• Sabunçunun icra başçısından daha bir özbaşınalıq

    Sabunçunun icra başçısından daha bir özbaşınalıq

    Ölkə prezidenti parklarda obyekt tikilməsinə, yaşıllıqların məhv edilməsinə dair kəskin çıxışlar etməsinə baxmayaraq, paytaxtda vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ərazilər müvafiq icra orqanları tərəfindən bəzi işbazlara satılır.

    Həmin yerlərdə isə kafe, çayxanalar açılır, yaşayış binaları tikilir, eyni zamanda əsas fəaliyyət istiqamətləri bəlli olmayan nəhəng obyektlər inşa edilir.

    Rubrika.Az Tezadlar-a istinadla bildirir ki, son vaxtlar «Təzadlar»ın redaksiyasına edilən çoxsaylı şikayətlər bunu deməyə əsas verir. Vətəndaşlar narazılıq edir ki, yaşadıqları ərazidə dincəlmək üçün park qalmayıb, hər yer qarış-qarış satılır.

    Belə şikayətlərdən biri paytaxtın Bakıxanov qəsəbəsinin sakinlərindən gəlib. Onlar Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının qarşısında yerləşən Heydər Parkının hasara alınaraq ağacların kəsilməsindən və nəhəng bir obyektin inşasından narazılıq edirlər.

    Biz də şikayətçilərin xahişini nəzərə alaraq bu günlərdə yolumuzu adı çəkilən ərazidən saldıq.

    Şikayətçilərin nə qədər haqlı olduğu elə ilk baxışda diqqətimizi cəlb etdi. Parkdan əsər-əlamət yox idi. Hündür hasara alınmış ərazinin yaxınlığında bizi qarşılayan şikayətçilər sözügedən parkın uzun illər öncə salındığını söylədilər: «Bu park xalqımızın ümummilli lideri Heydər Əliyevin 75 illiyi münasibətilə salınmışdı. Əslində park insanların istirahəti üçün nəzərdə tutulmuşdu. Ancaq son illər burada tikinti işləri aparılır. Bu səbəbdən də park hasara alınaraq ağaclar kəsilir, yaşıllıq məhv edilir. Yaşlı vaxtımızda bura gün keçirmək üçün gəlirdik. Gördüyünüz kimi, park hasarlanıb. Ərazidə insanların istirahət etməsi üçün yer qalmayıb. Hər tərəfdə kafe, çayxana, ticarət obyektləri var. Gəzib-dolaşmaq, istirahət etmək üçün yer tapmırıq».

    Digər şikayətçi də ümummilli lider Heydər Əliyevin adına salınmış parkın məhv edilməsindən təəssüfləndiyini bildirdi: “Bakının digər rayonlarında Heydər Əliyevin adına salınan parklara xüsusi diqqət yetirilir. İnsanların istirahəti üçün hər cür şərait yaradılır. Amma çox təəssüf ki, bizim rayonda bunun şahidi olmuruq. Gördüyünüz kimi, Sabuncu rayonunun ərazisində yerləşən Heydər Parkı bərbad vəziyyətdədir. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkın ərazisini tanımadığımız bir işbaza satıb. Həmin işbaz da burada vaxtilə əkilən yüzlərlə şam ağaclarını kəsərək, tikinti işləri aparır. İstirahət etməyimiz üçün yer qalmayıb. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Bakıda min əzab-əziyyətlə salınan yaşıllığı məhv edənlərə, ağacları kəsənlərə qarşı çıxaraq, «Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər» demişdir. Ancaq bu gün Sabunçunun icra başçısı Adil Vəliyev hər tərəfi satır, ağacların kəsilməsinə şərait yaradır. Demək olar ki, artıq qəsəbəmizdə boş torpaq ərazisi qalmayıb».

    Şikayətçilər bunun yaşlı nəsilə qarşı bir hörmətsizlik olduğunu bildirdilər: «Belə vəziyyət Prezident seçkiləri ərəfəsində dövlət başçısının fəaliyyətinə kölgə sala bilər ki, buna yol vermək olmaz. Başa düşə bilmirik ki, rayon rəhbərliyinə «dur» deyən yoxdur. Halbuki cənab prezident İlham Əliyev şəxsən özü də bu cür halları kəskin tənqid edib, ağacları kəsərək yerində ticarət obyektləri tikməyi vəhşilik, vicdansızlıq adlandırıb. Lakin, nədənsə, prezidentin bu cür kəskin çıxışlarının bizim rayonun rəhbərliyinə heç bir təsiri yoxdur. Yaxşı olar ki, dövlət başçısı bu barədə ciddi tədbir görsün».

    Biz ərazidə olarkən Sabunçu RİH-nin inzibati binası ilə “İmam Rza” məscidinin qarşısındakı hasara alınmış Heydər Parkında qızğın tikinti işləri aparılırdı. Tikintiyə mane olmaması üçün parkın müəyyən hissəsindəki şam ağacları kəsilərək, geniş inşaat meydançası yaradılmışdır. Onu da qeyd edək ki, parkda aparılan tikinti ilə bağlı heç bir məlumat lövhəsi yox idi. Tikintidəki işçilərdən də bu barədə məlumat öyrənə bilmədik.

    Bakıxanov qəsəbəsi sakinlərinin şikayəti ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyə, RİH-nin də münasibətini öyrənməyə çalışdıq. Lakin RİH-dən zənglərimizə cavab verən olmadı.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də sözügedən ərazidə ağacların kəsilməsinə münasibət öyrənə bilmədik.

    Odur ki, ərazidə özünə biznes fəaliyyəti quran naməlum şəxslə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

    Rubrika.Az


    Facebook-da paylaş