• Ölkənin baş baytarının başı dərddədir

    Ölkənin baş baytarının başı dərddədir

    Azər Süleymanovun sonunu gətirən müdhiş korrupsiya faktları

    Heydər Əsədovdan sonra onun komandasında təmsil olunan və “aqrar faciələrin” müəllifləri olan məmurların da bu ilk baharda xəzan tökümü gözlənilir


    Dövlət başçısının seçkilərdən sonra apardığı kadr islahatları nəticəsində kifayət qədər korrupsiyalaşmış, yürüdülən siyasi xəttə zidd fəaliyyəti ilə son nəticədə böyük problemlər yaradan bir sıra dövlət qurumlarının rəhbər işçiləri öz kürsülərini itirdilər. Əslində çoxdan etimad limitini itirmiş məmurların son gedişi cəmiyyətdə razılıqla qarşılandı. Gedənlər arasında Kənd Təsərrüfatı naziri Heydər Əsədov da var. Onun vəzifədən alınması ən azından dolanacağı torpaqdan çıxan, əli qabarlı hər bir Azərbaycan kəndlisinin ürəyindən oldu. Çünki, illərdir ki, onların adından manipulyasiya edən, kağız üzərində Azərbaycanın aqrar sektorunda xarüqələr yaradan, əslində isə qədim tarixə malik olan kənd təsərrüfatı sektorunu korrupsiya bataqlığında batıran H. Əsədov gedişi bu sahədə ilk böyük islahat paketi idi. Aqrar sektorda “pambıqla baş kəsib” “yağ, bal içində üzən” əsədovçuların əməllərinin vurduğu yaralar bu torpağı hələ çox sızıldadacaq. Təbii ki, Əsədovdan sonra onun komandasında təmsil olunan və “aqrar faciələrin” müəllifləri olan məmurların da bu baharda xəzan tökümü gözləniləndir. Bu siyahıda isə ilk ağıla gələn Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanovdur.
    Rubrika.az saytına daxil olan məlumatlara görə öz fəaliyyəti ilə heyvandarlığın inkişafına zərbə vuran A. Süleymanov barədə tezliklə son qərarın verilməsi gözənilir.
    Ölkənin KİV-də, o cümlədən sosial mediyada, telexəbərlərdə mal-qaranın xəstəliklərdən kütləvi qırılması, habelə sosial şəbəkələrdə ölkəyə yararsız vaksininin gətirilməsi nəticəsində mal-qaranın dabaq xəstəliyinə tutulması, baytar həkimlərini respublikada nə qədər ət dükanı varsa hamısından hər ay qanunsuz pul yığdırmağa məcbur edilməsi barədə demək olar ki, hər gün xəbərlər yayımlanmaqdadır. Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur.

    Rubrika.az saytı bildiri ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq bir başa baytarlığın əsas vəzifələrinə daxildir.Amma Azər müəllimin başı digər qanunsuz tədbirlərin “həyata keçirilməsi”nə qarışdığı üçün yerlərdə heyvan xəstəliklərinə qarşı baytarlıq tədbirlərinin aparılması aşağı səviyyədədir. Belə ki, baytar həkimləri qanunsuz pul yığmaq üçün müəyyən edilməmiş yerlərdə kəsilən heyvan cəmdəklərinə bilərəkdən göz yummağa, güya müayinədən keçməsi barədə yerindəcə sənəd verməyə sövq edilir. “Baytarlıq xidməti” adı ilə səlahiyyətindən kənar şadlıq evlərindən, mağazalarından pul yığmağa məcbur edilir. Onlar səlahiyyətlərinə aid olmayan əlavə işlərə göndərilir. Bütün bu qanunsuzluqlar da vicdanlı baytar həkimlərinin əlini işdən soyudur. Ona görə də baytar həkimlərində baytarlıq tədbirlərinin aparılmasna vaxt və maraq qalmır.

    Rubrika.az saytına verilən məlumatlara əsasən baytarlıq idarələrinin rəisləri öz rəhbərlərinin qeyri-rəsmi göstərişi ilə büdcə vəsaiti hesabına alınmış keyfiyyətsiz vaksinləri silmək üçün baytarlıq tədbirlərinin aparılmasına dair formal aktlar tərtib etmək zorunda qalırlar. Məsələn, malqaranın vərəmə, brusellyoza, xlamidioza, helmintozlara, cütləşmə və s. xəstəliklərə qarşı diaqnostika məqsədlə müayinələr aparılmadan sənədlər yazılır. Tədbir aparılması barədə tərtib edilmiş siyahıda heyvan sahiblərinin adları qarşısında onlara aid olmayan imzalar atılır. Əhalinin şəxsi təsərrüfatlarında olan malqaranın baş sayı şişirdilir. Əgər həmin siyahılar araşdırılsa, siyahıda qeyd edilən malqaranın baş sayı mövcud heyvanların baş sayı ilə uyğun gəlməyəcək. (Siyahıda vaksinin silinməsi üçün kəndlinin heyvanın baş sayı artıq göstərilir) .Azər Süleymanovun tender “oyunları” nəticəsində ölkəyə gətirilən peyvənd vasitələri malqaranı yoluxucu xəstəliklərdən qorumur. Keyfiyyətsiz peyvənd vastələrinin tətbiqi nəticəsində törənən fəsadlar da gözqabağındadır.
    Rubrika.az saytına verilən məlumata görə Azər Süleymanov peşəkar baytarlıq kadrlarını işdən uzaqlaşdıraraq qohumlarını, tələbə yoldaşlarını vəzifələrə təyin edib. Elə onların qırılmaz iş birliyi nəticəsində də baytarlıq sistemində faciəli vəziyyət yaranıb.
    Rubrika.az saytına daxil olan məlumatlara görə aqrar sektorun dirçəldilməsi üçün inqilabi sayıla biləcək islahatlar paketi həyata keçiriləcək. Bu islahatları isə daha sağlam, praqmatik qüvvələrlə gerçəkləşdirmək mümkündür. Yəqin ki, Heydər Əsədov üçün görünən yolun sonu tezliklə A. Süleymanov üçün də görünəcəkdir.

    Nicat Mahmudov


    Facebook-da paylaş