• ATƏT DTİHB-in missiyasının tərkibindəki ekspert qurumun saxtakarlığını ifşa etdi

    ATƏT DTİHB-in missiyasının tərkibindəki ekspert qurumun saxtakarlığını ifşa etdi

    Prinsipial müşahidəçilər seçki ərəfəsində missiyadan uzaqlaşdırıldı; Vüqar Əhmədov: “ATƏT-in seçki hesabatında Xədicə İsmayıllın, Emin Millinin rolu olub”

    Aprelin 13-də Beynəlxalq Mətbuat Mərkəzində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov mətbuat konfransı keçirib.

    Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Vüqar Əhmədov ötən gün açıqlanan hesabatın missiya nümayəndələrinin şəxsi fikirləri olduğunu bildirib:

    “Mən bir ay müddətində ATƏT-in müşahidə missiyasında çalışdım. Onların dünən açıqladığı hesabatın bir ay müddətində müşahidə olunanla, dünən mətbuat konfransında açıqlanan məlumatla heç bir əlaqəsi yoxdur. Həmin hesabat əvvəldən hazır idi. Dünənki hesabatdan sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Korin Yonkerə məktubla müraciət etdim ki, qeyri-obyektiv və qərəzli yanaşmasını əsas tutaraq missiyanı tərk edirəm. Artıq bununla bağlı rəsmi müraciət etmişəm.

    Bir aylıq fəaliyyətim ərzində ATƏT-in müşahidə missiyasının bütün görüşlərində, müzakirələrində yaxından iştirak etmişəm. Təsisatın martın 29-da dərc olunan ilk hesabatına etirazımı bildirmişdim. Çünki həmin hesabatda seçkidə rəqabət olmaması fikirləri doğru deyildi. Biz bütün namizədlər, qeyri-hökumət təşkilatları ilə görüşdə ancaq müsbət fikirlər eşitdik. Ümid edirdim ki, ATƏT seçkilərə daha obyektiv yanaşacaq. Lakin elə olmadı. Hesab edirəm ki, həmin mətn onlara hazır formada təqdim edilib, onu oxuyanların həmin mətndən xəbəri yoxdur. Onlar siyasi partiyaların, namizədlərin fikirlərini bir kənara qoyub, öz təxəyyülündən irəli gələn məsələlərlə bağlı hesabat verdilər".

    V.Əhmədov bildirib ki, ATƏT-in seçkiləri müşahidə etmək üçün təyin etdiyi nümayəndələr ölkəmizə qərəzli yanaşırlar: “Azərbaycana qarşı ədalətsiz fikir yaradırlar, ölkə ilə bağlı mənfi fikirdədirlər. Bildirim ki, Stefan Krauz hesabatın hazırlanmasında fəal iştirak edən şəxsdir. Dəfələrlə onunla dialoqum olub. Ondan nə üçün hesabatda real fikirlərin yer almadığını soruşdum. O, Azərbaycanda demokratik mühitin olmadığı düşüncəsindədir. ATƏT-in mətbuat məsələləri üzrə analitiki Yeqor Tilpinov hələ seçkidən əvvəl Azərbaycanda azad mətbuatın olmadığını, seçkidə qayda pozuntuları olduğunu deyirdi. Əvvəldən o, bu fikirdə idi. Söyləmişdi ki, bizdə artıq hesabat hazırdır və seçkinin səhəri günü açıqlayacaq. O həmçinin Stefanın artıq əvvəldən hesabatı hazırladığını, həmin hesabatı təqdim edəcəklərini dedi. Onlar nə müşahidə etmələrindən asılı olmayaraq Stefan Krauz 3 aprel 2017-ci ildə İrəvanda keçirilən seçkilərlə bağlı sosial şəbəkə hesabatında onları təbrik etdi. Bu şəxs hər zaman Azərbaycana qarşı qərəzli olub.

    “DTİHB-in açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı”
    Avropadan gələn mütəxəssisin bir şəxs kimi bu fikirdə olması başa düşüləndir. Ancaq bu fikirlərin seçki ilə bağlı hesabatda əks olunması absurddur.

    Onlar bir ay ərzində ATƏT-in ayırdığı vəsaitlə araşdırma aparmaq əvəzinə sadəcə görüntü yaradıblar.

    Bu qədər qərəzli, birtərəfli yanaşma ancaq təxəyyül məhsulu ola bilər. Şahidi oldum ki, Azərbaycan hökuməti bir ay müddətində onların vətəndaş cəmiyyəti, siyasi partiyalarla görüşünə bütün şəraiti yaratmışdı. Azərbaycanda inkişafla bağlı məsələləri deyəndə eşitməzlikdən gəlir, ancaq ölkəmiz əleyhinə olan qarayaxma kampaniyaları ilə maraqlanırlar. Onlar işdən kənar, anti-Azərbaycan düşüncəli Xədicə İsmayıl, Emin Millinin fikirlərindən bəhrələnib, onlarla kontaktda olublar. X.İsmayıl, E.Millinin bu hesabatın hazırlanmasında rolu olub. Dünənki rüsvayçı hesabat da bu fikirlərin haqsız olmadığını göstərir. Seçki günü mən missiyanın ofisində idim, lakin ciddi qayda pozuntusu ilə bağlı şikayət daxil olmadı. Sadəcə, cüzi pozuntular daxil olurdu, lakin onlar hesabatda göstərildiyi kimi deyildi. Nə seçkiyə qədər, nə də seçki günü müşahidələrdə hesabatda açıqlandığı kimi mənfi məqamlara rast gəlinməmişdi.

    Təbii ki, həmin fikirlərlə razılaşmadığıma görə, missiyanı tərk etdim. Ümid edirəm ki, hələ də gec deyil ATƏT-in yekun hesabatı iki ay sonra yayımlanacaq. Ən azından həmin hesabatda gördükləri reallıqları yayımlayacaqlar. Bu barədə fikirlərimi ATƏT-in baş ofisinə göndərəcəm".

    V.Əhmədov söyləyib ki, hesabat səslənən zaman buna etiraz edən jurnalistlər çox haqlıdırlar: “Haqlı olaraq orada iştirak edən jurnalistlər etirazlarını bildirdilər. Bu gözlənilən reaksiya idi. Gözləyirik ki, missiya nümayəndələri hesabata yenidən obyektiv formada baxacaqlar”.

    Rubrika.Az


    Facebook-da paylaş