• Mahmudovun övladı, əmisi oğlu da məhkəmələrdə cavab verməli olacaqlar - GƏLİŞMƏ

    Mahmudovun övladı, əmisi oğlu da məhkəmələrdə cavab verməli olacaqlar - GƏLİŞMƏ

    11 ilə yaxın milli təhlükəsizlik naziri postunu tutmuş, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki “soyğunçu çete”ni himayə etmiş Eldar Mahmudov indiyədək həbs olunmasa da, hazırda məhkəmə burulğanındadır. Qızının ardından onun özünü də məhkəməyə veriblər, sabiq nazirin əmisi oğlunu da bu ilin sonlarında məhkəmə qarşısına çıxaracaqlar. Mahmudovların qeyri-rəsmi toxunulmazlığı 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində keçirilən məlum əməliyyatdan sonra götürülsə də, ötən ilin sonlarına qədər onlara qarşı faktiki olaraq addım atılmırdı.

    Rubrika.Az teref.info-ya istinadla bildirir ki, ara-sıra sabiq nazirin əmisi oğlu və köməkçisi olmuş Vüqar Mahmudovu məhkəmələrə çağırıb, 1-2 sual verib yola salırdılar.

    2017-ci ilin noyabrında isə Vüqar Mahmudovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırıb həbs etdilər. Ardınca Eldar Mahmudov da istintaqa çağırıldı, bir neçə dəfə ifadə verdi.

    İndi isə Eldar Mahmudov, eyni zamanda, ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyev məhkəməyə verilib.

    Hər 2 şəxsi məhkəməyə bir müddət əvvəl şərlənərək həbs edilən, 21 ay həbsdə saxlanılan və sonradan isə bəraət alan Mətləb Mustafayev verib. Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. O, iddia ərizəsində Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib. Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir. İddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası aprelin 24-nə təyin edilib. Mətləb Mustafayev Mövlam Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini Səbail rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlam Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb. Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir. Bu iddia ərizəsi hakim Nurəddin Bağırovun icraatına verilib. İlkin baxış iclası mayın 1-nə təyin edilib. Mətləb Mustafayev hər 2 iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib.

    Buna səbəb Eldar Mahmudov və Mövlam Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olmaları olub. Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə çalışıb, 2014-cü ilədək «Azərsu» ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Axar.az xəbər verib ki, Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-nin rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb. Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar. MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib. İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib. Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun bəraət istəməsi barədə şikayəti təmin edilməyib. Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar. Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.

    Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 şəxsə qarşı iddia isə bu ilin martında məhkəməyə təqdim olunub. Eks nazirin qızını məhkəməyə verən isə “Eyfel” MMC tikinti şirkətidir. İddiaçı qismində tanınan tikinti şirkəti tələb edib ki, MMC ilə Nərgiz Eldar qızı Mahmudova, Q.Şahqasımov və T.Əzimova arasında bağlanmış müqavilələr etibarsız hesab edilsin. Bununla yanaşı, “Eyfel” MMC hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb. Yasamal Rayon Məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra “Eyfel” MMC Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. “Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov şirkəti “MTN işi”nə görə hazırda axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevlə birgə təsis edib. Belə ki, Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-in (ləğv olunub) dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı olduğu halda MTN-in dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qurtara bilib.

    Yavər Qurbanov bundan sonra da qanunsuzluq etməkdə davam edib. Bu dəfə Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən sökməyə başlayıblar. Söküntünü “Fədək” MMC aparıb. Sakinlər isə buna etiraz ediblər. 2017-ci ilin martında baş verən söküntü işləri gedərkən məlum olub ki, bu MMC-nin təsisçisi Yavər Qurbanovdur. Onun keçmişi haqda məlumat alan sakinlər mənzillərindən çıxmaq istəmir, şirkətin təklif etdiyi şərtləri qəbul etmirdilər. Deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Əsas da odur ki, MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub. Yada salaq ki, 2009-cu ildə Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Bakı şəhər sakini, “Eyfel” MMC-nin direktoru Yavər Qurbanov saxta sənəd tərtib etməklə yeni inşa edilən çoxmərtəbəli binadan Rasif Sultanov adlı şəxsə mənzil satıb. Bu dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edilib.

    Ərizə əsasında cinayət işi başlanıb və Qurbanov həbs edilmişdi. Yavər Qurbanovun direktoru olduğu “Eyfel” MMC Bakı metrosunun Nizami stansiyasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirib. Mətbuatda yer alan xəbərlərə görə, o, həmçinin Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan “Akula Akif”lə birlikdə 2010-cu ildə “ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

    “Akula Akif” kimi tanınan Akif Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri hesab olunur. Mustafayev Akif İsmayıl oğlu özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub. “Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirdi. O, E.Mahmudovun işdən çıxarılması barədə 2015-ci il oktyabrın 17-də elan edilən fərmandan və həmin gün MTN-in binasında Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin keçirdiyi əməliyyatdan xəbər tutan kimi ölkədən qaçmaq qərarına gəlib. Növbəti gün o, səhər saat 08:40 reysi ilə Bakıdan Belarusun paytaxtı Minskə, oradan isə Parisə qaçıb. Hazırda isə İnterpolun axtarışındadır. Beynəlxalq polis təşkilatının rəsmi saytında göstərilir ki, 1955-ci ildə anadan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı rüşvət ittihamı var.

    Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovu, qeyd etdiyimiz kimi, ötən ilin noyabrında həbs ediblər. Bakı Hərbi Məhkəməsi Vüqar Mahmudovun barəsində ilkin olaraq 4 aylıq həbs qərarı verib. Həmin müddət bu ilin fevralında bitib. Bundan sonra Vüqar Mahmudov yenidən məhkəmə qarşısına çıxarılıb və həbs müddəti növbəti dəfə 4 ay müddətinə uzadılıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    V.Mahmudov Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Rubrika.Az


    Facebook-da paylaş