• İrana qarşı sanksiyalar sərtləşir- proses Azərbaycanı nə vəd edir...

    İrana qarşı sanksiyalar sərtləşir- proses Azərbaycanı nə vəd edir...

    Politoloq: “ABŞ-da ümid var ki, yalnız Ermənistan onun İranla bağlı bütün dediklərini edəcək”

    Amerika ilə İranın münasibətləri getdikcə gərginləşir. İrana qarşı sanksiyaların artması fonunda Almaniya federal kansleri Angela Merkel bildirib ki, bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq.

    Kansler bildirib ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına hörmətlə yanaşır: “Saziş əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir”.

    Məlumat üçün onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın əvvəlində ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını və tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.

    ABŞ Dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, Vaşinqton Tehrana misilsiz maliyyə təzyiqi tətbiq edəcək: “Biz İran rejiminə misilsiz maliyyə təzyiqi edəcəyik. İran liderlərində bizim ciddiyyətimizlə bağlı hər hansi bir şübhə olmayacaq”.

    Rəsmi Tehran isə hesab edir ki, ABŞ rəsmilərinin İranla bağlı açıqladıqları strategiya bu dövlətin daxili işlərinə müdaxilədir. İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, ABŞ-ın əsassız və alçaldıcı iddiaları dünya ictimaiyyətinin diqqətini “qanunsuz əməlləri və nüvə sazişinin öhdəliklərinə əməl etmədiyindən” yayındırmaq mahiyyəti daşıyır.

    “ABŞ təkcə beynəlxalq qaydalar deyil, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini də pozur”- deyə, bəyanatda vurğulanır. Həmçinin İrana qarşı hərbi müdaxilə məsələsi də gündəmdədir.

    Bəs qonşuluğumuzda yerləşən İran viran olarsa, bunun Azərbaycana hansı təsirləri olacaq?

    Rubrika.az “Yeni Müsavat”a istinaden xeber verir ki, politoloq Mübariz Əhmədoğlu bildirib ki, hazırda İran ətrafında baş verənlər Azərbaycana da təsir edir: “Bunun heç gizlini də yoxdur. Kənardan hər şey açıq şəkildə görünür. Bu gün Qərbin bəzi dövlətlərinin Azərbaycana qarşı olan münasibətlərinin kökündə bizim öz əməllərimiz dayanmır. Azərbaycanın daxili və ya digər xarici siyasəti ilə bütün bunların heç bir əlaqəsi yoxdur. Bütün bunlar sözsüz ki, Azərbaycanın İranla bağlı siyasətinə görədir. ABŞ-ın çox ciddi tələbləri var. Bu tələblər isə həm Türkmənistana, həm Azərbaycana və eləcə də demək olar ki, İranın bütün qonşularına qarşıdır. ABŞ-da ümid var ki, yalnız Ermənistan onun İranla bağlı bütün dediklərini edəcək. Ermənistanda da proseslər elə bu istiqamətdə gedir. Ermənistan xarici işlər nazirinin son açıqlamasında onlar İsrailə daha çox üstünlük verdilər, nəyinki, İrana. Yəni açıq-aşkar göründü ki, onlar mövqelərini dəyişiblar. Lakin nə Türkmənistan, nə də Azərbaycan İranla bağlı mövqeyində heç bir dəyişiklik etməyib. Türkmənistanın artıq pambıq məhsulunun ABŞ ərazisinə girməsinə qadağa qoyulub. İllər idi ki, Türkmənistan ABŞ-a pambıq satırdı və bəllidir ki, indiki qadağa İranla bağlıdır. Eləcə də Azərbaycana da təzyiqlər var. Sadəcə olaraq, Azərbaycan dövlətinin apardığı siyasətin “yorğanı qalındı” deyə, xarici siyasətdə baş verən bəzi məsələləri büruzə vermir. Yəni qorxusundan, zəifliyindən deyil, məhz bacarığından büruzə etmir. Belə başa düşürəm Azərbaycan yaxın müddətdə İranla ciddi dialoqa getməlidir. İranın siyasəti Azərbaycan üçün ən arzuolunmaz siyasətdir. Çünki İranda bir dəstə şəxslər var ki, onlar İranın siyasətinə təsir edə bilirlər. Bax bu adamlar hər şeydə Azərbaycandan şübhələnirlər. Son dövrlərdə də onların apardığı siyasətdə anti-Azərbaycançılığa yeni rəvac görünür”.

    “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

    Politoloqa görə, İran ortaya elə mövqe qoymalıdır ki, Azərbaycan özünü arxayın hiss etsin: “Yəni Azərbaycan ABŞ-ın, İsrailin, Səudiyyə Ərəbistanının təzyiqini götürdüyü halda bir tərəfdən də İran tərəfdən təzyiq gələrsə, bu, yaxşı nəticələnməz. İranın atdığı addımlar çox təhlükəli ola bilər. Hər halda Azərbaycan buna getməyəcək. Yəni Azərbaycan MDB məkanıdır və buranın da özünə görə təhlükəsizlik sistemləri var. Eyni zamanda Azərbaycan ATƏT-in də üzvüdür ki, bu qurumun da öz təhlükəsizlik sistemi mövcuddur. ATƏT-in təhlükəsizlik sistemi lazım gələrsə, bir saatın içərisində NATO-nun təhlükəsizlik sistemlərini işə qoşa bilir. Yəni İran bunu nəzərə alıb, Azərbaycanla çox səmimi münasibətlərə getməlidir. Bugünədək rəsmi Bakı İranla bağlı təzyiqlərə dözüb və elə başa düşürəm ki, bizim dözməyə də resursumuz var. Əgər İran da ABŞ, İsrail, Səudiyyə Ərəbistanına qoşulub Azərbaycana təzyiq eləsə, bizim 4 tərəfdən təzyiq götürməyə gücümüz çatmayacaq. Yəni İranda bunu nəzərə alsınlar. İrandakı hadisələrə gəlincə isə düşünürəm ki, İrana qarşı ABŞ-ın buraxdığı “maşın” hərəkətdədir. Hal-hazırda İranı dialoqa vadar etmək istiqamətində işlər gedir. Əgər İran ABŞ-la dialoqa girməyəcəksə yaxın bir-iki ay ərzində düşünürəm ki, hərbi əməliyyatlar başlayacaq.

    Azərbaycanla bağlı müəyyən təlaşımız var. Ancaq bu da məlumdur ki, hərbi əməliyyatlar əsasən İranın cənub tərəfində olacaq. Mümkündür ki, İranın daxilində iğtişaşlar yaransın. Belə olarsa, İran özü hərbi əməliyyatları ölkənin şimal regionlarına yəni azərbaycanlılar yaşayan regiona keçirə bilərlər. Belə olarsa, bizim üçün təhlükə yaranar. Çünki oradakı qardaşlarımızın bizdən başqa gedəcək yerləri yoxdur. İstər-istəməz bunu da nəzərə almalıyıq. Müharibə olarsa, ən azı Azərbaycanda sosial partlayış yarana bilər. Çünki birdən-birə oradan 300-500 min adam gələrsə biz bunu necə yedizdirməliyik? Müharibəyə gəlincə isə əgər bir həftəlik müharibə olacaqsa, bunun Azərbaycan üçün ziyanı yoxdur. Lakin müharibə uzun müddət davam edərsə və İranın nüvə obyektlərinə zərər dəyərsə o zaman Azərbaycan da zərər çəkə bilər. Çünki külək radiasiyanı ölkəmiz tərəfə gətirə bilər”.


    Rubrika.az


    Facebook-da paylaş