• Şiraklı Yeqoyanın Qarabağda ölümü və ermənilər üçün ibrət dərsi

    Şiraklı Yeqoyanın Qarabağda ölümü və ermənilər üçün ibrət dərsi

    Fevralın 22-də Azərbaycanın işğal altındakı ərazisində məhv edilən 20 yaşlı əsgər Qriqor Yeqoyanın valideynləri Rusiyada yaşayırmış. Bu barədə erməni mediası xəbər yayıb.

    Həmin məlumatda daha sonra deyilir ki, Ermənistanın Şirak vilayətinin Axuryan kəndindən olan erməni hərbçinin valideynləri hələ də Rusiyadan gəlib çıxa bilməyiblər.

    Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, bunu Şirak vilayətinin Axuryan kəndinin icma rəhbəri Artsrun İgityan da təsdiqləyib.

    Bu arada zəruri bir qeyd edək: səhər radələrində erməni mətbuatı əsgərin ölümü barədə xəbər yayarkən onun qondarma “Artsax ordusunda” xidmət etdiyini iddia etmişdi. Bildirilirdi ki, 1998-ci il təvəllüdlü Yeqoyan ordunun təmas xəttinin şimal-qərb istiqamətində dislokasiya olunmuş bölməsində xidmət başında ölüb.
    Ancaq saatlar sonra əsgərin Ermənistandan olduğu və Ermənistan ordusuna hərbi xidmətə çağırıldığı etiraf edildi. Yəni “Artsax özünümüdafiə ordusu”-filan boş şeydir, xəyaldır, dünya birliyini çaşdırmaqdır. Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə son səfərləri zamanı separatçı rejimin “müdafiə naziri” ilə də görüşmüşdü və onun fəaliyyətini leqallaşdırmağa çalışmışdı. Lakin Azərbaycanın qəhrəman əsgərinin növbəti cavab atəşi həqiqətin növbəti təcəssümü oldu: Qarabağ ordusu deyilən bir şey yox, Qarabağdakı bir ovuc əhalinin ordu yaratması da mümkünsüz, səngərdə olanlar ya terrorçu dəstə üzvləri, ya da İrəvandan göndərilənlərdir. Özgə torpağında ölməyə...

    “Qriqor ailənin kiçik uşağı idi, onun böyük qardaşı və bacısı var”. Bunu da İgityan deyib və kənddə ikimərtəbəli evləri olan ailənin Rusiyaya köçdüklərini bildirib. Dediyinə görə, əvvəl ata iş dalınca Rusiyaya gedib, daha sonra oğlunu əsgər yollayan ana da ərinin yanına gedib. Bu fakt Ermənistanda əhalinin acınacaqlı vəziyyətdə yaşadığını, hətta yad ölkənin torpaqlarında xidmətə göndərilən əsgərlərin valideynlərinə belə Ermənistanda yaşama üçün mimimum imkanların olmadığı bir daha təsdiqlənir. Övladlarını ölkədən vaxtında çıxara bilməyən ailələr isə məcburən onları ölümə yollayır, özləri də çörək ardınca Ermənistan xaricinə üz tuturlar. Yeri gəlmişkən, bundan əvvəl Rusiyada yaşayan daha bir erməni – ali təhsilli – Qarabağda məhv edilmişdi.

    “Qriqor yerli məktəbi bitirib. Hərbi xidmətə qədər kənddə yaşayıb”-icma rəhbəri yerli mediaya əlavə edib. 2016-cı ilin iyununda hərbi xidmətə başlayan erməni əsgər bu ilin iyulunda evlərinə dönməli imiş. Ancaq yad ölkənin torpağına göndərilən bədbəxt erməni buradaca məhv edilib. Belə ki, 22 fevral saat 09.40 radələrində Azərbaycan əsgərinin cavab atəşi onun həyatına son qoyub. Hər halda erməni mənbələri belə deyir. Ermənistan hakimiyyəti son günlər bir-birinin ardınca itkilər verməsini sinirə bilmir, müxtəlif iddialar və ittihamlarla çıxış edirlər. Hətta tez-tələsik Q.Yeqoyana ölümündən sonra “Döyüş xidmətinə görə” medalını da veriblər, hələ də Rusiyadan gəlib fəlakət dolu ölkəsində oğlunun dəfninə yetişə bilməyən ailəni sakitləşdirmək üçün...

    Əslində Yeqoyanın başına gələnlər bütün Ermənistana, onun əhalisinə dərs olmalıdır. Azərbaycan rəhbərliyinin xəbərdar etdiyi kimi, Qarabağ işğalçı ordunun hər bir əsgər və zabitinə məzar olacaq. “Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!” Bunu da Azərbaycan prezidenti dəfələrlə bəyan edib.

    20 yaşını qeyd etməyə hazırlaşan Yeqoyanın əsl qatili isə Serj Sərkisyandır. Elə bir həftə əvvəl o, Münhendə növbəti dəfə təhdid bəyanatı ilə çıxış etdi, Qarabağın “heç vaxt Azərbaycanın tərkibində olmadığını” həyasızcasına bəyan etdi. Bunun ardınca Ermənistan ordusunun aprel döyüşlərində itirdiyi strateji yüksəklikləri geri qaytarmaq üçün hücuma keçə biləcəyi barədə hətta rus ekspertlərin fikirləri yayıldı. Baş nazir kürsüsünə can atan Sərkisyan üçün aprel məğlubiyyətinin əvəzini çıxmaq hava-su kimi lazımdır. Bu yolda beynəlxalq dəstək almaqdan ötrü erməni gənclərini ölümə göndərmək onunçün adi haldır. Budur, düşmən mətbuatı beynəlxalq aləmə xitabən Azərbaycanın açıq-aşkar erməni əsgərlərini qətlə yetirdiklərini yazıb, “vay-şivən kursu” yürüdürlər. Amma özlərinə sual vermirlər ki, axı, Şirak ermənisinin Qarabağda nə ölümü var idi ki, burda da “arzusuna” çata?!

    P.S.Son məlumata görə, bu gün daha bir erməni əsgəri ağır yaralanıb, lakin onunla bağlı hələlik rəsmi açıqlama verilmir.

    Rubrika.az


    Facebook-da paylaş