• Amerika Suriya üzərindən Rusiyanı vurdu

    Amerika Suriya üzərindən Rusiyanı vurdu

    Moskvanın qüdrətli dövlət imici çətin sınaq qarşısındadır

    ABŞ, Britaniya və Fransanın “məhdud zərbələri” Rusiya radarlarından “yan keçərək” Suriya hərbi obyektlərini vurdu, ruslar isə qisasa hazırlaşır
    Dəməşq yaxınlığındakı Duma qəsəbəsində kimyəvi silah istifadəsi iddialarından bir həftə sonra ABŞ Suriyanı vurdu. Ötən həftə şənbə günü hökumət qüvvələrinin Dumada xlor qazından istifadə etdiyi iddialarından həmən sonra Vaşinqton Suriyanı bombalayacağını elan etmişdi.

    Şənbə günü sabaha yaxın Vaşinqtonda davam edən toplantıdan sonra prezident Trampın “vur” əmri gəlib və dərhal ABŞ hərbi dəniz qüvvələri Suriya mövqelərini raket atəşinə tutub. ABŞ prezidenti bildirib ki, orduya Suriya hökumətinin kimyəvi silah mərkəzlərinə zərbə endirilməsi üçün təlimat verib. Əməliyyata Britaniya və Fransa da dəstək verib. Ancaq iki ölkənin dəstəyi formal olub.
    ABŞ müdafiə naziri Ceyms Mattis və baş qərargah rəisi Cozef Danford hücumdan sonra açıqlama verib. Baş qərargah rəisi bildirib ki, əməliyyat bir dəfə üçün nəzərdə tutulub və davamı olmayacaq. ABŞ ordusu Suriya hökumətinə məxsus 3 kimyəvi silah laboratoriyasının vudulduğunu açıqlayıb. Burada Dəməşqdə yerləşən elmi araşdırma mərkəzi, Hums vilayətinin qərbində kimyəvi silah anbarı, hərbi qərargah, Dumeyr hərbi hava aerodromu, eləcə də Dəməşq beynəlxalq hava limanı hədəfə alınıb. Hücum zamanı mülki əhalinin zərər görmədiyini bildirib. Müdafiə naziri Mattis isə bildirib ki. Əsəd bir daha kimyəvi silahdan istifadə edərsə, növbəti zərbələr endiriləcək.

    Zərbələr Qırmızı dənizdəki iki ABŞ hərbi gəmisindən, Aralıq dənizindəki taktik bombardmançı təyyarələr və Tanf bölgəsindəki B-1B təyyarələri ilə həyata keçirilib.
    Maraqlıdır ki, Britaniya və Fransa rəhbərliyi hücumun sadəcə Suriya ordusunun kimyəvi silah imkanlarını məhv etmək məqsədi daşıdığını vurğulayıblar. Bununla da bir mənada toqquşmanın böyüməsində maraqlı olmadıqlarını qeyd etmək istəyiblər. 14 aprel zərbələri bir mənada 2017-ci il aprelin 7-dəki zərbələri xatırladıb.
    Qeyd edək ki, Suriya ordusu sözçüsü ABŞ və müttəfiqlərinin endirdiyi zərbələr zamanı 6 mülki əhlinin xəsarət aldığını bəyan edib. ABŞ ordusunun atdığı “Tomahauk” raketlərinə qarşı Suriya ordusu sovet istehsalı olan “Pantsir S1” hava hücumundan müdafiə sistemləri ilə müdafiə olunub. Yalnız 13 raketin vurulduğunu açıqlayıb.
    Suriyaya 14 aprel zərbələri qeyd olunduğu kimi, məhdud, konkret hədəfləri vurmağı nəzərdə tutan əməliyyat olub. Əməliyyatın davamı nəzərdə tutulmadığı üçün bunun Suriyada indiki situasiyada konkret nəticə doğuracağını demək çətindir. Ancaq davamlı olacağı təqdirdə bu prosesin müxalif güclərin hücuma hazırlaşdığı və onlar üçün motivasiya olması gözlənilirdi. Amma bu olmadı, Tramp məhdud, əvvəldən müəyyən olunmuş hədəflərə həyata keçirildiyini bildirib.
    Hava zərbələrinə cavab olaraq Suriya prezidenti Bəşər Əsəd rəsmi facebook səhifəsində hava zərbələrindən sonra səhər işə getdiyini əks etdirən 8 dəqiqəlik kadr yayınlayıb. Bununla da hava zərbələrinin Dəməşqdə ciddi əndişə doğurmadığını bildirib və ruh yüksəkliyi yaratmağa çalışıb. Eləcə də sabah saatlarında Dəməşq küçələrində kiçik şənliklər təşkil olunmaqla cavab verilib.
    Gözlənildiyi kimi, İran zərbələri qınayıb və daha ağır nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edib. Türkiyə XİN isə dəstək bəyanatı verib. Rusiya ordusu isə bəyan edib ki, zərbələr Suriyadakı Rusiya hava hücumundan müdafiə qüvvələrinin radar bölgələrindən kənarda həyata keçirilib və radarlara düşməyib.
    Ancaq təbii ki, bu zərbələrin əsas hədəfi Rusiya olub. Çünki ABŞ hərbiyyəsi Suriyadakı obyektləri vurmaqla Rusiyaya “istədiyim zaman vura bilərəm”, mesajını verib. Halbuki ruslar həftə ərzində bir neçə dəfə Suriyaya zərbələrin cavabsız qalmayacağını bildirmişdilər. Ancaq göründüyü kimi olmadı. Əslində bir mənada rusların provokasiyaya gedib daha böyük müharibəyə səbəb olmamaları müsbət addım hesab oluna bilər. Lakin nəticə etibarı ilə son hadisələrdə güclü tərəf ABŞ oldu və bu, Rusiyanın imicinə ciddi zərbədir. Maraqlıdır ki, əməliyyatdan sonra Rusiyanın Vaşinqtondakı səfiri Antonovun imzası ilə yayılmış açıqlamada “Öncədən planlanmış bir senari həyata keçirildi. Yenidən təhdid edilrik. Bu cür əməliyyatların nəticəsiz qalmayacağı ilə bağlı xəbərdarlıq etmişdik. Bütün məsuliyyət Vaşinqton, London və Parisin üzərindədir”.
    Bu isə o deməkdir ki, Moskva “mesajı aldığını” açıq bəyan edir. İndi bir mənada Moskvanın qüdrətli dövlət imici çətin sınaq qarşısındadır. Ruslar açıq qarşıdurmada amerikalıların qarşısından çəkilsələr də, güman ki, başqa formada Əsədə dəstək verməyə çalışacaqlar. Bu isə o deməkdir ki, Suriyada savaş bir qədər də şiddətlənəcək. Çünki Qərb tədricən Suriyaya zərbələrini arıtrmaqla hökumətin hərbi potensialını məhdudlaşdırmağa, İraqda olduğu kimi hava güclərini tamamən sıradan çıxarmağa çalışır. Hələlik Rusiya hava hücumundan müdafiə güclərinin olması bunu tam mənada reallaşdırmağa mane olur. Amma Vaşinqton heç yerə tələsəmədiyini nümayiş etdirir. Rusiya və Suriya üçünsə savaşın tez başa çatması vacibdir.
    Nəticə etibarı ilə 14 aprel əməliyyatı Rusiyanın imicinə mənfi təsir etməklə birlikdə hərbi toqquşmaları daha da alovlandıracaq.(Musavat.com)

    Rubrika.az









    Facebook-da paylaş