• AZƏRBAYCAN BANKLARI TƏDRİCƏN ÇÖKÜR

    AZƏRBAYCAN BANKLARI TƏDRİCƏN ÇÖKÜR

    Natiq Cəfərli: "Bankları mövcud ağır durumdan çıxarmaq üçün 5-6 milyard lazımdır"

    "Dövlət tərəfindən dəstək olmasa, banklar düşdükləri dərin quyudan çıxa bilməyəcəklər"

    "Əmanətlərin Sığortalanması Fondunun özündə də həm struktur, həm idarəetmə, həm də ciddi maliyyə problemləri var"


    Rubrika.Az teref.info-ya istinadla bildirir ki, bu gün Azərbaycan banklarının durumu heç də arzuolunan səviyyədə deyil. Belə ki, kommersiya banklarının bir çoxu zərərlə işlədiyi üçün iflasın eşiyində, bağlanma təhlükəsi il üz-üzədirlər. Bu isə özlüyündə ölkə iqtisadiyyatının ən aktual problemlərindən biri kimi dəyərləndirilməlidir. Dürdür, hökumət bu problemi aradan qaldırmaq üçün müəyyən addımlar atsa da, görünən odur ki, bunun bankların vəziyyətinin yaxşılaşdırılmasına elə də ciddi təsiri olmayıb. Belə ki, artıq öz gücü hesabına problemlərini həll edə bilməyən bəzi bankların bazardan çıxması məsələsi gündəmə gəlib.

    Qeyd edək ki, ekspertlərin bir çoxu bu qənaətdədir ki, bankların mövcud durumu vətəndaşların onlara inamını ciddi şəkildə sarsıdıb və elə bu səbəbdən də əhali depozit yatırmaqda maraqlı deyillər. Onu da nəzərinizə çatdırmalıyıq ki, iqtisadçıların bir qismi mövcud vəziyyətdə banklarla münasibət qurarkən yüz ölçüb bir biçməyi məsləhət görürlər. Məsələn, iqtisadçı-ekspert Qubad İbadoğlu əmanətlərin yerləşdirilməsi zamanı ehtiyatlı olmağı tövsiyə edir. Onun fikrincə, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə bəzi bankların durumu nisbətən sabitləşsə də bütövlükdə bank sektoru izafi likvidlik (yerləşdirilmək imkanından çox olan vəsaitlərin toplanması ) və vaxtı keçmiş borclar probleminə görə hələ də böhrandan çıxa bilməyib: "Bu da bəzi banklarda əmanətlərin qaytarılması riskini artırır. Hesabat məlumatlarına görə (Naxçıvan bank istisna olmaqla) ötən ilin 1-ci rübündə xalis mənfəətə malik olmayan bankların sayı 11 idisə (onlardan biri Dəmirbank artıq bağlanıb), bu ilin ilk rübünün nəticələrinə görə zərərlə işləyən bankların sayı 7-ə qədər azalıb və onların 5-i (Bank VTB (Azərbaycan), TuranBank, AGBank və AccessBank) ikinci ildir ki, davamlı olaraq xalis mənfəətsiz fəaliyyət göstərir. 1 aprel 2018-ci il tarixə olan məlumata görə, bu banklar arasında ən böyük zərər (247 milyon manat) Bank VTB (Azərbaycan) ASC-nin fəaliyyətində qeydə alınıb. Bu bankda zərərin məbləğinin kəskin artması bütövlükdə bank sektorunun 1-ci rübdəki fəaliyyətini mənfəətsiz edib. Odur ki, əmanətlərin yerləşdirilməsi zamanı ehtiyatlı olun".

    Bu arada, məlumat üçün bildirək ki, "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev bir müddət öncə Mərkəzi Bankın aprelin 2-də keçirilən depozit hərracında gözlənildiyi kimi tələb yüksək olmaqla yanaşı, yeni rekord vurduğunu qeyd edib: "Mərkəzi Bankın 250 milyon AZN həcmində təklifinə qarşı banklar tərəfindən sifariş 1,2 milyard AZN-ə yaxın olub. Bu, son 1 ayda 4-cü rekord göstəricidir. Martın 29-da keçirilən hərracda depozitin cəlbedilmə müddətinin 20 günə qaldırılması da tələbatı azalda bilməyib. Analoji tələbat martın 14-də Bakı Fond Birjasında keçirilmiş hərracda qeydə alınıb. Həmin hərracda Mərkəzi Bankın 250 milyon manatlıq sifarişinə qarşı bankların tələbi 1 milyard manatdan çox olub. İndiki dövrdə "resurs bolluğu"ndan əziyyət çəkən banklar öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər. Real sektorun riskləri və əhalinin kredit tarixlərinin pisləşməsi bankların kreditləşmə marağını azaldıb. Faktiki olaraq aktivlərinin ən yaxşı halda 40%-ni aktiv kreditləşməyə yönəldən banklar aktivlərinin qalan hissəsini gəlirə çevirməkdə problemlərlə üzləşiblər və Mərkəzi Bankın hərrac imkanlarından yararlanmağa çalışırlar. Nəzərə alaq ki, kreditləşmənin aktivlərdə payının 20%-dən az olduğu banklar da var". Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank valyuta bazarında sabitliyi qorumaq və banklara dəstək üçün hərraclar vasitəsilə dövriyyədən müvəqqəti də olsa 1,3 milyard manat çıxara bilib: "Bunun 700 milyon AZN-ni depozit, 600 milyon AZN-ni isə notların yerləşdirilməsi üzrə hərraclar vasitəsilə həyata keçirib. Mərkəzi Bank 2018-ci ilin ilk 3 ayı ərzində banklara depozit hərracları vasitəilə 15 milyon, notların yerləşdirilməsi yolu ilə 3 milyon manata yaxın dəstək verib. Mərkəzi Bank ümumilikdə banklara 18 milyon manatlıq faiz ödəyib. Proseslər belə davam edəcəyi təqdirdə milli valyutada yerləşdirilmiş əmanətlərin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağı düşəcək, bankların əmanətçilər qarşısında öhdəlikərinin yerinə yetirməsində çətinliklər yaranacaq".
    AZƏRBAYCAN BANKLARI TƏDRİCƏN ÇÖKÜR

    Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, əhalinin kommersiya banklarına olan inamının ciddi şəkildə azalmasının bir neçə səbəbi var: "Ən böyük səbəblərdən biri isə odur ki, son illərdə, əsasən də 2015-ci ildən sonra banklarla vətəndaşların münasibətləri çox gərginləşib. Yəni iki böyük devalvasiyadan sonra banklara olan inam azaldı. Eyni zamanda, problemli kreditlərin həcmi artdıqca bütün yük vətəndaşın çiynində qaldı. Banklar isə bu prosesdə vətəndaşlara hər hansı formada yardım etmək istəmədilər. Bununla da bütün yükün vətəndaşın çiynində qalması əhalinin banklara olan güvənini, banklarla olan əlaqələrini xeyli dərəcədə zəiflətdi".

    Ekspertin fikrincə, son dövrlər bankların ardarda bağlanması da vətəndaşların banklara olan etibarının azalmasına təsir edən amillərdəndir: "Hətta böyük banklar belə, bağlanma riskindən yan keçə bilmədi və gələcəkdə yan keçə bilməməsi ehtimalı da var. Məsələn, "Bank Standart" kimi nəhəng bir bank bağlandı və bu da öz növbəsində, on minlərlə müştərinin ciddi problemlər yaşamasına səbəb oldu. Yəni həm depozitlərin geri qaytarılması məsələsi aylarla uzandı, həm də bir çox hallarda vətəndaşlar faizlərdə itkilərə məruz qaldı. Bir sözlə, həm problemli kreditlərlə, həm də kredit faizləri ilə bağlı məqamlarda vətəndaşın ziyanına fəaliyyət göstərən bank sistemini gördük. Əhalinin banklara inamının azalmasına təsir edən başqa bir məsələ isə bankların bu qədər ziyan etməsinə və ciddi şəkildə problemlər yaşamasına baxmayaraq, bu gün də sadə vətəndaşlarla, o cümlədən iş adamları ilə normal münasibətlərin qurula bilməməsi ilə bağlıdır. Çünki problemli kreditlər artdığı halda, faiz dərəcələri aşağı düşmür ki, banklar əhalini və yaxud biznes strukturlarını, o cümlədən vətəndaşların istehlak kreditlərini artıra bilsinlər. Odur ki, bütün bu məsələlər nəticə etibarı ilə Azərbaycanda bankların həm öz vəziyyətini kəskin şəkildə pisləşdirib, həm də əhalinin, biznes çevrələrinin banklara münasibətini kifayət qədər zəiflədib".

    Bu arada, sığortalanmamış əmanətlərlə bağlı problemlərin əvvəllər daha geniş yayıldığını vurğulayan Natiq Cəfərlinin sözlərinə görə, bu gün demək olar ki, bu problem aradan qalxıb: "Çünki qanuna edilən yeni dəyişikliyə görə, depozitlərin demək olar ki, tamamına yaxını sığortalanır. Ancaq bəzi banklar var ki, onlar əmanətlərin sığortalanmaması qarşılığında çox yüksək faiz təklif etdiyi üçün vətındaşlar buna aldanır. Lakin qlobal götürdükdə bu məsələ il yarım, 2 il öncə daha aktual idi və ciddi problemlərə gətirib çıxardı. Amma indi demək olar ki, sığortalanmamış əmanətlər yox dərəcəsindədir. Əsas problem ondadır ki, bu gün Əmanətlərin Sığortalanması Fondunda da pul yoxdur. Yəni sabah yenə hər hansı bir bankda problem yaşansa bu fondun ödəyəcəyi vəsaitlər sıfra yaxındır. Əmanətlərin Sığortalanması Fonduna heç bir vəsait toplanmayıb. Toplanmış vəsaitlər isə əvvəlki bankların depozitlərinin qaytarılmasına xərcləndi. İndi əgər bir problem yaşanacaqsa, o zaman yenə Mərkəzi Bank məcbur olacaq ki, Əmanətlərin Sığortalanması Fonduna əlavə vəsait versin. Bir sözlə, Əmanətlərin Sığortalanması Fondunun özündə də bu gün həm struktur, həm idarəetmə, həm də ciddi maliyyə problemləri var. Ona görə də sığortalanmış əmanətlərin belə, vaxtında geri qaytarılması məsələsində gələcəkdə böyük çətinliklər yaşana bilər".

    Bankları düşdüyü bu çətin vəziyyətdən çıxarmağın yolları ilə bağlı fikrini bildirən iqtisadçı ekspert hesab edir ki, həm hökumət, həm də Mərkəzi Bank bu məsələdə çox gecikib: "3 il bundan öncə bankların xilas olması ilə bağlı bir yol xəritəsinə, plana malik olmalı idilər. Çox təəssüf ki, bu istiqamətdə heç bir addım atılmadı. Əgər 3 il əvvəl bankların problemlərini daha ucuz həll etmək mümkün idisə, bu gün artıq bu, mümkün deyil. Çünki problemlər şişib, həddəndən artıq böyüyüb. Hazırda bankların problemlərini həll etmək, onları mövcud ağır durumdan çıxarmaq üçün çox böyük vəsait, təqribən 5-6 milyard manat lazımdır. Bunu isə nə hökumət, nə də Mərkəzi Bank üzərinə götürmək istəyir. Nə də büdcədə elə bir böyük vəsait var ki, banklara dəstək olsun. Amma hamıya məlumdur ki, banklara dövlət tərəfindən dəstək olmasa, onlar düşdükləri dərin quyudan çıxa bilməyəcəklər".


    Rubrika.az


    Facebook-da paylaş