• Təhsil ekspertlərinin yeni nazirdən gözləntiləri...

    Təhsil ekspertlərinin yeni nazirdən gözləntiləri...

    Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, Ceyhun Bayramov təhsil naziri təyin olunmamışdan öncə bir neçə təhsil ekspertləri tərəfindən layiqli namizəd kimi dəstəklənirdi. Nazir müavini vəzifəsini icra edəndə kifayət qədər rəğbət qazana bilmişdi. Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad ediləndən sonra nazir postu bir müddət boş qaldı. Və nəhayət, aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri təyin edildi.

    Maraqlıdır, təhsil ekspertləri bir aydan çoxdur, təhsil naziri postuna təyinat almış Ceyhun Bayramov haqda eyni fikirdə qalıblarmı? Ekspertlərin təzə nazirdən gözləntiləri nədir?

    Təhsil eksperti Etibar Əliyev C.Bayramovun nazir təyinatından sonra onun üzərinə daha böyük vəzifələr düşdüyünü deyir: “Təhsil naziri vəzisinin öhdəsindən gəlmək üçün bilik, mədəni səviyyə ilə yanaşı, həm də qətiyyət tələb olunur. Mikayıl Cabbarov təhsil naziri olduğu müddətdə imkan daxilində xeyli yeniliklər etməyi bacardı. Düşünülmüş islahatlar həyata keçirildi, bir sıra nəticələr də əldə olundu. Ceyhun Bayramovun islahatları genişləndirməsi üçün əlində əsaslar var. Belə deyək, ən azından tənəzzülün qarşısı xeyli kəsildi. Onun çalışdığı qısa bir vaxtda hələlik ətalət hiss olunmur. Bir məsələ gün kimi aydındır ki, təhsil hansısa komandanın çətiri altında inkişaf edə bilməz. Düşünürəm ki, Ceyhun müəllim bunu çox yaxşı bilir. Artıq ənənə halını almış bir sıra mühüm tədbirlərdə obyektivlik və şəffaflıq qorundu”.

    E.Əliyev bütün dünyada olduğu kimi bizim təhsil sisteminin də qarşısında ciddi vəzifələr durduğunu qeyd edir: “12 illik orta təhsilə keçid olduqca vacibdir və artıq qapımızı döyür. Bunun üçün müəllim hazırlığından tutmuş, dərsliklərin yazılmasına qədər ciddi islahatlar aparılmalıdır. Kurikulum hadisəsi göstərdi ki, tələsik qərar qəbul etmək xeyli fəsadlar yaradır. Uşaqlar çantalarını yerindən tərpədə bilməyəndə gördülər ki, səhvə yol veriblər. Kurikulum əsasında keçirilən buraxılış imtahanlarının nəticələri onu göstərdi ki, bu paradiqma məktəb təhsilinin keyfiyyətini bir o qədər yaxşılaşdıra bilməyib. Bütün təhsil müəssisələrinin obyektiv akkreditasiyası keçirilməlidir. Bunsuz heç bir təhsil müəssisəsinin rəhbərinin işinə qiymət vermək mümkün olmayacaq. Orta məktəblərdə nizam-intizam gücləndirilməlidir. Kolleclərin universitetlərə inteqrasiyası başlamalıdır. Bu olmasa kolleclər yerlərində saymağı davam edəcəklər. İstedadlı uşaqların üzə çıxarılmasının şəbəkəsi genişləndirilməlidir”.

    Təhsil eksperti Şahlar Ağayevin də təhsil naziri postunda Ceyhun Bayramovdan gözləntiləri böyükdür: “2013-cü ildə Mikayıl Cabbarovla Ceyhun Bayramov Təhsil Nazirliyinin rəhbərliyində yeni, əvvəlki sovetlər dövründən qalmış düşüncədən tamamilə fərqlənən düşüncələri ilə təmsil olundular. Belə hallar ümumiyyətlə, pedaqogika, təhsil sahəsində çox olub. Bu yaxınlarda Yaponiyada təhsil qanununu pedaqoqlar, alimlər yox, ictimayətçi yazmışdı. Eyni təcrübəni Finlandiyada da görmək olar. Yeni düşüncəni təhsilə gətirmək üçün yeni insanlar lazımdır. Təhsilin əlbəttə ki, problemləri çoxdur. İllərlə toplanmış problemləri 3-4 ilə həll etmək mümkün deyil. Model olaraq təqribən belə deyirəm, təhsil suyuna bir damcı çirkab qatmışdılar. O çirkab uzun illər qatılıb. Təzə nazirdən tələb eləmək olmaz ki, bu çirkabı bir-iki ilə çıxartsın. Mümkün deyil. Bunun üçün illər, yeni düşüncə, yeni laboratoriya lazımdır. Ceyhun Bayramov bir neçə il paralel bugünkü təhsil siyasətini aparan xəttin aparıcı adamlarından biri olub. Bura yeni bir adam gəlsəydi, təəssüf hiss keçirə bilərdik ki, təhsilin inkişaf xətti dəyişəcək. Artıq təhsilin inkişaf xətti dəyişməyəcək. 3-4 il bundan əvvəl hansı xətlə gedirdisə, indi də o xətlə gedəcək. Ceyhun Bayramov 4-5 ildir, təhsil problemlərini bilir. İnanıram ki, təhsili düz istiqamətdə aparacaq. Bir arzum da var ki, Ceyhun Bayramovun ətrafında pedaqogika elminin əlifbasını bilən gənc kadrlar da yüksək səviyyədə təmsil olunsun”.

    Təhsil eksperti Məlahət Mürşüdlü düşünür ki, yeni təhsil nazirinin fəaliyyətini azı bir ildən sonra qiymətləndirmək olar: “Ceyhun Bayramov təhsil naziri kimi yenidir. Ancaq o, 5 il təhsil nazirinin birinci müavini vəzifəsində çalışıb. Və o, təhsilin inkişafı üzrə Dövlət Strategiyası - genişmiqyaslı təhsilin bütün sahələrini özündə əhatə edən proqramının işlənib, hazırlanması və qəbulunda əli olan şəxsdir. 2013-cü ildən bu günə qədər təhsildə başlamış innovativ islahatların həyata keçirilməsinin təşkilatçısı, iştirakçısı və rəhbərlərindən biri olub. Düşünürəm ki, Ceyhun Bayramov həmin kursu davam etdirəcək. Nəticə haqda bu gün danışmaq çox tezdir. Təkamül yolu ilə olan fəaliyyətdir. Ceyhun müəllimin fəaliyyətini bir ildən sonra qiymətləndirmək olar. Hansı işlər yarımçıq qalıb, nəticələr necədir, hansı yeni layihələrə imza atılıb və s...”


    Rubrika.az


    Facebook-da paylaş