• Nizami Rayon İcra başçısı Arif Qasımovdan prezidentə şikayət - Cavabsız qalan SORĞU

    Nizami Rayon İcra başçısı Arif Qasımovdan prezidentə şikayət - Cavabsız qalan SORĞU

    Başçının dodaq uçuqladan “xeyr-duası”

    “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.

    Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir.”
    Prezident İlham Əliyevin hər bir məmur üçün iş prinsipi sayıla biləcək bu tezisləri xalqa xidmətin, dövlətə sədaqətin simvolu hesab edilməlidir. Əslində hər bir vəzifə sahibi bu ali prinsiplərə söykənərək fəaliyyət göstərməlidir. Amma, təəssüf ki, hər gün bunun əksini sübut edən informasiyalar yayılır. Rubrika.az saytına Nizami rayonunda baş verən qanunsuzluqlardan, icra başçısı Arif Qasımovun rayona şəxsi mülkü kimi yanaşmasından bəhs edən məlumatlar daxil olub. Həmin informasiyaları təqdim etməklə geniş ictimaiyyəti maraqlandıran sualları cavablandırmaq üçün Nizami RİH-nə və şəxsən icra başçısı Arif Qasımova təqdim edirik.
    1. Medyada zaman-zaman Nizami rayonunda törədilən “yaşıl soyqırım” faktları gündəmin əsas mövzusuna çevrilir. Hətta bu məlumatlar o qədər çoxdur ki, Nizami rayonunda planlı şəkildə səhralaşma prosesinin aparıldığını düşünmək olar.
    Bu günkü Bakının yaşıl mənzərəsi ümummilli lider Heydər Əliyevin yadigarıdır. Yəqin ki, hamı onun paytaxtın yaşıllıqlarına necə həssas münasibət bəslədiyini xatırlayır. Hətta H. Əliyev “bir ağac kəsən elə bil mənim qolumu kəsir” deyərək öz mövqeyini bildirmişdi. Eyni münasibət bu gün cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də sərgilənir. Amma, bütün bunlara baxmayaraq Nizami rayonunda “səhralaşma” prosesi tam hızıyla davam etməkdədir. Hətta dövlət başçısının, birinci vitse-prezidentin təpkisindən, birbaşa müdaxiləsindən sonra belə proses dayandırılmayıb.
    Rubrika.az saytına daxil olan məlumatda bildirilir ki, satılmaq üçün hazırlanan yeri yaşıllıqlardan “təmizləmək” üçün gecə vaxtı xüsusi qrup adamlar vasitəsi ilə həmin ağacların diblərinə xüsusi kimyəvi maddələr tökülür. Sonra qısa müddət ərzində ağac quruyur və qurumuş ağacın kəsilməsindən sonra isə ərazi lazımi adamlara lazımi qiymətə satılır.
    - Uzun illərdir ki, Nizami rayonunda aparılan “yaşıl soyqırım” hallarına görə indiyə qədər hansısa vəzifəli şəxs məsuliyyətə cəlb edilibmi?
    - Nizami rayonu ərazisində məhv edilən yaşıllıqlar hesabına satılan hektarlarla ərazilər hansı əsaslarla satışa çıxarılır və əldə edilən milyonlarla manat pul kimlərin cibinə axır?
    - Bunca kəsilən ağacların, qazanılan milyonların əvəzinə rayon ərazisində bir ağac əkilibmi?
    - Nizami rayonu ərazisində ağaclar doğrudan da niyə belə sürətlə quruyurlar?
    2. Rubrika.az saytına verilən məlumatlara görə rayon ərazisində icra başçısının nəzarətində olan başqa bir böyük dəstə də mövcuddur. Bu dəstə əsasən rayon ərazisində tikili aparan, ev tikən, hasar tikən, həyət evinin üstün dəyişən, mansar tikən, obyekt tikən, obyektini böyüdən və sair iş görən bütün vətəndaşlara nəzarət edir. Rayon ərazisində sadaladığıımız bu işləri həyata keçirtmək istəyən ilk növbədə icra başçısının adamlarını görməli, “xeyir-dua”sını almalıdır. Bu “xeyir-dua”nın isə dodaq uçurdan qiymətlərə verildiyi bildirilir.
    - Dövlət strukturlarının əvəzinə fəaliyyət göstərən belə bir dəstə saxlamaq hansı qanunlara əsaslanır?
    - Rayon ərazisində aparılan tikinti işlərinin qeydiyyatı aparılırmı ?
    -Nizami rayonunda aparılan bütün tikinti işləri qanunidirmi? Əgər qanunidirsə sənədləri mövcuddurmu, qanunsuzdursa hansı əsasla tikilib?
    3. Nizami rayonu paytaxtın ən çox şadlıq evləri yerləşən ərazisidir. Rayon ərazisində 100-dən artıq şadlıq evi fəaliyyət göstərir. Rubrika.az-a daxil olan məmlumatlara görə Arif Qasımov rayona rəhbər təyinatını alan kimi bu gəlirli sahəni nəzarətə götürməyə başlayıb. Bütün şadlıq evlərinin siyahısını tutduran A. Qasımov daha iri ranqlı məmurların obyektlərini siyahıdan çıxartdıqdan sonra yerdə qalanları “yola gətirmək” üçün yoxlamalara start verib.Rayon bələdiyyəsi ilə birgə aparılan yoxlamalarda eskiz layihəsindən azca kənara çıxan və yaxud obyektin ərazisində yardımçı tikililəri olan sahibkarlar obyektin tamamən sökülməsi tələbi qarşılığında qalaraq Arif Qasımovun adamlarının tələb etdiyi pulu ödəməyə məcbur oldular. Sonradan Arif Qasımovun adamları ilə “anlaşan” bəzi sahibkarlar hətta digər əlaqədar qurumlardan gizli olaraq obyektlərinin ərazisini genişləndirə bildilər.
    Rubrika.az-a daxil olan məlumatlara əsasən Arif Qasımovun “şadlıq evləri biznesinə” qaynı Mehdi Cəfərov nəzarət edir. Məlumata görə, uzun müddət Sabunçu Telefon Qovşağının marketinq xidmətləri satış şöbəsinin müdiri işləyən Mehdi Cəfərov ötən ilin sonlarında “MTN işi”nə görə nazirliyin strukturundan qovulub. Məsələnin ilginc tərəfi isə Arif Qasımovun qaynı olan Mehdi Cəfərovun MTN generalı Hilal Əsədovun bacanağı olmasıdır. Qeyd edək ki, hal-hazırda davam etdirilən qalmaqallı “MTN işi” məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirinin müavini vəzifəsində çalışmış, general Hilal Əsədovun da adı keçir. Rabitə sahəsində hər kəs bilirdi ki, Mehdi Səfərov bu vəzifəyə Hilla Əsədovun bir zəngi ilə təyin edilib. Ancaq bu vəzifə Mehdi Səfərov üçün formal bir iş sayılırdı. O qaynı Arif Qasımovun və bacanağı general Hilal Əsədovun köməkliyi ilə böyük bir biznes sahəsi yaradıb və hazırda onun böyük biznes quruluşunda həm Hilal Əsədovun, həm də Arif Qasımovun böyük payı var. Məlumatlarda bildirilir ki, bir çox turistik rayonlarda Mehdi Səfərova aid olan İstirahət Mərkəzləri və digər iaşə obyektləri fəaliyyət göstərir. Həmin obyektlərin də bir çoxunun məhz Hilal Əsədova aid olduğu qeyd edilir. Həmçinin bildirilir ki, Bakıda da general Hilal Əsədovun bir çox gəlirli obyektləri bacanağı Mehdi Səfərovun adana rəsmləşdirilib.
    Arif Qasımovun cidd-cəhdlə ört-basdır etməyə çalışdığı nüanslardan biri də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla olan sıcaq münasibətləridir. Keçmiş nazirlə olan yaxın münasibətləri zamanında A. Qasımovun köməyinə gəlsə də hazırda onun əsas baş ağrısına çevrilib.
    - Rayon ərazisində fəaliyyət göstərən şadlıq evlərinə təzyiqlərin edilməsi, aylıq haqq alınması barədə verilən məlumatlara münasibətiniz necədir?
    -Ümumiyyətlə Nizami rayonunda iş adamlarına, sahibkarlara qanunsuz haqq kəsilməsi, rayon ərazisində aparılan quruculuq işləri zamanı onlardan pul toplanılması barədə Rubrika.az saytına dəfələrlə məlumatlar daxil olub. Ölkə başçısının sahibkarlıq mühitinin şəffaflaşdırılması istiqamətində komleks tədbirlər gördüyü bir zamanda belə addımlara nə ad vermək olar?
    - Keçmiş MTN şefi ilə olan yaxın münasibətlər barədə səsləndirilən fikirlərə münasibət açıqlamanızı xahiş edirik?

    Rubrika.az
    Nicat Mahmudov


    Facebook-da paylaş