• Ermənistanda kritik gün - bu gün inqilabın taleyi həll olunur

    Ermənistanda kritik gün - bu gün inqilabın taleyi həll olunur

    Erkən parlament seçkilərinədək işğalçı ölkənin müvəqqəti baş nazirinin adı bu gün bəlli olmalıdır; İrəvanda həlledici danışıqlar başlayır; Moskvanın adamı keçməsə, sürprizi nə olacaq? Rusiyalı ekspertlərdən ilginc proqnoz və xəbərdarlıqlar...

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, bu gün Ermənistan üçün, daha dəqiqi, xunta rejiminə qarşı mühüm qələbə qazanmış inqilabi hərəkat üçün kifayət qədər kritik gündür: parlament ölkənin müvəqqəti baş nazirini müəyyən etməlidir. Ona görə müvəqqəti ki, srağagün müxalifət lideri, qərbyönlü kimi tanınan Nikol Paşinyan bəyan edib ki, xalqın adamı olacaq yeni baş nazir dəqiqləşəndən sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir. Paşinyanın elan elədiyi “Yol xəritəsi”ndə ikinci bənd budur.

    Odur ki, bu günə nəzərdə tutulan iqtidar-müxalifət danışıqları təkcə yeni baş nazirin deyil, bütövlükdə aprel inqilabının taleyinə aydınlıq gətirmiş olacaq. Diqqətçəkicidir ki, kritik gün ərəfəsində Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın baş nazirinin 1-ci müavini, Rusiyanın adamı kimi tanınan Karen Karapetyanla zəngləşərək ölkədəki situasiyanı müzakirə edib. Aydındır ki, Moskva baş nazir postunda Karapetyan kimi birisini görmək arzusundadır, nəinki qərbyönlü şəxsi.

    *****

    Qeyd edək ki, indiki parlamentdə Sərkisyan tərəfdarları - hakim Respublikaçılar Partiyasının təmsilçiləri üstünlük təşkil edir və onlar asanca Rusiyanın adamını təsdiq edə bilərlər. Lakin Ermənistanda inqilabi bir situasiya hökm sürdüyü üçün müxalifət razılıq verməsə, parlament Kremlin adamını təsdiqləməyə risk etməz.

    O halda Rusiyanın cavabı, yaxud gedişi, sürprizi nə olacaq? Bu, çox maraqlıdır. Hərçənd, yeni baş nazir, yəqin ki, müvəqqəti olacaq, seçkilərədək işləyəcək. İstənilən halda onun personası inqilabi hərəkatın məntiqi sonluğa çatması baxımından az önəm kəsb eləmir və bunu Kreml, Putin də yaxşı bilir. Əgər o, qərbyönlü müxalifətin adamı olacaqsa, demək ki, erkən seçkilərdə də elə o və ya onun arxasında duran siyasi qüvvə qalib gələcək.

    *****

    Bizi, Azərbaycanı isə, təbii ki, ən çox işğaldakı Qarabağın, digər torpaqlarımızın taleyi, sülh danışıqların aqibəti maraqlandırır. Politoloqların bu xüsusda şərhləri maraq doğurur.

    Məsələn, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, ümumiyyətlə, Ermənistanı istər Qarabağ klanı idarə eləsin, istərsə də ermənilər özləri, İrəvanın strategiyası kökündən səhvdir: “Regionda balaca Ermənistan güclü ölkələrin qarşısına çıxa bilməz. Yəni reallıqda onlara imkan verilsə, Azərbaycanla sülhə gələrlər. Çünki ciddi şəkildə başa düşürlər ki, Azərbaycan torpaq məsələsində güzəştə getməyəcək. İkincisi, Azərbaycan siyasətinin əsas istiqaməti işğal olunmuş torpaqlarını azad etməkdir. Reallıq belədir və bunu anlamadırlar. Üçüncü amil isə odur ki, Türkiyə məsələdə Azərbaycanın yanındadır. Nəhayət, ən əsası, Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil”.

    Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyi bəlli. Ən əsası, bu mövqe Ermənistanınkından fərqli olaraq, sırf beynəlxalq hüquqa söykənir. Demək, Qarabağ məsələsində irəliləyiş olması üçün öncə işğalçı tərəf strategiyanı dəyişməli, öz mövqeyinə ciddi düzəliş eləməli, destruktivlikdən konstruktivliyə köklənməlidir. Yox, yenə ənənəvi, radikal Qarabağ siyasəti davam etdiriləcəksə, o zaman erməni toplumunda haqlı sual yaranacaq ki, Sərkisyan rejimini devirməyə, inqilab eləməyə dəyərdimi?

    Ənənəvi Qarabağ siyasətinin erməni xalqına gətirdiyi bəlalar isə ortada. Ona ən böyük zərbəni məhz kriminal Sərkisyan rejimi, “Qarabağ klanı” vurdu. İndi təzədən bu siyasətə qayıtmaq, yaxud onu davam etdirmək, bundan da betəri, daha radikal kurs götürmək, sadəcə olaraq, erməni cəmiyyətinin iztirablarını artıracaq, böyük sülhü deyil, böyük müharibəni qaçılmaz edərək yaxınlaşdıracaq, faktiki Ermənistan adlı kvazi-dövlətin suisidini tezləşdirəcək.

    Səfalətdən, müharibə izolyasiya vəziyyətindən, gənc əsgər tabutlarından təngə gələn erməni xalqına bu yol artıq lazım deyil. Bu yol artıqlaması ilə, bütün mümkün itkiləri ilə keçilib. İndi yalnız bir yol qalır - Azərbaycan və Türkiyə ilə dil tapıb 30 illik siyasi-iqtisadi bataqlıqdan, ağır blokada vəziyyətindən çıxmaq. İnqilab müəllifləri bunu bacaracaqmı?

    *****

    Ümid eləmək qalır ki, Dağlıq Qarabağ məsələsində daha praqmatik mövqeyi ilə seçilən, Türkiyə və Azərbaycanla tezliklə barışın tərəfdarı olan eks-prezident Levon Ter-Petrosyana yaxınlığı ilə tanınan Paşinyan və silahdaşları yekun etibarilə onun tövsiyələrini ciddiyə alacaq, Ter- Petrosyanın vaxtilə söylədiyi məşhur fikri diqqətə alacaqlar. 1998-ci ildə o demişdi: “Ermənistan indi ona təklif ediləni götürməsə, sonra yalvaracaq. Çünki Azərbaycan güclənəcək”.

    Artıq həmin zaman - Azərbaycanın işğalçı ölkədən iqtisadi, hərbi baxımdan qat-qat üstün olduğu zamandır.

    Bu da maraqlıdır ki, Serj Sərksiyanın istefasından az sonra Levon Ter-Petrosyana ilk baş çəkən Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan olub. Məxfi görüşün detalları açıqlanmır, ancaq şübhə yoxdur ki, hazırda təzədən ölkənin siyasi gündəminə qayıdan Ter-Petrosyanla söhbətdə əsas diqqət Qarabağ mövzusuna ayrılıb.

    *****

    Rusiya mediasında da Ermənistanda aprel inqilabı ilə bağlı şərhlər gedir. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Rosbalt.ru nəşrində dünən getmiş məqalədə deyilir: “Ermənistandakı qəfil inqilabi hadisələrə Kremlin hansı reaksiyasını gözləmək olar? Nə qədər ki, Gümrüdəki rus hərbi bazasını çıxarmaq tələbi olmayıb - Ermənistan üçün heç bir. Tələb ola bilərmi? Ola bilər. Heç olmasa, Rusiyanı daha yaxşı ”sağmaq" üçün. Necə ki, Qırğızıstanda belə olmuşdu. Moskva üçün isə nəticələr qəmli ola bilər. O sadə səbəbdən ki, Rusiya hakimiyyəti bütün xarici təhdidləri özünün daxili siyasi düşmənlərin üzərinə yükləməyə artıq vərdiş edib. Belə görünür ki, Rusiyanın “5-ci kolon”ları üçün çətin günlər başlayıb".

    Müəllifə görə, Ermənistandakı son hadisələr Kremlin Qərb dünyası ilə onsuz da gərgin olan qarşıdurma spiralını bir az da sıxmış olacaq: “İstənilən halda Ermənistandakı inqilaba münasibəti Rusiya lideri müəyyən və elan eləməlidir, nəinki Medvedev... Əlbəttə ki, Ermənistandakı geosiyasi bardak Suriyadakı qələbəni daha arzuolunan və bahalı edəcək - hansı qələbəyə ki, belə görünür, Moskva özünün sonuncu resurslarını da əsirgəmir”.

    *****

    “Ermənistanda rəngli inqilab qalib gəldi. Bəs sonra? Baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın arxasında siyasi partiya yoxdur. Erkən parlament seçkilərində əksər mandatları indiki müxalifət partiyaları qazanacaq. Onlar yeni hökumət formalaşdıracaq. İstefaya gedən Serj Sərkisyan da, görünür, parlamentdə müxalifət lideri olacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri isə rusiyalı tanınmış politoloq, prezident Putinin səlahiyyətli nümayəndəsi sayılan Sergey Markov deyib.

    Onun sözlərinə görə, yeni hökumətin xarici siyasət kursu, yəqin ki, ABŞ-ın nəzarətində olacaq: “O ABŞ ki, çevrilişi aktiv şəkildə müdafiə edib. Qiyamın başçısı Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan Avrasiya Birliyindən çıxmalıdır. Onun hərəkatı da elə ”çıxış" (“Yelk”) adlandır. Bütün anti-Rusiya qüvvələri Sərkisyanın devrilməsini dəstəklədi. Müttəfiqinin sındırılmasından karıxan Rusiya isə susur. Ermənistan Rusiyanın müttəfiqi statusundan uzaqlaşacaq. Məsələ, sadəcə, ondadır ki, bu, nə dərəcədə sürətli və radikal şəkildə olacaq".

    Rubrika.Az


    Facebook-da paylaş