• Bu gün ölkə 7 illik prezident seçir

    Bu gün ölkə 7 illik prezident seçir

    Azərbaycan dünyanın diqqət mərkəzində; 125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır; seçkini müşahidə etməyə ən çox müşahidəçini ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosu göndərib; 8 namizədin yarışdığı seçkidə ən şanslı namizəd İlham Əliyevdir; “The Washington Times” “Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc etdi

    Bu gün Azərbaycanda prezident seçkisidir. Seçkidə 8 nəfərin namizədliyi irəli sürülüb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu). Rəy sorğularına görə 8 namizədin yarışdığı seçkidə ən şanslı namizəd İlham Əliyevdir.

    Yeni seçilən prezidentin səlahiyyət müddəti 7 il olacaq.

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 10-da seçkilərlə bağlı mətbuat konfransı keçirib. O öncə qeyd edib ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə tam hazırdır.

    Məzahir Pənahov məlumat verib ki, 125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır. Bu seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb.

    MSK sədri deyib ki, seçkilərlə bağlı müşahidə aparmaq istəyən heç bir şəxsə nə hər hansı seçki dairəsində, MSK-da mənfi cavab verilməyib. Seçkilərlə əlaqədar 60 təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

    Qeyd edək ki, seçkini müşahidə etməyə ən çoxsaylı müşahidəçini ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosu göndərib. Bu qurumun qısamüddətli müşahidə missiyasına 280 daxildir. ATƏT Parlament Assambleyası, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, MDB Parıament Assambleyası müşahidəçiləri də seçkini müşahidə edəcək.

    MSK sədri bəyan edib ki, müşahidəçilərin səsverməni izləmələri üçün bütün şərait yaradılıb.

    MSK sədri qeyd edib ki, səsvermə günü təhlükəsizlik təmin olunmalıdır, bunun üçün polis orqanları məsuliyyət daşıyırlar: “Mərkəzi Seçki Komissiyası polis orqanları ilə seminar-müşavirə keçirib, səsvermə günü atılacaq addımlar müzakirə edilib. Hesab edirəm ki, seçki günü xoşagəlməz hal baş verməyəcək”.

    Seçkini 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq. MSK sədri deyib ki, xarici KİV təmsilçilərinin fəaliyyətinə yerli KİV təmsilçiləri kimi hərtərəfli şərait yaradılacaq.

    M.Pənahov Dövlət Statistika Komitəsi və MSK-nın səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikası arasında 2 milyon nəfərə qədər fərq olmasına aydınlıq gətirib. O deyib ki, Azərbaycanda vətəndaşın səs vermək hüququnu heç kim məhdudlaşdıra bilməz. İstənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər: “Kiminsə adı seçici siyahısına düşməyə bilər. Ancaq Azərbaycanda vətəndaşın səs vermək hüququ mütləqdir. Bunun demokratik, şəffaf seçkilərin təşkilinə kölgə salması imkanı yoxdur. Mən dəfələrlə demişəm ki, bu məsələni qabardanların qohumlarından kiminsə adı seçici siyahısında yoxdursa, biz onun adını məmnuniyyətlə seçici siyahısına sala bilərik. Azərbaycanda MSK və Dövlət Statistika Komitəsinin statistikası arasında fərqin vətəndaşın səsvermə hüququnun təmin olunmasına heç bir təsiri yoxdur. Ancaq bir sıra ölkələrdə adı seçici siyahısında olmayanların səs verməsinə icazə verilmir”.

    Qeyd edək ki, 2017-ci ildə Dövlət Statistika Komitəsinin əhali məlumatlarında ölkədə səsvermə yaşında olan 7 milyondan çox insanın olduğu, MSK-nın isə bu yaxınlarda yaydığı məlumatda 5 milyondan bir qədər çox seçicinin olduğu əksini tapırdı.

    Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası aprelin 11-də səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

    Seçkidə “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.

    Azərbaycan Mətbuat Şurası isə seçki günü jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq. Bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. O qeyd edib ki şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər. Bundan başqa, Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.

    Azərbaycan Mətbuat Şurası seçki günü Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

    Azərbaycanda seçkiyə bir gün qalmış ABŞ-ın məşhur “The Washington Times” qəzetində Avropa Siyasəti Analiz Mərkəzinin baş eksperti Yanuş Buqayskinin müəllifi olduğu “Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?” başlıqlı məqalə dərc olunub. APA-nın xəbərinə görə, yazıda bildirilir ki, aprelin 11-də Azərbaycan xalqı ölkə tarixinin vacib bir mərhələsi ərəfəsində prezident seçkiləri ilə bağlı səs verəcək. Prezident seçkiləri Azərbaycan vətəndaşlarına hökumətin nailiyyətləri ilə bağlı mövqe bildirmək imkanı verəcək.

    Məqalədə həmçinin bildirilir ki, mayın 28-də Rusiya İmperiyasının süqutundan sonra yaranmış, lakin 2 il sonra sovet ordusu tərəfindən işğal edilmiş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi keçiriləcək: “Müasir Azərbaycan ilk müstəqil ölkənin varisidir və onun suverenliyinin qorunması Cənubi Qafqaz və ətraf regionlarda təhlükəsizliyin açarıdır".

    Yazıda Azərbaycanın son 25 ildə imzaladığı neft müqavilələri və Qərblə iqtisadi əlaqələr xatırladılır. Həmçinin Ermənistanla gedən müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında qalmaqda davam etdiyi bildirilir.

    Azərbaycanın həmçinin Xəzər və Qara dəniz hövzələrində stabilləşmə üçün Aİ və NATO ilə əməkdaşlığından söz açılır.

    Məqalədə Azərbaycanın müsəlman dünyasında qadınlara və kişilərə bərabər siyasi hüquqlar, qadınlara seçib seçilmək hüququ verən ölkə olduğu vurğulanır.

    Rubrika.Az


    Facebook-da paylaş