• Ləğv edilmiş MTN-in zabitlərinə istənilən həbs cəzasının müddəti ədalətlidirmi...

    Ləğv edilmiş MTN-in zabitlərinə istənilən həbs cəzasının müddəti ədalətlidirmi...

    “Əgər belədirsə, Eldar Mahmudov da məsuliyyətə cəlb olunmalıdır”
    Azərbaycanın Hərbi Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş yüksək vəzifəli zabitlərindən ibarət qrupun işinə baxışı yekunlaşdırır.

    Fevralın 22-də Sabunçu rayon Məhkəməsinin binasında keçirilən iclasda prokuror son sözlə çıxış edib. Dövlət ittihamçısı MTN-in keçmiş idarə rəisləri, generallar Sübahir Qurbanov və Teymur Quliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Ləğv edilmiş MTN-in Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova üçünsə prokuror 12 il azadlıqdan məhrumetmə cəzası istəyib.

    Həmçinin, dövlət ittihamçısı keçmiş MTN zabitləri Fizuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Əliyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il, Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

    Prokurorluq təqsirləndirilən şəxslərin hərbi rütbələrdən məhrum edilməsini zəruri hesab edir. Qeyd edək ki, hazırda N.Mürvətovadan başqa bütün təqsirləndirilən şəxslər həbsdədir.

    Müttəhimlər 2015-ci ilin oktyabrında keçmiş MTN rəhbəri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra həbs ediliblər. Onlar fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunurlar. Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

    Təqsirləndirilən şəxslərdən Natəvan Mürvətova hələ fevralın 1-də baş tutan prosesdə özünü təqsirli bilmədiyini söyləyib. Həmin ərəfədə “Yeni Müsavat”a etibarlı mənbədən daxil olan məlumatda deyilirdi ki, N.Mürvətovanın ittiham edildiyi epizodlarda qanunsuz dinlənildiyi qeyd olunan telefon nömrələri faktiki işləməyib. Qanuna görə, dinlənilmə nazir və onun müavini - yəni Eldar Mahmudov və Hilal Əsədovun yazdıqları raportlara əsasən aparılıb. Ləğv edilmiş MTN-dəki məlum həbslər zamanı sənədlər götürülüb və araşdırmalar zamanı bəlli olub ki, 4 telefon nömrəsi üzrə müvafiq raportlar olmayıb. Sonradan bu nömrələrin dinlənilməyə hansı əsasla qəbul edilməsi araşdırılarkən idarə rəisi Natəvan Mürvətova izahat verib və bildirib ki, həmin nömrələr dinlənilməyə təqdim edilərkən işləmədiyindən, səhv olduğundan dinlənilmə icra olunmayıb. Buna görə də müvafiq rəsmiləşdirilmə aparılmayıb. Bununla belə, N.Mürvətovaya ittiham elan edilib. Hazırda isə ona 12 il iş istənilir.

    Ləğv edilmiş MTN-in adının açıqlanmasını istəməyən sabiq əməkdaşı musavat.com-a bildirib ki, əslində, bu vəziyyətdə xanım generala istənilən cəzanın müddəti həddindən artıq çoxdur: “Əməliyyat-Texniki İdarəsinin rəisinin işi nazirdən və onun müavinindən gələn tapşırıqları sorğu-sualsız həyata keçirməkdir. Əgər əsasnaməyə görə, nazir və onun müavini tapşırığa qol çəkirsə, idarə rəisi bunu icra etməlidir. Tapşırıq yazılı şəkildə yox, şifahi formadadırsa bu, qanun pozuntusudur. Buna görə də istər nazir və onun müavininə, istərsə də idarə rəisinə cəza düşür. Tapşırıq şifahi şəkildə yalnız 24 saat ərzində qəbul olunur. Bu müddətdən sonra onun yazılı forması gəlməlidir. N.Mürvətovanın nəyinə lazım idi ki, hansısa telefona qulaq asılsın. Əgər burada Natəvan Mürvətovanın mütəşəkkil cinayəti varsa, bu halda, Eldar Mahmudov da həbs olunmalıdır. Çünki N.Mürvətova özbaşına kimisə dinləyə bilməz. 12 illik həbs cəzası kifayət qədər yüksək rəqəmdir. Xanım generala 12 illik həbs verilməsi doğru deyil. Bu adam əmr yerinə yetirib. Belə halda əmri icra edən yox, əmri verən tutulmalıdır. Hadisə hərbçilərlə baş verdiyi üçün buna Hərbi Tribunal baxmalıdır. Mülki prokurorun ixtiyarı yoxdur ki, bu işə baxsın. Natəvan Mürvətova çox yaxşı işçi idi. Eldar Mahmudov bəlkə də ona şəxsi qərarlarını əmr formasında verib. Ancaq bunun cəzası 12 illik həbs olmalı deyil. Məncə Eldar Mahmudova veriləcək cəzanı N.Mürvətovaya verdilər”.

    Rubrika.az


    Facebook-da paylaş