• İŞİD Ronaldo və Messini hədəfə aldı: dünya futbolu şokda...

    İŞİD Ronaldo və Messini hədəfə aldı: dünya futbolu şokda...

    Arzu Nağıyev: “İki dünya ulduzunun hədəf seçilməsinin əsas səbəbi...”
    Əhəd Məmmədli: “...Putinə geri çəkil mesajıdır”
    Aydın Bağırov: “Ronaldo və Messi ona görə hədəf göstərilir ki...”
    İŞİD dünya futbolunun iki əsas ulduzunu - Lionel Messi və Kriştiano Ronaldonu hədəfə götürüb. Gələn ay Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatında terror aktları planlaşdıran terror təşkilatı bunu iki oyunçunun üzərindən edəcəyi barədə şok mesajlar verib.

    Rubrika.az Publika.az-a istinaden xəbər verir ki, “Daily Mirror” nəşri superstarların yaşıl meydanda başları kəsilərkən düzəldilmiş fotolarını yayımlayıb. Qəzet bu fotoların İŞİD tərəfindən düzəldiliyini vurğulayıb. Bu zamana qədər bir neçə dəfə beynəlxalq turnirlə bağlı təhdidlər yayımlayan terror təşkilatı “Teleqram” sosial platforması vasitəsilə yeni foto və videolar paylaşır. Paylaşımlar arasında Messinin qan ağlayan fotoları da yer alıb. Burada əsl hədəfin Rusiya olduğu, Suriyada yaşanan hadisələr səbəbilə Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq göndərildiyi bildirilir.

    Ekspertlər milyonlarla fanat kütləsi olan hər iki futbolçunun hədəfə alınmasının təsadüfi olmadığını və vəziyyətin kifayət qədər təhlükəli olduğunu bildirirlər.

    Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev burada əsas məsələnin Messi və Ronaldo olmadığını düşünür: “Ümumiyyətlə, Qərb dünyası Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan əlavə bu ölkədə keçiriləcək Dünya Çempionatını da təhdidlərə məruz qoymağa çalışır. Hətta bununla bağlı Skripal olayından sonra Böyük Britaniyanın xüsusi bəyanatı da olmuşdu. Hər iki dünya ulduzunun, bahalı futbolçunun hədəf seçilməsinin əsas səbəbi də odur ki, bu oyunçular çempionatda iştirak etməzlərsə, yarışa olan maraq kəskin şəkildə azalacaq. Bu baxımdan ən mühüm şəxsləri seçiblər. Başqa oyunçuların adlarını çəksələr, bu, diqqət çəkməzdi. Bu, Qərbin xüsusi xidmət orqanlarının xəttinə daha çox bənzəyir. Ona görə də həmin şəxslərin adlarını çəkirlər. Məlumdur ki, belə bir vacib çempionatın keçirilməsi üçün hər cür təhlükəsizlik məsələləri həll olunacaq. Şəxsi mühafizədən tutmuş digər məsələlərə qədər hər şey diqqətdə olacaq. Bu, siyasi gedişdir. Əsas məqam ondan ibarətdir ki, çempionata təsir edən ümumi addımlar atılsın. Burada başqa bir addım ola bilməz. Açığı nəsə edə biləcəkləri inandırıcı görünmür. İŞİD-ın heç vaxt idmançılara qarşı hər hansı bir addım ata biləcəyini düşünmürəm. Çünki Rusiya bu istiqamətdə çoxsaylı terror aktlarının qarşısını alıb. Bu istiqamətdə onların səriştəsi var. İŞİD mütəmadi olaraq özünü büruzə verməklə, onlara biət etmiş təşkilatları yenidən üzə çıxarmaqla məşğuldur”.

    Politoloq Əhəd Məmmədli belə təhdidlərin tez-tez təkrarlandığını qeyd etdi: “İŞİD özünü gündəmə gətirmək üçün şou edir. Ya da bu rolik Hollivudun səhnə kamplarında düzəldilib və İŞİD-in adıyla verilir. Əvvəllər belə hallar olub. Ola bilsin ki, İŞİD-in gerçək sahibləri bununla özlərini xatırladırlar və yaxud Putinə mesaj verirlər ki, ağıllı ol, Dünya Çempionatını burnundan gətirərik. Açığı Dünya Çempionatı və ya yarış öncəsi hansısa futbolçu və ya komandaya qarşı Rusiyada İŞİD terror aktı törətsəydi, bunu əvvəlcədən reklam etməzdi. Terrorçular nəyisə etmək istəyəndə əvvəlcədən bildirmirlər. İŞİD-in reklam çarxı bu təşkilatın əsl sahiblərinin ola bilsin ki, Putinə geri çəkil mesajıdır. Ronaldo ilə Messinin də adını ona görə hallandırırlar ki, dünyanın hazırda ən yaxşı futbolçuları onlardır. Həm də bununla İŞİD özünə diqqəti çəkmiş olur”.

    Qol.az saytının baş redaktoru Aydın Bağırov çempionata gələcək futbolçuların məsuliyyətini Rusiyanın çəkəcəyini söylədi: “Bu, yeni deyil. İŞİD hər dəfə çempionatlar öncəsi belə təhdidlər edir. Ronaldo və Messi də ona görə hədəf göstərilir ki, bu gün ən böyük ulduz oyunçular onlardır. Çempionatı təşkil edən ölkələrin təhlükəsizliklə bağlı ciddi öhdəlikləri olur. Bu, İŞİD-ə qədər də beləydi, indi də belədir, İŞİD olmayandan sonra da belə olacaq. Əgər təkcə Ronaldo və Messi deyil, çempionata gələn futbolçular, nümayəndə heyətləri və azarkeşlər təhdid olunubsa, artıq onların təhlükəsizliyinə bundan sonra təşkilatçı ölkə kimi Rusiya məsuliyyət daşıyır”.


    Rubrika.az


    Facebook-da paylaş