• Əli Kərimli seçkiləri boykot etdi, xalq da onu...

    Əli Kərimli seçkiləri boykot etdi, xalq da onu...

    Milli Şuranın mitinq rəzalətinə sözardı

    Milli Şura və Müsavat Partiyası aprelin 14-də növbəti dəfə “Məhsul” stadionuna yığışdı. Bunca çağırışlara, təbliğat və təşviqata rəğmən mitinqləri yenə alınmadı. Müxalifət sosial şəbəkələrdə bütün gücü ilə mitinqdə iştirakla bağlı çağırışlar etdi, fəqət bu çağırışlar tam əks effekt verdi:

    14 aprel aksiyasına qatılanların sayı 31 mart mitinqinə gələnlərin sayından ən azı 2 dəfə az oldu. Aşağıdakı fotolar Milli Şuranın iki ayrı-ayrı mitinqindən musavat.com-un reportyoru tərəfindən çəkilib. Birinci foto 31 mart aksiyasına, 2-ci şəkil 14 aprel aksiyasına aiddi. Fərqi görməmək mümkün deyil.

    Niyə belədi? Xalq müxalifətin icazəli mitinqlərinə niyə qatılmır? Heç öz üzvləri də bu tədbirlərə ciddi baxmır artıq.

    İqtidardan narazılıq yoxdumu? Əlbəttə var. Ən nüfuzlu siyasi qüvvə belə iqtidara gələndən az sonra ciddi reytinq itirir. Bunun siyasi-ictimai və hətta psixoloji tərəfləri ilə işimiz yoxdu. Bu günkü Azərbaycan iqtidarından hər kəsin birmənalı şəkildə razı qaldığını da iddia etmək xeyli qeyri-ciddi və reallıqdan uzaq görünərdi. Bütün bunlara rəğmən ölkə insanı müxalifətin mitinqlərinə getmir. Bu qüvvəni demək olar tam boykot edir. Onlar seçkiləri boykot etməklə xalqın dəstəyini qazanacaqlarını düşünürdülər. Tam əksi ilə üzləşdilər: xalq bunları boykot etdi.

    Ə.Kərimlinin, A.Hacılının, C.Həsənlinin vədləri nədir? “Xoşbəxt gələcək”, “Demokratik mühit”, “Azad seçki”, “Ölkə sərvətlərinin ədalətli bölünməsi” və s. Xalq öz içindən çıxan müxalifəti də, iqtidarı yaxşı tanıyır. Bir səhnəyə baxın! Bu miskin adamlar Azərbaycanı necə xoşbəxt edə bilərlər?! Bu ölkənin ən böyük xoşbəxtliyi onun bir saylı probleminin həllindən keçir. O da Qarabağın işğaldan azad edilməsidi. Azərbaycan yalnız işğaldakı torpaqlarını azad etdikdən, oradan didərgin düşmüş vətəndaşlar həmin yerlərə qaytarıldıqdan sonra tam xoşbəxt və təhlükəsiz ölkəyə çevrilə bilər. Allah eşqinə, Əli Kərimli, yaxud Cəmil Həsənli, lap elə Arif Hacılı bu nəhəng problemi hansı potensialla, hanı güc və qabiliyyət hesabına həll edib, ölkəni ağ günə çıxara bilərlər?

    Yaxud iqtisadi baxımdan Azərbaycanda hansı inkişafın öhdəsindən gələ bilərlər? Bunun üçün ciddi komanda və əlaqələr lazımdı. Başlarına yığdıqları adamların, siyasi vitrində olan funksionerlərin əksəriyyəti qaçıb Avropaya sığınıb. Burdakı tərəfdarlarının böyük əksəriyyəti ortaya çıxarılası deyil. O zaman soruşmaq lazımdı, iqtisadiyyatı necə, hansı üsullarla, hansı qabiliyyət və komanda ilə qaldıracaqsınız?

    Ölkəmizdə güclü siyasi müxalifətin olması mütləq lazımdı. Müxalifətin olmasını şərtləndirən əsas amil ictimai dəstəkdir. O, yoxdusa, müxalifət yoxdu. Xalqın dəstəyinin olması üçün də rəqabət apardığın siyasi qüvvədən – hakimiyyətdən ciddi şəkildə fərqlənməlisən. Təbii ki, yaxşı mənada. Xalqı arxaikləşmiş, nimdaşlaşmış şüar və tezislərlə ətrafına yığa bilməzsən. Son 25 ildə ikicə fərqli və yeni şüar yarada bilməyən bir siyasi qüvvə kütlələrə necə təsir edə bilər?! 25 il durmadan “Azadlıq”, “İstefa” bağıraraq siyasət aparmağın heç bir faydası ola bilməzdi. Sosial şəbəkələrə söyüş, qarğış gətirməklə, "like" yığmaqla da hansısa siyasi nəticə əldə etmək mümkünsüzdür. Əli Kərimli və onun başındakı talesiz, aldadılmış vətəndaşlarımız nəhayət, asqırıb virtual yuxusundan, facebook röyasından ayılmalıdırlar. Facebookda, youtubedə çıxışlarına baxış sayı ilə (hələ şübhə var ki, o videolara baxış sayı süni yolla çoxalır. İnternetdə bunun üçün xüsusi proqramların olduğu çoxlarına bəllidi-red.) reallıq arasında ciddi fərqlər var. Ona qalsa porno filmlərə də çox baxılır. Amma nolsun...

    Ümumiyyətlə, seçkidən sonra mitinq təşkil etmək siyasi korafəhmlikdən başqa bir şey deyil. Olan-qalan tərəfdar zatən iqtidarın qələbəsindən sonra ruh düşkünlüyü yaşayır. Belə şəraitdə mitinq təyin edib, biabır olmaq, rəzil duruma düşmək yalnız Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimi avantüristlərin işi ola bilərdi. Bunlar heç müxalifət də ola (işləyə) bilmirlər.

    Və nəhayət! Milli Şura və Müsavat rəhbərliyi seçkidən sonra hakimiyyətə ən böyük xidmətlərini göstərdilər. Bir ovuc qaldıqlarını, “əriyib suya döndüklərini, axıb çaya getdiklərini” özləri isbatladılar.

    Bu adamlar müxalifətçiliyi məhv etdilər. İnamı sarsıtdılar. Bunlara inanıb, siyasətə könül vermiş minlərlə insanın həyatını qaraltdılar. İndi də öz övladlarını xaricə göndərib, onların təhlükəsizliyini, gələcəyini Avropada təmin edib, burda siyasi bizneslə məşğuldular. Əvəzində başqalarının övladlarını vicdansızcasına qullanırlar. O tribunada oğullarınızla yan-yana dayanın, cəmiyyətə mesaj verin ki, övladlarınız da bu mübarizə sizinlədi. Daha aparıb Londonda, Amerikada, Polşada, Avropanın təhlükəsiz şəhərlərində gizlətməyin gül balalarınızı.

    Azər AYXAN, "Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini


    Facebook-da paylaş