• Bankların “az aşım, ağrımaz başım” siyasəti

    Bankların “az aşım, ağrımaz başım” siyasəti

    Vahid Əhmədov: “2017-ci ildə ÜDM-də 0,1 faiz artıb olub, lakin bank sistemi normal işləsə və real iqtisadiyyatı kapitalla təmin etsəydi, bu rəqəm 1-2 faiz olardı”
    Samir Əliyev: Banklar vəsaitlərini Mərkəzi Bankın depozitlərinə yatırır, nəticədə də sahibkarlar pul tapa bilmir”
    Mərkəzi Bankın iyunun 4-də keçirilən depozit hərracında tələb təklifi 2,4 dəfə üstələyib. AMB-dən verilən məlumata görə, hərracda tələb 848 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 2,4 dəfə üstələyib.

    Qeyd edək ki, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.

    Bəs görəsən, banklar əllərindəki vəsaitləri nə üçün daha çox Mərkəzi Bankın depozit portfelində və buraxdığı qiymətli kağızlarda saxlamağa üstünlük verirlər? iyə 8 faizlə depozit qoyduqları vəsaiti daha yüksək faizlə kreditlərə yönəltmirlər? Bu tendensiya real iqtisadiyyatın inkişafına necə təsir göstərir?

    Rubrika.az xeber verir ki, Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, bankların əsas məqsədi vəsaitlərini risk daşımayan maliyyə alətlərinə yönəltməkdir:
    Bankların “az aşım, ağrımaz başım” siyasəti

    “Bankların aktivlərinin strukturuna baxsaq görərik ki, əgər devalvasiyadan öncə əllərindəki vəsaitin 70 faizini kreditlərə yönəldirdilərsə, indi bu 40 faizə düşüb. Çünki həm şirkətlərin, həm də vətəndaşların kreditləri geri qaytarmaq imkanı məhdud olduğuna görə banklar kredit verməkdə maraqlı deyillər. Bu səbəbdən əllərindəki vəsaiti başqa istiqamətə yönəldirlər. Çünki banklardakı vəsaitlər də vətəndaşlardan cəlb olunan əmanətlərdir və bunun müqabilində banklar müəyyən faiz ödəmək məcburiyyətindədirlər. O səbəbdən də həmin vəsaitdən istifadə edərək qazanc əldə etməyə çalışırlar. Bu yollardan biri Mərkəzi Bankın keçirdiyi depozit hərraclarıdır. İkinci istiqamət isə, Mərkəzi Bankın buraxdığı qısa müddətli qiymətli kağızlardır. Bəzən bu qiymətli kağızlara tələb təklifdən 5 dəfə çox olur. Mərkəzi Bank bu iki alətlə banklara dəstək verir. Bunu ona görə edir ki, banklar əllərindəki vəsaitləri valyuta bazarına yönəltməsinlər. Əks halda bazarda manat üçün təhlükə yarana bilər. Ona görə də, AMB bu yolla bankların əlindəki vəsaitləri özünə cəlb edir. Bir tərəfdən də banklara dəstək verir”.

    S.Əliyev onu da vurğuladı ki, depozit hərraclarında tələbin 2,4 dəfə çox olmasına baxmayaraq Mərkəzi Bank faizləri 8-dən aşağı salmır: “Əslində, iqtisadi məntiqlə tələb yüksək olduğu üçün AMB depozit faizlərini aşağı sala bilər. Ancaq bunu etmir. Görünür burada məqsəd banklara dəstək olmaqdır. Lakin bu prosesin özü iqtisadiyyata mənfi təsir edir. Çünki bankların əsas funksiyası iqtisadiyyatı pulla təmin etməkdir. Biz bankları əbəs iqtisadiyyatın qan-damar sistemi adlandırmırıq.

    Ancaq indiki vəziyyətdə banklar bu funksiyanı tam yerinə yetirə bilmir, nəticədə də sahibkarlar nağd pul tapa bilmir. Kredit faizləri bu gün 15-16 faizdən yüksəkdir. Bank əlindəki pulu 8 faizlə AMB-yə depozit qoymağa razıdır, ancaq bundan 2-3 dəfə yüksək faizlə vətəndaşa kredit verməyə razı deyil. Səbəb isə odur ki, ABM-nin depozitlərində risk faktoru yoxdur, lakin əhaliyə verilən kreditlərin geri qayıtma ehtimalı aşağıdır. Bütün bunlar ona gətirib çıxarır ki, banklar aktivlərini az və sabit qazanclı , eyni zamanda risksiz sahələrə yönəldirlər. Mərkəzi Bank üçün bunun üstünlüyü odur ki, maliyyə saibtliyini təmin edir, valyuta bazarına vəsait yönəlməsinin qarşısını alır. Digər tərəfdən inflyasiyanı tənzimləyir, çünki artıq pul kütləsi inflyasiya deməkdir”.

    Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə vurğuladı ki, bu prosesdə Mərkəzi Bankın əsas məqsədi pul kütləsinə nəzarəti həyata keçirmək və manatın sabitliyini qorumaqdır:

    Bankların “az aşım, ağrımaz başım” siyasəti

    “Əslində Mərkəzi Bankın əlavə vəsaitin toplanmasına ehtiyacı yoxdur. Lakin bu qurum pul kütləsinə nəzarəti həyata keçirdiyi üçün, digər problemlərin yaranmaması üçün, manatın məzənnəsinə nəzarət edə bilmək üçün bu hərracları keçirir və nə qədər vəsait lazımdırsa götürür. Ancaq banklarda hazırda çox ciddi kapitallaşma problem var. Ölkədə faktiki olaraq 4-5 bank var ki, onların kapital problemi yoxdur. Qalan digər banklarda kapital problemi mövcuddur, vəsaitləri yoxdur ki, aşağı faizlə kreditlər versinlər, əhali kütləsi və hüquqi şəxslərlə işləsinlər. Bu problem də açıq olaraq qalır. Mərkəzi Bank da müəyyən səbəblərdən onlara kömək edə bilmir.

    Lakin bankların vəsaitlərini Mərkəzi Banka depozit olaraq verməsi, iş adamların kredit verməklə real iqtisadiyyata yönləndirməməsi iqtisadi aktivliyə mənfi təsir göstərir. Məhz bu kimi səbəblərdən 2017-ci ildə ÜDM-də 0,1 faiz artıb olub. Bu da artım hesab olunur, lakin bank sistemi normal işləsə və real iqtisadiyyatı kapitalla təmin etsə idi, bu rəqəm 1-2 faiz olardı. Yəni, hazırki proses iqtisadi aktivliyi azaldır ki, bu da çox ciddi problemdir. Azərbaycanda hazırda qeyri-neft sektorunun inkişafına diqqət ayrılıb, dövlət tərəfindən dotasiyalar ayrılır, çox ciddi işlər görülür. Ancaq bank sistemi normal işləsəydi, kapitalı olsaydı və normal faizlərlə kredit versəydi, bu inkişaf daha sürətli olardı. Faktiki olaraq, iqtisadiyyatımızda ən ciddi problem bank sisteminin sağlamlaşdırılmasıdır”.

    Bankların vəsaitlərini kreditləşməyə deyil, Mərkəzi Bankın depozitlərinə yönləndirməsinin səbəbinə gəlincə, deputat vurğuladı ki, sahibkarlara və vətəndaşlara verilən kreditlər bir çox hallarda geri qayıtmır: “Hazırda bankların təklif etdiyi yüksək faizlərlə kredit götürmək istəyənlər də yoxdur. Digər tərəfdən verilən kreditlər geri qayıtmır. 1,8 milyard manata yaxın problemli kreditlər var. Bu məsələ hələ də həllini tapmır. Banklar risk etmək istəmirlər və düşünürlər ki, daha etibarlı olan depozitlərə yatırım edib 8 faiz qazanmaq daha yaxşıdır, nəinki 20-25 faizlə kredit verib sonra dalınca qaçmaq. Reallıq bundan ibarətdir.”
    V. Əhmədovun sözlərinə görə, problemin həlli yolu odur ki, bankların sağlamlaşdırılması ilə əlaqədar xüsusi tədbirlər görülməlidir: “Dolların devalvasiyasından sonra bu valyuta ilə olan problemli kredit məsələsinin həlli ilə bağlı həmkarım Əli Məsimli ilə 2016-cı ildə hökumətə 14 səhifəlik təklif vermişdik. Bu təklifi prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Milli Məclisin sədri Oqtay Əsədova təqdim etmişdik. Lakin bəzi qurumların mane olması ilə bu təkliflər qəbul olunmadı. Bu günə qədər təkliflərə müsbət rəy ala bilməmişik. Halbuki, Maliyyə Nazirliyi də , Mərkəzi Bank da problemin həllində maraqlı idi. Lakin məsələ açıq olaraq qaldı. Bu problem həllini tapmadan iqtisadiyyat da əsaslı inkişaf edə bilməz. Azərbaycanda kapitalı olan banklar əsasən “Paşa Bank”, “Kapital Bank”, “Rabitə Bank” və son olaraq sağlamlaşdırılan Beynəlxalq Bankdır. Yəni, 30 bankdan 25-nin faktiki olaraq kapitalı yoxdur. Depozit hərraclarının keçirilməsində Mərkəzi Bankın əsas məqsədi odur ki, inflyasiya aşağı olsun, milli valyuta qorunub saxlanılsın. Ancaq bu qurum həm də bank sisteminin sağlamlaşdırılmasında maraqlı olmalıdır”.


    Rubrika.az


    Facebook-da paylaş