• Ermənistanda inqilab sonrası eyforiya bitir: əks-inqilab qapıda

    Ermənistanda inqilab sonrası eyforiya bitir: əks-inqilab qapıda

    İşğalçı ölkədə Paşinyan hökumətindən məyusluq artır, küçə etirazları səngimir; Moskva fürsət gözləyir; erməni nəşrindən SOS: “Ukrayna inqilabından dərs götürməliyik, Qərb bizə lazımı dəstəyi verməyəcək...”

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Nikol Paşinyanın baş nazir postunda 1 ayı tamam oldu. Ötən həftə o, yeni hökumətin proqramını parlamentə təqdim elədi. Əksər təhlilçilərə görə, bu reallıqlardan və iqtisadi göstəricilərdən uzaq, quru vədlər və pafos üzərində qurulmuş bir sənəddir. Belə çıxır ki, Paşinyanın başından inqilab ovqatı çıxmayıb və problemlərin həllinə o, hələ də bu prizmadan baxır.

    Zaman isə gedir. Bir sıra erməni siyasi şərhçiləri ötən bir ayın erməni xalqının gözləntilərini bir elə doğrultmadığı qənaətindədirlər. Müşahidələr göstərir ki, Ermənistanda güclü “alkoqol sonrakı ayılma” dövrü (“otrezvleniye”) də artıq başlayıb. Narazı əhali yavaş-yavaş anlamağa başlayıb ki, Paşinyanın əlində sehrli çubuq yoxdur və vəd edilən cənnətlər tezliklə olmayacaq.

    Bu, heç mümkün də deyil. Çünki blokada şəraitində olan, dünya okeanına çıxışdan və Rusiya ilə quru əlaqədən məhrum, ən əsası Moskvanın vassalı olan Ermənistanda dərin iqtisadi islahatlar aparıb, ölkəni İsveçrəyə, Norveçə çevirmək mümkün deyil. Bu da bir göstəricidir ki, artıq Paşinyanın çağırışlarına rəğmən, ölkədə etirazlar davam edir.

    Məsələn, dünən Ermənistan Texut və Şnox kənd sakinləri Texut QSC-ə gedən yolları səhər saatlardan etibarən bağlayıb (Axar.az) Onlar şirkətdən məşğulluq tələb ediblər. Aksiya iştirakçılarından birinin sözlərinə görə, onlar hər növ torpaq sahəsindən (bağ, əkin, meşə) məhrum olublar, indi isə üstəlik işdən də qovulublar. “Kreditlər götürmüşük, ancaq bizim haqqımızda heç kim düşünmür. Nə üçün bizdən aldıqları torpaq sahələrində başqaları çalışmalıdır? Yollar bizim suallarımıza cavab verilənə qədər bağlı saxlanılacaq”, - aksiya iştirakçıları bildiriblər.

    *****

    “Siyasi və inqilabi eyforiyanın alkoqol-sonrakı sindroma bənzər bir xüsusiyyəti var: hər iki halda qəzəb hissinə keçən ayılma baş verir, çünki bəlli olur ki, gözləntilər boşuna, reallıq isə kədərli imiş. Biz bunu sadəcə, qəbul eləmək zorundayıq. Ələlxüsus da gözümüzün önündə başqa dövlətlərin nümunələri varsa. Məsələn, Ukrayna”.

    “Yeni Müasavat”ın məlumatına görə, bu barədə armenianreport.com nəşrində post-inqilab dövrünün gözləntilərinə həsr olunmuş “Eyforiyanın əsirliyində” sərlövhəli məqalədə deyilir.

    Yazıda daha sonra bildirilir: “Müstəqillik qazanandan bu yana Ukraynaya Qərb çox şey vəd elədi. Lakin ölkə üçün xüsusən də həlledici və kulminasiya məqamlarında Qərbdən real kömək gəlmədi. Rusiyanın Krımı ilhaq eləməsinin və Donbasda müharibəni qızışdırmasının səbəbi də budur. Qərb sadəcə, Rusiya ilə döyüşməkdən qorxdu. O, əlbəttə ki, Rusiyaya qarşı sanksiyalar tətbiq elədi. Ancaq bunu nə vaxt elədi? O vaxt ki, Rusiya silahı olan ”BUK"dan Malayziyaya məxsus, hollandların uçduğu “Boinq” sərnişin təyyarəsi vurulanda. Yəni yalnız avropalıların həlak olması ABŞ və köhnə Avropa siyasətçilərini sözdən işə keçməyə vadar elədi.

    Bununla belə, hələ də Rusiyaya qarşı sektoral sanksiyalar tətbiq olunmayıb, Vladimir Putin və ətrafının Qərb banklarındakı hesabları dondurulmayıb. Üstəlik, Rusiyaya qarşı sanksiyaları qaldırmaqla bağlı bir qisim avropalının səsi getdikcə daha ucadan çıxır. Ukraynada da belə görünür ki, ayılma baş verməkdədir. Orada artıq başa düşürlər ki, Qərb Ukraynadan yalnız öz məqsədləri umun istifadə edir".

    Müəllifə görə, Ukraynada hazırda yaşananlar ermənilərə də dərs olmalıdır. “Ona görə ki, Qərb siyasətçilərinin sözlərinə, vədlərinə elə də inanmağa dəyməz. Onların öz hədələri, öz hesablamaları var. Ermənistan da onları müstəsna olaraq öz planlarında istifadə oluna biləcək ölkə kimi maraqlandırır. Vəssalam. Ermənistanın maraqları barədə onlar heç vaxt düşünmək belə istəməyəcəklər. Uzağı, bizim Rusiya ilə münasibətlərimizi qəlizləşdirib bundan dividentlər almağa çalışacaqlar. Yox, biz Qərbi pisləməyə və hamılıqla Rusiya ilə dostluq eləməyə çağırmırıq. Biz istəyirik, heç kəsin bir şeydə illüziyası olmasın: heç kim bizə pulsuz kömək etməyəcək. Belə bir şey yoxdur, olmayıb, olmayacaq da”.

    *****

    Qalır indi bu reallığı Ermənistanın yeni baş naziri Nikol Paşinyanın nə dərəcədə ciddiyə alması. Hələ ki, o, Rusiya və Qərb arasında balansı saxlamağa çalışır - altdan-altdan öz komandasını qərbyönlü kadrlardan, “Amerikanın uşaqları”ndan təşkil eləsə də.

    Maraqlıdır, görəsən Moskva öz satellitinin bu nankorluğu qarşısında ona hansı ağır bədəli ödədəcək? Qərbə, Avropa Birliyinə kurs götürən Ukrayna Krımı itirdi, Donbas da faktiki itirilmiş kimidir. Monoetnik Ermənistanın muxtar bölgəsi yoxdur. Amma erməni işğalında olan Dağlıq Qarabağ var - istənilən erməni siyasətçisinin karyerasını bir anda sıfırlayacaq Qarabağ.

    Bunu kim bilməsə də Paşinyan fərqində olmamış deyil. Özünün qərbçi komandası ilə əgər o, tezliklə köklü islahatlara nail olmasa, ən əsası, əhalinin güzəranı qısa zamanda inqilabdan əvvəlki səviyyədən yuxarı qalxmasa, böyük məyusluq fonunda revanşist qüvvələrin əks-inqilab ssenarisi qaçılmaz olacaq. Rusiya inqilaba müəlliflik eləmədi, amma “Amerika uşaqları”na qarşı əks-inqilaba məmnuniyyətlə dirijorluq edəcək...

    Rubrika.Az


    Facebook-da paylaş