• Mikayıl Cabbarovun “islahatçı imici”ni alt-üst edən müəmmalı iş birliyi

    Mikayıl Cabbarovun “islahatçı imici”ni alt-üst edən müəmmalı iş birliyi

    Elnur Əliyevin sahibkarlara “haqq qoyan” Vüsal İsmayılova havadarlıq etməsinin pərdəarxası

    Sabiq vergilər naziri Fazil Məmmədovun vəzifədən alınmasından, eks təhsil naziri Mikayıl Cabbarovun bu görəvə gətirilməsindən sonra ölkənin ən gəlirli və prestijli qurumlarından birində “daşlar yerindən oynamağa” başladı. Uzun illər sahibkarların, iş adamlarının “qorxulu yuxusu”na çevrilən, Fazil Məmmədovun himayədarlığı ilə korrusiya və rüşvəti gündəlik iş prinsipinə çevirən vergi müfəttişlərinə qarşı yeni nazirin “səlib yürüşü” başlandı. Yüzlərlə eks-nazirə yaxınlığı ilə tanınan, onun kadrı hesab edilən üst düzey məmurlar nazirlikdən uzaqlaşdırıldılar. Mikayıl Cabbarovun vergilər naziri təyin olunduqdan sonra ilk olaraq xeyli sayda yüksək vəzifəli şəxslərin qohumlarını, yaxınlarını Vergilər Nazirliyində tutduqları vəzifələrdən uzaqlaşdırmağa başladı.
    M.Cabbarovun Vergilər Nazirliyindəki önəmli postlardan uzaqlaşdırdığı və adları cəmiyyətə açıqlanan 64 nəfər məmurun illərdir sahibkarlara zülm edən dəstənin özəyini təşkil edənlər olduğu bildirildi. Bu siyahının cəmiyyətə məlum olmayan qismi də var və “təmizləmə” prosesinin davam etdiriləcəyi mesajı da verildi. Hətta o da bildirildi ki, vəzifədən uzaqlaşdırılanlar arasında çox yüksək vəzifəli şəxslər, o cümlədən Prezident Administrasiyasından “tapşırılanlar” da olub, lakin nazir kadr məsələsində prinsipial mövqe tutaraq heç kimə güzəştə getməyib.
    Rubrika.az saytına daxil olan məlumata görə nazirin “təmizləmə əməliyyatından” yayınmağı bacaran, yeni komandada özünə himayədarlar taparaq mövqelərini qorumağı bacaranlar da tapılıb. Halbuki onlar Fazil Məmmədov komandasının “kilid isimlər”indən hesab olunur və cəmiyyətdə kifayət qədər korrupsiyalaşmış imicə malikdirlər. Maraqlıdır ki, belə kadrlar yeni nazirin “yeni imicli islahatçı komandasında” qalmağı necə bacarıblar ?
    Bu cür şəxslərdən biri də İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovdur. Onun sahibkarlara qarşı etdiyi əməllər, “töyücü, naloq dinməver” prinsipi ilə onlara zülm etməsi hamıya məlumdur (ancaq deyəsən hələ yeni nazirə məlum deyil). Rubrika.az-a məlumat verən iş adamları bildirirlər ki, “İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru V. İsmayilov öz vəzifə səlahiyyətlərindən istifadə edərək iri vergi ödəyicisi olan şirkətlərə təzyiq edir ki, bütün alqı-satqı müqavilələri və pul köcürmələri yalniz onun çətiri altında işləyən şirkətlər vasitəsilə aparılsın. Hətta ayrı-ayrı şirkətlərlə bağlanmış müqavilələri ləğv etdirməkdən də çəkinmir. Tabe olmayan şirkətlərin isə min cür bəhanələrlə hesabları bağlanır və ya qanunsuz olaraq iri məbləğlərdə cərimələrlə şirkətin iş fəaliyyəti çətinləşdirilir. Dövlət sifarişlərini yerinə yetirən, tenderlərin qalibi olan iri vergi ödəyicisi olan şirkətlər isə fəaliyyətlərində problem yaranmasın deyə Vüsal İsmayilovun çaldığı havaya oynamağa məcbur olurlar”.
    Vüsal İsmayılovun əməllərindən şikayətçi olan sahibkarların sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyinin nəzdində yaradılan Vergi ödəyicilərinə Xidmət Mərkəzinə - 195 nömrəli Çağrı Mərkəzinə etdikləri müraciətlərin, şikayətlərin isə müəmmalı formada yoxa çıxdığı deyilir.
    Vüsal İsmayılovun nazirlikdə yüksək vəzifəyə necə təyin olunması barəsində də Rubrika.az saytına ilginc məlumatlar daxil olub. Məlumatlarda iddia olunur ki, Vergilər nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovun belə bir yüksək vəzifəyə gətirilməsində həmkəndlisi və qohumu, sabiq nazir Fazil Məmmədovun müşaviri və ən yaxın adamlarından biri olan Mahir Rəfiyev böyük rolu olub. Məlumata görə Mahir Rafiyev Vüsal İsmayılovun bu vəzifəyə təyinatı üçün ondan vaxtı ilə "şirinlik” alıb. Həmin "şirinliyi" Mahir Rəfiyevə isə Vüsal İsmayılovun atası Azər İsmayılovun verdiyi deyilir.

    Araşdırmamız zamanı o da məlum oldu ki, Vüsal İsmayılovun atası Azər İsmayılov uzun illərdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzidində fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində işləyir. Azər İsmayılovun Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumda ciddi maliyyə maxinasiyaları həyata keçirən şəxslərdən biri kimi tanındığı bildirilir.

    Yuxarıda qeyd etdiyimiz kimi V. İsmayılov həm Fazil Məmmədovun kadrı, həm də korrupsiyalaşmış imici ilə heç cür “yeni komandanın parametrlərinə” uyğun gəlmir. Amma, onun öz postunu qoruyub saxlaması, hətta köhnə əməlləri ilə yenidən gündəmə gəlməsi maraqlı nüanslardan xəbər verir. Aydın olan odur ki, nazilikdə yeni komandada V. İsmayılova əməlli-başlı himayədarlıq edən biriləri vardır. Həmin şəxsin kimliyi ilə bağlı Rubrika.az saytına şok məlumatlar daxil olub.
    Məsələ ilə bağlı saytımızın əldə etdiyi məlumatda bildirilir ki, Vüsal İsmayılovun nazirliyin ən önəmli qurumundakı vəzifəsində qalmasının əsl səbəbi yeni nazir Mikayıl Cabbarovun xalası oğlu və müşaviri Elnur Əliyevdir. Məhz Elnur Əliyevin dəstəyi nəticəsində barəsində yüzlərlə şikayətlər olunan, müxtəlif maxinasiyalarda adı hallanan Vüsal İsmayılov vəzifəsində qala bilib.
    Onların “yeni işbirliyi” məhz V. İsmayılovun postunu qoruması ilə nəticələnib. Amma, V. Ismayılovun hansı kriteryalarla Elnur Əliyevin diqqətini çəkdiyi, M. Cabbarovun “islahatçı tədbirlərinə” zərbə vurduğu halda vəzifədə qalması səbəbləri ilə bağlı araşdırmalarımız davam edir.

    Nicat MAHMUDOV
    Rubrika.Az


    Facebook-da paylaş