların cəmiyyətə hayqırdığı iddialar fərqlidir. Onlarda belə bir fikir var ki, cəmiyyətin böyük bir narazı kütləsi onları dəstəkləyir və seçkilər normal şəkildə keçirilsə, onlar qalib gələ bilərdi. Seçki prosesinə bir qədər Dağlı Qarabağ problemi kimi baxmaq lazımdır. 3 il öncə bunu etsəydik, həll olardı. Belə şeylər yoxdur. Mühitdən çox şey asılıdır. Fransanın, Rusiyanın, Amerikanın siyasətində köklü bir dəyişiklik yoxdursa, problemin də həllində köklü bir dəyişiklik gözlənilmir. Ölkədə də mühit baxımdan elə bir dəyişiklik əmələ gəlməyib ki, həmin iddia ilə çıxış edən qüvvələr narazı elektoratın gücü ilə qalib gələ bilsinlər. Narazı elektoratın nəbzini tutma istiqamətində atılan addımlar müasir dövrün standart və tələblərinə uyğun olmadığına görə böyük dəstək qazana bilmirlər. Müasir dövrdə bir mitinqdə 1 aya deyə biləcəyin sözü 30 dəqiqə içində internet vasitəsilə daha böyük kütləyə deyə bilərsən. Əgər bu narazı qüvvənin illərdir etdiyiniz çıxışlarla marağını çəkə bilmirsizsə, bunun günahı iqtidar deyil, xalqla da bağlı deyil. Məsələni təkcə anlamayanın üzərinə atmaq olmaz, anladanın doğru anlatmadığı məqamlar da var. Boykot bir siyasi taktikadır, sayğı ilə yanaşıram, amma normal yanaşmıram”.

    Müsahibimizin söhbət zamanı xeyli səs gətirəcək daha bir açıqlaması isə xaricdə yaşayan mühacirlərimizlə bağlı oldu. F.Mustafa bildirdi ki, bizdə sosial-siyasi xarakterli mühacirətdir: “Mənim anlayışıma görə, hazırda mühacirətdə olan, bu və ya digər səbəblərdən ölkədə fəaliyyət göstərə bilməyən, problem yaşayan insanlar öz şəxsiyyətlərini qəbul etdirmək şansına malik olmayıblar. Onlar sığındıqları ölkəni kəşf etmə prinsipi ilə çıxış etməlidirlər. Onlar artıq bələdiyyələrə, yabançı məclislərə seçilməkdən tutmuş, uğurlu iş adamlığına qədər, müxtəlif mövqelərdə mübarizəyə qoşulmalısan. Orda oturub, sosial müavinət alaraq, diqqətin burdakı hadisələrə yönəlirsə, bu, acizlik əlamətidir”.

    Oxuculardan Qarabağ mövzusunda gələn çoxsaylı sualların cavabında isə F.Mustafanın maraqlı bir yanaşması oldu: “Torpaqlarımıza heç vaxt qayıtmayacağıq, torpaqlarımızı ancaq ala bilərik, müharibə yolu qaytara bilərik. Dinc yolla qaytarma imkanlarımız tükənib”.

    Azərbaycanın ziyalıları ilə bağlı məsələyə də toxunan millət vəkili keçmişə ekskurs edib, aşağıdakıları dedi: “Bu xalq Axundovu gül-çiçəyin içində saxlamırdı ki. Heç dəfn eləmirdilər. Mirzə Cəlil kassir işləyirdi, Sabir intihar etmək istəyirdi. Guya indi Sabiri xalqın böyük əksəriyyəti sevir. Hamımız onun personajlarıyıq”.

    Canlı yayım zamanı ermənilərlə bağlı da çoxsaylı suallar gəldi. “Ermənilərə düşmən deməyəkmi?” sualına cavabda F.Mustafa aşağıdakıları dedi: “Deyimləri və siyasi ritorikanı anlayışla qarşılamaq lazımdır. Biz deyirik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır. Bizim erməni xalqı ilə düşmənçiliyimiz yoxdur. Azərbaycan qanunlarını tanıyan hər bir Ermənistan vətəndaşı həm də Azərbaycan vətəndaşıdır. Bunu başqa cür necə demək olar? “Biz ermənilərlə düşmənik” deyib, Dağlıq Qarabağı beynəlxalq auditoriyadan tələb etmək mümkündürmü? Yox. Ermənistan dövləti bizə düşmən və təcavüzkar dövlətdir. Bu, hər yerdə deyilir. Xalqla dövlətin siyasətini eyniləşdirmək doğru deyil. Hətta belə olmuş olsa belə, yenə də ifadədə beynəlxalq auditoriyaya münasibətdə bu ifadənin işlənməsi doğrudur”.

    Söhbətdə eyni zamanda yaxınlaşmaqda olan Xocalı faciəsinin ildönümü mövzusu da müzakirə olundu. Millət vəkili dedi ki, Xocalı ilə bağlı yetərincə işlər görülsə də, natamamlıq var: “Mən hökumətin yerinə olsam, 20 yanvar, 31 martı yumşaq formada öz məcrasına buraxar, bütün siyasi xətti Xocalı üzərinə quraram. Çünki videogörüntüsü, fotosübutu olan tək soyqırım Xocalıdır. Bu faktın bütün parametrlər üzrə dünyaya çatdırılmasına çalışmaq lazımdır.”
    Müsahibənin tam versiyası ilə aşağıdakı videoda tanış bilərsiniz.(Musavat.com)

    Rubrika.az


    Facebook-da paylaş