• Generalın oğlu: “Mənə dedi ki, arxamca gəl, sənin başını kəsəcəm” - YENİLƏNİB

    Generalın oğlu: “Mənə dedi ki, arxamca gəl, sənin başını kəsəcəm” - YENİLƏNİB

    Bakı Apellyasiya Məhkəməsində general Novruzəli Orucovun oğlu, xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov və onun dostları Kənan Vəliyevlə Pərviz Abbasov barələsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

    Hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə zərərçəkmiş Sənan Səmədov iştirak etməyib.

    Rüstəm Orucov ifadə verərək hadisənin necə baş verdiyini deyib: "Axşam saat 8-9 radələridə "Əcəmi dairəsi"ndə tıxacda dayanmışdım, yanımdakı avtobus sürücüsü dayanmadan siqnal verirdi. Niyə siqnal verirsən dedim, mənə "korsan?" deyə cavab verdi. Maşınımdan düşüb ondan nömrəsini verməyini istədim, vermədi. Sonra qayıdıb maşına oturandan sonra məni söydü. Ardıyca da "arxamca gəl, sənin başını kəsəcəm" dedi. Mən də getdim, sonuncu dayanacaqda görüşdük. Dispetçerə dedim ki, sürücü söyüşə görə üzr istəsin gedim. Onda sürücü "söyüləsi adamsan" dedi, mən də vurdum, yerə yıxıldı. Sonra da çıxıb getdim. Pərvizlə Kənan mənim yanımda olmayıblar".

    K.Vəliyev bildirib ki, R.Orucovu uzaqdan görüblər: "Biz ona çatanda Rüstəm maşına oturub getdi. Ətrafdakılar dedilər ki, o, sürücünü vurub. Biz həmin adamı ayıltdıq, ürəyi getmişdi. Ayılan kimi Rüstəmin valideynlərinə söydü. Biz də dedik söymə, sonra da çıxıb getdik".

    Proses aprelin 10-da davam etdiriləcək.

    Xatırladaq ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb.

    Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Hər üç şəxs apellyasiya şikayətində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

    Qeyd edək ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

    ----------
    13:12

    Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

    Rubrika.Az GundemXeber.Biz report-a istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sənan Səmədovun məhkəməyə gəlmədiyi elan olunub.

    Daha sonra ötən məhkəmə iclasında R.Orucovun vəkili Kamandar Nəsibovun qaldırdığı vəsatətlə bağlı qərar elan olunub.

    Qərara əsasən, məhkəmə qismən istintaqla aparılacaq.

    Prosesdə təqsirləndirilən R.Orucov sərbəst ifadə verib. O bildirib ki, hadəsədən əvvəl sürücü Sənan Səmədov onu söyüb.

    Məhkəmə prosesi davam etdirilir.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

    Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

    R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

    Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

    Rubrika.Az


    Facebook-da paylaş