• “Qarabağ”dakı ayrılıqlar - klub uğurlarını davam etdirəcəkmi?

    “Qarabağ”dakı ayrılıqlar - klub uğurlarını davam etdirəcəkmi?

    Aydın Bağırov: “Onların gedişi “Qarabağ” üçün itkidir”
    Natiq Muxtarlı: “Heyətə daha səviyyəli futbolçular cəlb olunacaq”
    Son 4 ildə Azərbaycanı Avropa kuboklarında layiqincə təmsil edən “Qarabağ” futbol klubunun əsas oyunçuları komandanı bir-birinin ardınca tərk edirlər. Son olaraq, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatdığı üçün klub bu futbolçularla yolları ayırıblar.

    Bundan öncə də “Qarabağ”ın əsas oyunçularından bəziləri komandanı tərk ediblər. Bütün bunlar klub ətrafında bəzi müzakirələr yaradıb. Yayda ölkəmizi növbəti dəfə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”dan ayrılmalara görə təəssüflənənlər çoxluq təşkil edirlər. Buna səbəb də, son Çempionlar Liqasında tarixi məhz “Qarabağ”ın bu oyunçularla yazmasıdır. Komandanın yenidən formalaşması baxımından “Qarabağ”dakı vidaları müsbət qarşılayanlar da az deyil. Yeni transferlərlə son illərdəki uğurun davamını gətirməyin mümkün olduğu da vurğulanır. “Qarabağ”dakı ayrılıqların oyunçulara gələn cazibədar təkliflərlə əlaqələndirənlər də var.
    “Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandadan 9 futbolçunun ayrılmasına münasibət bildirib.

    Rubrika.az Qol.az- a istinaden məlumatına görə, təcrübəli müdafiəçi jurnalistlərə açıqlamasında bəzi futbolçulara yaxşı təklif gəldiyini deyib: “Artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın öz uğuru özünə problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiyimizdən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdır.

    Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz İbrahim Şehiçin necə kluba gedəcəyini görəcəksiniz”.

    İdman mütəxəssislərinin də məsələyə yanaşmaları fərqlidir.

    Qol.az saytının baş redaktoru Aydın Bağırov səslənən bəzi fikirlərlə razı deyil: “"Qarabağ"dan 9 futbolçunun göndərilməsi niyə belə narahatlıq yaradıb? Maksimum 3 oyunçu - Almeyda, Şehiç və Pedronu çıxmaqla ötən mövsüm digər 6 oyunçunun mövcudluğu yüngül də olsa hiss olunmayıb. Normalda komandaya faydası dəyməyən futbolçuların bütün klublardan, o cümlədən də “Qarabağ”dan göndərilməsində qeyri-adi nəsə axtarmaqda bir məntiq görmürəm. İkinci heyətin üzvləri Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov və Ramil Şeydayev son mövsümdə “Qarabağ”ın uğurlarında ciddi pay sahibi olmayıblar. Onların indiki halda “Qarabağ”da qalması birinci növbədə özlərinə ziyandı. Çünki az halda meydana çıxırlar, oyun təcrübəci sarıdan korluq çəkirlər. Məncə, onların “Qarabağ”da daim ehtiyatda oturmağındansa, digər komandalarda əsas heyətdə çıxış etmələri daha yaxşı olardı. Digər tərəfdən bu 6 futbolçu “Qarabağ” üçün əlavə maddi yükdü. Onlara sərf olunan pulla əsas heyətdə daimi çıxış edə biləcək 2-3 futbolçu almaq olar. Bu mənada, baş məşqçi Qurban Qurbanovun son qərarını normal sayıram. Komandanın əsas oyunçuları Almeyda, Şehiç və Pedroya gəlincə, bəli, əsas heyətin hər bir oyunçusu kimi, onların gedişi “Qarabağ” üçün itkidir, amma faciə deyil. Bildiyimə görə, “Qarabağ” Almeydaya qalması üçün təklif göndərib, sadəcə, o özü karyerasını xaricdə (böyük ehtimalla İtaliya A seriyasında) davam etdirmək istəyib. Pedroya gəlincə, mənə elə gəlir ki, onun çıxışından Qurban Qurbanov tam razı deyildi. Çünki bəzi oyunlarda o, baş məşqçinin ümidlərini doğrulda bilməmişdi. Ən çox da məyusedici məqam Çempionlar Liqasında Bakıda “Atletiko” ilə matçın birinci hissəsinin ortalarında onun qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması, daha sonra rəqibə bu kobud davranışına görə 2 matçlıq diskvalifikasiya edilməsi idi. Faktiki olaraq, Pedronun demək olar, Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununda komandasına faydası dəymədi. Şehiçə gəlincə, o, özü neçə ildi “Qarabağ”dan getmək istəyir. Həm də müqavilə müddəti də başa çatdığından ehtimal etmək olar ki, klub özü də daha onunla əməkdaşlığı davam etdirməkdə maraqlı olmayıb. Uzun sözün qısası, siz elə fərz edin ki, “Qarabağ”dan 9 deyil, 3 oyunçu gedib. Gedənlərin yerlərinə də azı səviyyəli oyunçular gələcək. Bu mənada panikaya ehtiyac yoxdur”

    Komanda.az saytının redaktoru Natiq Muxtarlı bildirdi ki, “Qarabağ”ı birdən-birə bu qədər futbolçunun tərk etməsini “dağılma” kimi xarakterizə etmək tamamilə yanlışdır: “Çempionlar Liqasında çıxış edən ortabab komandaların – “ikinci eşalon” sayılan ölkələrin təmsilçilərinin də həmişə bir hədəfi olub: ÇL-də yaxşı oyun sərgiləyib, futbolçu satmaq. Onların əsas qazancı məhz buna hesablanıb. “Qarabağ” Çempionlar Liqasında çıxış edərkən də yazmışdım ki, bu komandanın hədəfi məhz Portuqaliya, Hollandiya klublarının hədəfi olmalıdır. Yəni gənc və perspektivli oyunçuları Çempionlar Liqası kimi nüfuzlu turnirdə təqdim edib satırsan və qazanc əldə edirsən. Avropanın kiçik və ortabab klubları bu biznes sayəsində yaşayırlar. “Qarabağ”ın da hədəfi məhz bu olmalıdır.

    Komanda Çempionlar Liqasında pis çıxış etmədi. Üstəlik, heyətdəki futbolçuların da iddiaları böyüdü, özünəinam hissi artdı. Bu amilləri nəzərə alsaq, “Qarabağ”ın futbolçularına təkliflərin gəlməsi və ya oyunçuların daha yüksək səviyyəli çempionatda çıxış etmək istəyi tam qanunauyğundur. Təki, “Qarabağ” bu futbolçuların gedişindən qazanc əldə etsin. Amma bu məsələdə bir təəssüfləndirici məqam diqqət çəkir. Fikir verirsinizsə, xaricdən təklif alan futbolçuların hamısı legionerlərdi. Bu da o deməkdir ki, yerli futbolçular xarici klubların diqqətini cəlb etməyib. Deməli, yerlilərin potensialı aşağıdır. Bax, Azərbaycan futbolunun əsas problemi də məhz budur. Biz hələ də futbolçu yetişdirməyin üsulunu mənimsəyə bilməmişik. “Qarabağ” Çempionlar Liqasında yaxşı pul qazanıb. Təbii ki, bu qazancdan heç kim imtina etməz. Yığma komanda amilinin isə məsələyə ümumiyyətlə, aidiyyəti yoxdur. Sadəcə, futbolçulara təklif var, ya da daha yüksək səviyyəli çempionatda iştirak etmək niyyətində olduqları üçün gedirlər.

    Komandanı tərk edən yerli futbolçular isə heyətə düşməkdə çətinlik çəkirdilər. Bu amili nəzərə alsaq, onların getməsi də məntiqlidir. Amma düşünmürəm ki, “Qarabağ” Çempionlar Liqasının qrupunda iştirak niyyətindən imtina etsin. Əksinə, hesab edirəm ki, heyətə daha səviyyəli futbolçular cəlb olunacaq. Böyük ehtimalla, Qurban Qurbanov hələ qış fasiləsindən sonra bu yöndə axtarışlar aparıb. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində çıxış etməklə özünün tanıtdıra bildi. İndi hansısa əcnəbi Azərbaycan çempionatının aşağı səviyyədə olmasına göz yumub, məhz “Qarabağ”a görə ölkəmizə gələr. Hesab edirəm ki, artıq “Qarabağ” göndərdiyi futbolçuların yerini doldurmaq üçün müəyyən tədbirlər görüb və güman ki, yaxın günlərdə yeni transferlər barədə rəsmi açıqlama veriləcək. Bəli, komandadan xeyli futbolçu getdiyi üçün müəyyən problemlər olacaq. Yenilərin komandaya adaptasiya olunması üçün vaxt lazımdı. Amma “Qarabağ” artıq iyunun ortalarında toplanışa başlayır. Toplanış vaxt keçiriləcək yoxlama görüşlərində bu problemin müəyyən qismi həllini tapacaq. Onu da nəzərə alaq ki, Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”ın rəqibi zəif komanda olacaq. Bu da müəyyən qədər üstünlük deməkdir. Yenilər bu oyunlarda adaptasiya mərhələsini arxada qoya bilərlər. Təbii, hər transfer edilən futbolçunun komandaya tam yararlı olacağını da iddia etmək olmaz. Amma düşünürəm ki, Qurban Qurbanov məhz Çempionlar Liqasını nəzərə alıb, hər mövqeyə 2 bərabər səviyyəli futbolçu cəlb edə biləcək. Bütün hallarda, müəyyən iddialar səsləndirmək üçün transferlərin gerçəkləşməsini gözləməliyik. Ancaq hesab edirəm ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində ötən ildəkindən zəif komanda olmayacaq”.

    Rubrika.az


    Facebook-da paylaş