• Biləsuvarda mitinqə getməyən müəllim işdən qovulub: “Başçı hara baxır?”

    Biləsuvarda mitinqə getməyən müəllim işdən qovulub: “Başçı hara baxır?”

    “Mən Biləsuvar şəhərində anadan olmuşam. Zəhmətabad kənd orta məktəbini bitirmişəm. Təhsilliyəm, "Xalq təsərüfatı sahələrində iqtisadiyyat və planlaşdırma" fakültəsini bitirmişəm. 1988-ci ildə Topxana meşələrinin kəsilməsinə etiraz mitinqlərində iştirak etmişəm. 1990-cı il 20 Yanvar soyqrımında və sonra rus tankları Lənkərana gedərkən Biləsuvar rayonu ərazisində Balharı çayının sahilində Boynı (ət kəsilən yer) deyilən yerdə əlimizdə benzin dolu butulkalarla rus tanklarını saxlayan insanlardan biri də mənəm”.

    Rubrika.az FİA.Az -a istinaden
    xəbər verir ki, bu müraciəti feysbukda Zaur İbrahimov yazıb. Onun sözlərinə görə, o vaxtı 18 yaşı vardı:

    “Həmin vaxtı bu və diğər növ etirazlarıma görə, nə mən, nə də digər ailə üzvlərimizə dövlət tərəfindən heç bir təzyiqə və basqıya məruz qalmadıq.

    İndi suveren dövlətimizin mövcud vaxt sivil qaydada AXCP və Milli Şuranın 23 sentyabr mitinqlərinə çağırışıma, iştirakıma görə mənə və qardaşım, Biləsuvarın Zəhmətabad kənd məktəbində müəllim işləyən İbrahimov Ədalətə təzyiqlər olub, işdən azad edilib”.

    Biləsuvarın icra başçısı Mahir Quliyevə, Biləsuvar təhsil şöbəsinin müdiri Balaqardaş Kazımova, Zəhmətabadın şəhid Ə.Rəhmətov adına kənd orta məktəbinin direktoru Azər Hümbətova və indiki direktoru Afət müəlliməyə müraciət edən Z.İbrahimov qardaşının üzləşdiyi haqsızlıqdan bəhs edib.

    “Siz məktəbin direktoru Hümbətov Azər müəllim, əlinizi müəllim diplomunun yox , müəllim əqidənizin üstünə qoyun, sualıma cavab verin:

    2017-ci il, 2 oktyabrda Ədalət müəllimə zəng edib dediniz ki, mənə belə bir göstəriş verilib, qardaşın Ziyanın siyasi fəaliyyətinə görə, mitinqə çağırış və iştirakına görə ərizəni yaz, stolun üstündə olsun.

    Əks təqdirdə, sizi əmrlə işdən azad etməliyəm, ya da özüm işdən çıxmalıyam. Azər müəllim təkzib etməyin, çünki sizin zəng vaxtı Ədalət müəllimlə bir yerdə idim. Bu göstərişi kimdən almışdınız?”,-deyə şikayətçi yazır.

    Ardınca əlavə edir: “Biləsuvar təhsil şöbəsinin müdiri Kazımov Balaqardaş müəllim, bu göstərişi sizmi vermişdiz?

    Və ya 30 ilə yaxın müəllim stajı olan bir işçinizin səbəbsiz, günahı olmadan işdən uzaqlaşdırmağına niyə göz yumdunuz ?

    Biləsuvar rayon icra başçısı cənab Mahir Quliyev, rayonda bu boyda özbaşınalıq olur, sizin xəbəriniz yoxdu? Niyə əhalini

    hakimiyyətdən narazı salırsız? O yüksək postu sizə həvalə ediblər ki, əhalinin yersiz incidilməsinə göz yumasız?

    Sonrada deyirsiz ki, bizi günahkar sayırsız, əhalini etiraz mitinqinə çağırırıq. Mitinqlərə çıxmağımızın səbəbi siz və sizin kimi haqsızlığa göz yuman məmurlardır.

    Əgər mənim əməllərimdə hər hansı bir cinayət tərkibli bir iş varsa mənim haqqımda cinayət işi qaldırılsın. Adım bəlli, ünvanım bəlli.

    Suallarıma cavab verilməyini istəyirəm. Əgər Ədalət müəllim işinə qaytarılmazsa mən Azərbaycanın Almaniyadakı səfirliyi və digər Avropa təşkilatlarının qarşısında etiraz mitinqi təşkil edəcəm”.

    Rubrika.az FİA.Az-a istinaden xəbər verir ki, M.Quliyev rayonla maraqlanmır. Bakıda daha çox olduğu deyilən icra başçısının sərəncamı ölkə rəhbərliyinin stolu üstündədir.

    Onun qohumu olan keçmiş diaspor sədri Nazim İbrahimovun işdən azad olunması Biləsuvar şefinin dayaqlarını sarsıdıb.

    Diasporla İş üzrə Dövlət Komitəsi sədri postundan Nazim İbrahimovun gedişi M.Quliyevin kreslosunu laxladıb. Keçmiş komitə sədri ilə qohumluq əlaqələri olan Biləsuvarın icra başçısının “qələmi qırılıb”.

    Prezidentin icra başçıları ilə bağlı başlayacağı dəyişikliklər dalğasında başı gedənlərdən biri də M.Quliyevin olacağı deyilir. Artıq N.İbrahimovun da onu qoruya bilmədiyi göz qabağındadır.

    Prezident İlham Əliyevin komandasında M.Quliyevə yer olmadığı bildirilir. Çünki o, vəzifəsinin öhdəsindən gəlməyib, qohumu N.İbrahimov kimi büdcəni talayıb.

    Biləsuvarı bərbad vəziyyətə qoyan, rayonda satmadığı yer qalmayan icra başçısı nə camaatı sayır, nə problemləri həll edir.

    Torpaqları məmurlara qarış-qarış peşkəş etmiş rayon rəhbərindən dövlət başçısına çoxlu şikayətlər gedib. Ancaq zaman-zaman onu qoruyan əllər indi kreslosunda oturmağı təmin edə bilməyəcəklər.

    Biləsuvar kimi strateji əhəmiyyətli rayonun başçısı, keçmiş kafe-restoran işçisi M.Quliyevi gündüz əlində çıraq axtarasan tapa bilməzsən.

    M.Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektarlarla ərazini mənimsəyib və əkin sahəsinə çevirib.

    Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər.

    İcra hakimiyyətinin büdcəsindən müxtəlif “proqramlar” üçün silinən pulların böyük hissəsi sarımsaq-qarpız əkininə sərf edilir.


    Rubrika.az


    Facebook-da paylaş