• İrəvanın işğal ortağına ABŞ-dan sərt təpki – ermənilər Putinin Bakı vədinə inanmırlar...

    İrəvanın işğal ortağına ABŞ-dan sərt təpki – ermənilər Putinin Bakı vədinə inanmırlar...

    Dövlət Departamenti “Krım qaytarılmayınca sanksiyalar qalacaq” dedi, bəs işğal altındakı Dağlıq Qarabağ?; Bakıya silah satışı ilə bağlı Rusiya rəsmisinin bəyanatı isə İrəvanda istehza doğurdu – səbəb; erməni politoloq: “Rusiya bizimlə oyun oynayır, Moskvaya o vaxt inanardıq ki...”

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki,Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçevun böyük bir nümayəndə heyəti ilə Ermənistana etdiyi iki günlük səfər başa çatıb. “Yeni Müsavat”ın ötən sayında Rusiya rəsmisinin işğalçı ölkədə Azərbaycanla silah ticarəti ilə bağlı üzləşdiyi qəliz sual və ona verdiyi cavab haqda yazmışıq.

    Xatırladaq ki, İrəvandakı mətbuat konfransında erməni jurnalistlər Kosaçevi Rusiyanın Azərbaycanın silah tərəfdaşı olmasına görə, faktiki, “topa tutublar”. “Kremli Ukraynaya silah satılması hiddətləndirir. Ancaq bu, ona Ermənistanla müttəfiq ola-ola Azərbaycana 5 milyard dollarlıq silah satmağa mane olmur - hansı silahların ki, bir qismi 2016-cı ildəki aprel müharibəsində bizə qarşı istifadə olunub. Bunu necə izah edərdiniz” sualına Rusiya rəsmisinin cavabı isə erməniləri məyus edib.

    Kosaçev öncə bildirib ki, Rusiyanın Azərbaycana silah satışı sırf kommersiya maraqlarından doğur və 2016-cı ilin aprelinədək olan anlaşmalar çərçivəsində həyata keçirilir. Yəni qənaət hasil olur ki, Moskva İrəvanın hay-küyünü ciddiyə almadan Bakı ilə silah ticarətini 2016-cı ilin aprelindən sonra da dayandırmayıb - öncə imzalanan sazişlər əsasında olsa belə. Sitat: “Rusiya 2016-cı ilin aprelinədək olan sazişləri həyata keçirir. Biz həmin müqavilələrin bəndlərinə uyğun olaraq bunu etməliyik. Bildiyim qədəri ilə də Bakı ilə indiki həcmdə ticarət olmayacaq”.

    *****

    Ötən sayımızda vurğuladığımız kimi, əslində komitə sədri bununla erməniləri başından edib. Çünki birincisi, o, baş nazirin müavini Dmitri Roqozindən fərqli olaraq, Rusiya hərbi-sənaye kompleksinə cavabdeh şəxs deyil, yəni silah tədarükü sahəsində real durumdan tam məlumatlı olmaya bilər. Görünür, elə bu üzdən də Konstantin Kosaçev erməniləri əmin-arxayın sala bilmir, “bildiyim qədəri ilə” yayğın ifadəsini işlədir.

    İkincisi isə həmin o D.Roqozin ötən ilin dekabrında Bakıya etdiyi yarımməxfi səfərindən sonra, ardınca isə bu ilin yanvarında Davosda Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə silah ticarətinin davam etdirilməsi üçün yeni sazişlərin imzalanacağının anonsunu veriblər. Bu bəyanatlar isə qat-qat mötəbər hesab edilir.

    Şübhəsiz ki, bunu Ermənistanda da gözəl anlayır, reallığın yaxşı fərqindədirlər. Elə olmasaydı, Rusiya rəsmisinin məlum açıqlaması artıq İrəvanda şübhə altına alınmazdı.

    Reallıq isə budur ki, Moskva heç vaxt Bakıya silah tədarükündən imtina etməyəcək. Ona görə ki, bu, həm kommersiya məsələsidir, həm də Azərbaycanı öz yanında saxlamağın bir yoludur. Təsadüfi deyil ki, keçən il Moskvada prezident Vladimir Putin erməni həmkarı Serj Sərkisyanın üzünə dedi ki, “biz Azərbaycana silah satmasaq, onu başqa ölkələrdən alacaq”.

    *****

    “Kosaçev Ermənistana ona görə təşrif buyurmuşdu ki, bizim ölkədə Rusiyaya qarşı olan neqativ ovqatı yumşaltsın. Kosaçevin səfəri də saxta gündəlikdən ibarət idi”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə İrəvandakı Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan deyib.

    “Rusiya bizimlə oyun oynayır, Ermənistana öz kosaçevlərini göndərir. Halbuki biz bilirik ki, onlar Azərbaycanla işləməkdə davam edirlər. Mən belə səfərlərə yox, konkret işlərə inanıram. Əgər Rusiya KTMT çərçivəsində bəyan eləsə ki, İlham Əliyevin hərbi ritorikasından narahatdır, bax, onda inanarıq”, - deyə o əlavə edib.

    ****

    Bu arada, Ermənistanın işğal ortağı Rusiyaya okeanın o tayından sərt Krım xəbərdarlığı gəlib. “Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı Amerika sanksiyaları yarımada Ukraynaya qaytarılanadək davam edəcək”. “Yeni Müsavat”ın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Xizer Hoyertin Krımın ilhaqının 4-cü ildönümü ilə bağlı verdiyi bəyanatda deyilir.

    “Biz Ukraynanın tanınmış sərhədləri daxilində müstəqilliyi və suverenliyi ilə bağlı öhdəliklərimizi təsdiq edirik. Krım Ukraynanın tərkib hissəsidir və Krımla bağlı Rusiyaya qarşı Amerika sanksiyaları o vaxtadək qalacaq ki, Rusiya yarımada üzərində nəzarəti Ukraynaya qaytaracaq”, - deyə bəyanatda qeyd olunur.

    Diplomatın sözlərinə görə, 2014-cü ildəki Krım referendumu saxtalaşdırılıb və qanunsuzdur, Krımın Rusiyaya “birləşdirilməsi” isə “ağır silahlanmış Rusiya qüvvələrinin” təzyiqi altında baş verib. “ABŞ bəyan edir ki, Krım əhalisi, o cümlədən Krım tatarları, etnik ukraynalılar, həmçinin vətəndaş cəmiyyətinin üzvləri, ictimai fəallar, müstəqil jurnalistlər repressiyaya məruz qoyulurlar” - Departament rəsmisi ardınca deyib və sonda Putinin son Krım səfərinə də münasibət bildirib: “O, (Putin - red.) Ukraynaya qarşı əsassız ərazi iddiaları bir daha təsdiq edib və Rusiya rəhbərliyinin beynəlxalq qayda-qanuna, digər ölkələrin ərazi bütövlüyünə sayğısızlığını bir daha, açıq şəkildə nümayiş etdirib”.

    *****

    Xatırladaq ki, ABŞ Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri ilə bağlı da sərt mövqedədir və Rusiyanı daim işğalçı adlandırır. Bütün bunları təqdir eləmək olar. Keşkə, rəsmi Vaşinqton işğalçı Ermənistana, Dağlıq Qarabağdakı separatçı quruma münasibətdə də analoji prinsipiallığı və beynəlxalq qayda-qanundan doğan sərt yanaşmanı sərgiləyəydi.

    Paradoksallıq, daha doğrusu, “ikili standart” siyasəti də elə budur ki, Departamentin Krımla bağlı bəyanatının verildiyi gündə Qarabağdakı separatçı rejimin başçısı, terrorçu-quldurbaşı Bako Saakyan ABŞ Konqresində görüşlər keçirirdi...

    Rubrika.Az[/center]


    Facebook-da paylaş