• Abdin Fərzəliyev Prezidentin göstərişlərinə əməl etmir

    Abdin Fərzəliyev Prezidentin göstərişlərinə əməl etmir

    Fəaliyyəti ilə özəl sektorun inkişafına sədd çəkən, bütün gəlirli sahələri özününküləşdirərək rayona investisiya qoyuluşunu əngəlləyən icra başçısının etimad limiti bitib

    Ölkə prezidenti cənab İlham Əliyevin şəxsi prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan beynəlxalq mövqeyini kifayət qədər möhkəmləndirib və regionun lider dövlətinə çevrilib. Ölkəmizin hazırda yüksək beynəlxalq nüfuza malik olmasını, hətta düşmənlərimiz belə, inkar etmirlər. Prezident İlham Əliyev beynəlxalq aləmdə ölkəmizin əldə etdiyi yüksək nəticələri eyni zamanda, ölkədaxili idarəetmədə də reallaşdırmaq məqsədi ilə artıq ciddi struktur və kadr islahatlarına başlayıb. 11 aprel seçkilərindən sonra ard-arda verilən sərəncamlara diqqət yetirərək, hər kəs bu cür islahatlara start verilməsinin şahidi ola bilər.
    Xatirladaq ki, cənab prezident bu islahatların başlanılacağının anonslarını hələ ötən il vermişdi.
    Ötən il iyulun 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində yaxın aylarda komandada ciddi kadr islahatlarının başlayacağı barədə xəbərdarlıq edən cənab Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışaraq bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırlatmışdı.
    İlham Əliyev həmçinin bildirmişdi ki, bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır.”Bunlara son qoyulmalıdır. İlin sonunda – dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident son xəbərdarlıq etmişdi.
    Rubrika.az xəbər verir ki, artıq etimadı doğrultmayan icra başçılarının vəzifədən alınması prosesinə start verilib və bir çoxları öz kürsüsü ilə vidalaşıb. Bu prosesin davamlı olacağı heç kimdə şübhə doğurmur və saytımıza yaxın vaxtlarda vəzifədən alınacaq icra başçıları ilə bağlı ilginc məlumatlar daxil olub. Tezliklə cəzalandırılacaq başçılar içərisində Nərimanov rayonuna rəhbərlik edən Abdin Fərzəliyevin adı ilk sıralarda gəlir.
    Rubrika.aza daxil olan məlumatlara görə A.Fərzəliyevin rəhbərlik etdiyi rayonda özəl sektorun inkişafına maneçilik törətməsi, sahibkarlara divan tutması haqqında çoxsaylı şikayətlər öz nəticəsini göstərib. Öz fəaliyyəti ilə özəl sektorun inkişafına sədd çəkən, bütün gəlirli sahələri özününküləşdirərək rayona investisiya qoyuluşunu əngəlləyən A. Fərzəliyevin etimad limiti bitib. Nərimanov rayonunda bütün sahələrdə monopoliyasını yaradan, bütün biznes strukturlarını nəzarətə götürən, hətta “moyka”rı belə özününküləşdirən icra başçısı bütün əməlləri ilə cənab prezidentin göstərişlərinə zidd addımlar atır. Bütün bunlar isə onun adının tezliklə “sabiqlər” siyahısına salınacağından xəbər verir.
    Rubrika.az bildirir ki, A. Fərzəliyev öz dəbdəbəli həyat tərzi, bahalı əyləncələri ilə zaman-zaman gündəmin əsas qəhrəmanlarından biri olub. Onun bahalı ov itləri saxlaması, bu cins itlərə olan xüsusi diqqəti hər kəsə bəllidir. İcra başçısının 20 min manata İngiltərədən it gətizdirməsi, hətta itinə qulluq etmək üçün həmin ölkədən təlimçi də dəvət etdirməsi məlumdur. Hər ay öz itlərinə on min manatdan çox vəsait sərf edən başçının bütün bunları “quru maaşla” etməsinə isə heç uşaqları da inandırmaq olmaz.
    Abidin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır. Bu bahalı itlərə xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İcra başçısının ova 10-a yaxın müxtəlif "Cip”lərlə gəldiyi bildirilir. Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi əsasən ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. O da qeyd olunur ki, son dövrlərə qədər icra başçısının ov yoldaşları arasında mühüm dövlət adamları da olub. Hətta adı nurçu qalmaqalında hallandığı üçün Prezident Administrasiyasından uzaqlaşdırılan Elnur Aslanovun da bir neçə dəfə başçının qonağı olduğu söylənilir.
    Rubrika.az xəbər verir ki, icra başçısının bütün fəaliyyəti dönəmində onunla “qoşa addımlayan” 1-ci müavini Şahmar İbadovun da cəzalandırılacağı istisna olunmur.
    Onu da bildirək ki, Şahmar İbadov icra başçısının «qara kassası” funksiyasını yerinə yetirir. Ş.İbadovla «haqq-hesab mexanizmi» haqda da maraqlı məqamlar var. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Şahmar İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində milyon manatlarla ölçülən daşınmaz əmlaklarını kimlərin adına sənədləşdirilməsindən tutmuş, hazırda həmin obyektləri kimlərin işlətməsinə dair araşdırmamız davam edəcək. Amma bundan da maraqlısı Şahmar İbadovun daha böyük iddialara düşməsi və bu məqsədlə kimlərlə harada və nə məqsədlə danışıqlar aparması haqda deyilənlərdir. Rubrika.az saytına Şahmar İbadov haqqında olduqca ilginc məlumatlar daxil olub. Onun indi daha çox FETÖ terror təşkilatı kimi tanınan nurçularla olduqca sıcaq münasibətlərə malik olduğu bildirilir. Bu münasibətlərin uzun illərin biznes əməkdaşlığına dayandığı da məlumdur. Həmçinin, bu işbirliyinin indi də davam etdiyi məlumdur..
    Şahmar İbadovun özünün də “qara kassası” funksiyasını yerinə yetirən xüsusi adamı var. Rubrika.az-a verilən məlumata görə “köməkçi” Şahmar İbadovun bütün maliyyə əməliyyatlarına rəhbərlik edir. Həmçinin Ş. İbadova “çıxış” əldə etmək üçün “köməkçini” “görmək” lazımdır.
    Rubrika.az saytına verilən məlumata görə yaxın zamanlarda A. Fərzəliyev haqqında son qərarın veriləcəyi gözlənilir. Bildirilir ki, A. Fərzəliyev sadəcə vəzifədən alınması ilə xilas olunmağa çalışır. Amma, onun haqqında hazırlanan dosye o qədər “zəngin”dir ki, buna hətta özü də inanmır.

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş