• “4 günlük” aprel savaşının əsas dərsi

    “4 günlük” aprel savaşının əsas dərsi

    Tarixə düşən blits-qələbəmizdən 2 il ötdü; hərbi zəfəri diplomatik zəfərə çevirə bildikmi?

    2016-cı ilin aprel döyüşlərindən iki il keçir. 2 il öncə işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Düşmən ordusu pərən-pərən salındı, işğalçı ölkənin yüzlərlə hərbçisi məhv edildi, bir neçə mühüm mövqe, ərazilər işğaldan azad olundu.

    Qəhrəman hərbçilərmizin, şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan əhəmiyyətli bir əraziyə hərbi nəzarəti bərpa etdi. Ermənistan ordusuna isə ciddi hərbi və mənəvi zərbə vuruldu. 4 gün davam edən hərbi əməliyyatlar Ermənistan dövlətini silkələmişdi, dünyada böyük əks-səda yaratmış və Rusiyanın da narahatlığına səbəb olmuşdu. Məhz Rusiyanın danışıqlara başlaması və ard-arda müraciətlərindən sonra Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırmalı oldu.

    Qısamüddətli aprel savaşı artıq tarixə düşüb. Bu hadisənin geosiyasi, diplomatik, hərbi və siyasi-ideoloji nəticələri ekspertlər tərəfindən aktiv müzakirə olunur. “İki il öncə ordumuzun əldə etdiyi üstünlüyü diplomatik savaşda da mümkün oldumu” sualı isə bu gün daha aktual səslənir.

    Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin sədri Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində bildirdi ki, Azərbaycan ordusu aprel döyüşləri zamanı Azərbaycan diplomatiyası üçün yeni durum yaradıb, yeni bir imkanlar açıb: “Təəssüflər olsun ki, Azərbaycan diplomatiyası hələ ki, ordumuzun onun üçün yaratdığı imkanlardan səmərəli istifadə edə bilməyib. Aprel döyüşlərindən sonra Azərbaycan diplomatiyası fərqli olmalı idi. Azərbaycanın hərbi əməliyyatları dayandırıb, yenidən danışıqlara başlamasının əvəzində müəyyən bir şərtlər qoyulmalı idi. Eyni zamanda həmsədr ölkələr də işğalçını həmin ərazilərdən çıxartmağa inandırmaq öhdəliyini öz üzərinə götürməli idi və diplomatik yolla biz bu təzyiqləri görməli idik. Təəssüf ki, iki il keçsə də həmin imkanlardan hələlik istifadə olunmayıb və mənim fikrimcə, bu, yanlış yanaşmadır. Azərbaycan aprel döyüşləri zamanı bütün dünya ictimaiyyətinə nümayiş etdirdi ki, diplomatik yolla torpaqlar azad olunmasa, güc tətbiq edib ərazilərini azad etməyə hüququ da, iradəsi də var. Bu mövqe indi də öz qüvvəsində qalır. Sözsüz ki, danışıqlar bir nəticə verməsə, Azərbaycan hərbi əməliyyat keçirib, Dağlıq Qarabağda öz suverenliyini bərpa etmək üçün həm beynəlxalq hüquq normalarından istifadə edə bilər”.

    Politoloq Elçin Mirzəbəyliyə görə, aprel döyüşlərində əldə olunan qələbənin diplomatik savaşda hələ ki, əldə edə bilməməyimizin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəblər ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin, xüsusilə də Rusiyanın münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyi, mövcud status-kvonu-işğal faktını nəyin bahasına olursa olsun qoruyub saxlamaq niyyəti, hərbi-siyasi müttəfiqi Ermənistanı himayə etməsi, davamlı sülhü özünün geosiyasi maraqlarına təhlükə görməsi ilə bağlıdır. Bu sıraya Qərb dövlətlərindəki erməni diasporu və lobbisi, mədəni və dini təəssübkeşlik faktoru, münaqişənin Azərbaycana və Ermənistana təzyiq üçün dərhal reaksiya verilən işlək mexanizmə çevrilməsini də əlavə etmək olar. Subyektiv tərəflər isə şübhəsiz ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və diplomatik korpusun fəaliyyəti ilə bağlıdır. Bu sırada bir məsələyə xüsusi diqqət ayrılmasını vacib hesab edirəm. Azərbaycanın dövlət olaraq həyata keçirdiyi bir sıra uğurlu enerji və nəqliyyat layihələrini, ölkədə və ayrı-ayrı ölkələrdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirləri, üçtərəfli və daha geniş əməkdaşlıq formatlarını Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlamaq kökündən yanlışdır. Belə qlobal layihə və tədbirlərin gerçəkləşməsində başda prezident və onun adminstrasiyası olmaqla dövlətin bütün əlaqəli təsisatları, eyni zamanda müstəqil qeyri-kommersiya təsisatı kimi Heydər Əliyev Fondu iştirak edir. Xarici İşlər Nazirliyinin fəaliyyətini dəyərləndirmək üçün əsasən diplomatik nümayəndəliklərimizin ayrı-ayrı ölkələrdəki fəaliyyətinə diqqət yetirmək lazımdır. Doğrudur, son illərdə uğurlu fəaliyyət göstərən, dislokasiya olunduqları ölkələrin siyasi dairələri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə sıx əlaqələr quran səfirliklərimiz var. Amma onların sayı bir o qədər də çox deyil. Diplomatik nümayəndəliklərimizin fəaliyyətində çeviklik, dinamizm çatışmır. Bütün bunlar da son nəticədə ümumi işə təsirini göstərir”.

    Politoloq Elşən Mustafayev isə hesab edir ki, hər zaman diplomatik sahədə hədəf, fikir formalaşdırma dünyanın siyasi və iqtisadi gücləri ilə təmaslara istiqamətlənir: “Paralel olaraq dövlətlərin aktiv insanlarına da doğru dürüst məlumatların çatdırılmasına çalışılır. 2 aprel döyüşləri zamanı və sonrası bu istiqamətdə müəyyən işlərin görülməsinə cəhdlərin şahidi olduq. Bunun nə dərəcə effektli olub-olmamasını bir kənara qoyaraq demək istəyirəm ki, Qarabağ problemi elə bir problemdir ki, bununla bağlı 25 ildən artıqdır dünyada bütün dövlətlərdə, beynəlxalq təşkilatlarda kifayət qədər məlumat var, hətta kimin haqlı tərəf olduğunu da yaxşı bilirlər. O ayrı məsələdir ki, müxtəlif səbəblərdən problemə yanaşmalarda ikili standartlar var. Bu münasibəti tək diplomatik fəaliyyətlərlə dəyişmək mümkün deyil. Əgər Azərbaycan uğurlu hərbi əməliyyatlara başlasa Rusiya faktoruna xüsusi yanaşma şərtilə heç kim bizi ciddi olaraq qınamayacaq. Doğrudur, müəyyən bəyanatlar, iradlar ola bilər, amma bundan o yana getməyəcəklər. Necə ki, 2 aprel döyüşləri zamanı dediyim növbətçi bəyanatlar səsləndirildi, onunla da hər şey bitdi. Beynəlxalq təşkilatlarda olan zaman qeyri-rəsmi söhbətlərdə kifayət qədər səlahiyyətli siyasətçilər belə deyirlər ki, əgər siz sabah hərbi əməliyyatlara başlayıb torpaqlarınızı azad etsəniz, biz məsələni sülh yolu ilə deyil hərb yolu həll yoluna üstünlük verdiyinizə görə ən uzağı sizi qnayacağıq, bu addımı pisləyəcəyik və nəticəni də qəbul edəcəyik. 2 aprel hadisələri zamanı az da olsa ərazimizi qaytarmağımız faktiki olaraq status-kvonu dəyişməklə Ermənistan əlverişsiz mərhələyə daxil oldu. Bununa belə sonradan ona heç bir təzyiq olmadı. Deməli qaliblər mühakimə olunmurlar deyimi hər zaman işləyir. Ona görə də diplomatlar və hərbiçilər paralel şəkildə öz işlərini görmədilər. Bu zaman hərbiçilərimiz işlərinin öhdəsindən gələcəklər, amma diplotlarımızın bu işlərdə səriştəsi, gücü, xüsusilə də istək və iradəsi nə şəkildə olacaq, açığı bu barədə heç nə deyə bilmərəm”.

    Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, diplomatiyanın uğuru güc amili ilə bağlıdır: “Güclə əldə olunan nəticə diplomatiya üçün geniş imkanlar açır, əldə olunmuş nəticənin möhkəmləndirilməsini asanlaşdırır. Gücsüz diplomatiya heç nə edə bilməz. Qədim Roma deyiminə görə, bütün sülhlərə gedən yol müharibədən, yəni gücdən keçir. Aprel döyüşləri ciddi bir hadisə oldu. Təbii ki, hələ ki, yekun sülhdən danışmaq olmazı, amma xeyli irəliləyişə nail olmaq olardı. Təəssüf ki, heç nə edilmədi. Bizim XİN-nin diplomatiyası yox dərəcəsindədir, Elmar Məmmədyarov ən uğursuz nazirdir. Biz illərdir deyirik. Tarixdə maraqlı xarici işlər nazirləri olub. Məsələn, Krım müharibəsindən sonra Rusiyanı çox ağır vəziyyətdən çıxaran xarici işlər naziri Aleksandr Qorçakov olub. Azərbaycanın xarıcı işlər naziri hökmən dəyişdirilməlidir. Bu, çox vacibdir. Şəxsi təcrubəmizdən də deyə bilərəm, bir dəfə adamlarımız hazırladığımız Qarabağa dair kitabları XİN-ə aparmışdıq, qapıya çıxan nazirlik təmsilçisi demişdi ki, nazirimiz göstərişi var, siz ekstremist təşkilatsınız, sizin kitablarınız bizə lazım deyil. Təsəvvür edirsinizmi, bu şəxs xarici siyasətimizə rəhbərlik edir”.

    Rubrika.Az


    Facebook-da paylaş