• “Qarabağ”ın növbəti rəqibi - hər yerdən qovulan məşqçi, xorvat hücumçu...

    “Qarabağ”ın növbəti rəqibi - hər yerdən qovulan məşqçi, xorvat hücumçu...

    Albaniya çempionu “Skenderbeu” danışılmış oyunlarda iştiraka görə avrokuboklardan qovulub və şans “Kukesi”nin üzünə gülüb

    “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını iki görüşün nəticəsinə görə keçə bildi. Rəqib meydanında 1:0 hesabı ilə qalib gələn Ağdam klubu Bakıda qolsuz bərabərə qaldı.

    Ötən sezon Çempionlar Liqasında 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Kukesi”-“Şerif" oyununun qalibi olacaqdı. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Şerif” səfər qarşılaşmasında 1:2 uduzsa da, rəqib meydanında vurduğu qola görə növbəti mərhələyə yüksəldi və “Qarabağ”a rəqib oldu. Bu dəfə isə “Qarabağ”ın “Kukesi” ilə yolları kəsişdi. Ağdam klubu ilk görüşünü səfərdə keçirəcək. Bu qarşılaşma iyulun 25-də olacaq və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bakıdakı cavab matçı isə avqustun 1-də keçiriləcək və 21:00-da start götürəcək.

    Vitse-çempion olsalar da, ÇL-də mübarizə aparırlar, çünki...

    Qeyd edək ki, “Kukesi” 2017-2018 mövsümünü vitse-çempion kimi başa vurub. Lakin çempion “Skenderbeu” danışılmış oyunlarda iştirak faktı ilə əlaqədar avrokuboklardan kənarlaşdırıldığından, Çempionlar Liqasına “Kukesi” yüksəlib. Bu klub I təsnifat mərhələsində Malta “Valletta”sını üstələməyi bacarıb və “Qarabağ”a rəqib olub.

    Ötən ay Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” “Kukesi” ilə yoxlama görüşü keçirib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

    “Kukesi” və danışılmış oyunlar...

    Albaniya çempionu “Kukesi” bu ölkənin eyni adlı şəhərini təmsil edir. Klub 1931-ci ildə-Albaniya Futbol Federasiyasından bir il öncə “Şokeriya Sporiv Kosova” adı altında təsis edilib. 1997-ci ildə ilk dəfə ölkənin birinci divizionuna vəsiqə alanda klub artıq “Pyerparami” adi ilə tanınırdı. Amma klub yüksək liqada çox qala bilməyib. 1991-ci ildə Albaniyada kommunist rejimin dağılması ilə klub da diqqətdən kənarda qalıb. Yalnız 2010-cu ildə adını “Kukesi” kimi dəyişən klubun ulduzu parlamağa başlayıb. Həmin il klub Albaniya Super Liqasına vəsiqə qazanıb. Sponsorların kluba yatırımları tezliklə istənilən nəticəni verib və 2012-2013-cü il sezonun yekununda ikinci yeri tutaraq ilk dəfə Avropa liqasında oynamaq şansı qazanıb. İlk Avropa sınağında onlar Lüksemburqun “Flora” klubu ilə qarşılaşıblar. Ev oyununda qapılara top vurulmayıb. Səfər oyununda isə 1:1 bərabərlik sayəsində klub ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. İkinci mərhələdə “Sarayevo”nu da mübarizədən kənarlaşdırıblar. Sonrakı rəqib isə Donetskin “Metallurq” klubu olub.

    Bu mərhələni də hər iki oyunun nəticəsinə görə adlayan “Kukesi”nin pley-offda rəqibi Türkiyənin “Trabzonspor”u olub. “Kukesi” həm öz meydanında (0:2), həm rəqib meydanda (1:3) məğlub olaraq Avroliqanın qrup mərhələsinin bir addımlığından qayıdıb. 2014-2015-ci il Avroliqa arzusu isə ilk mərhələdən yarıda qalıb. Qazaxıstanın “Kayrat” klubu onları mübarizədən kənarlaşdırıb. 2015-2016-cı illərdə bu dəfə Polşanın güclü “Legiya” klubu üçüncü təsnifat mərhələsində onları yarışlardan uzaqlaşdırıb. 2016-cı ildə isə Avstriyanın “Austriya” klubu ilə ikinci təsnifat mərhələsində qarşılaşan klub ağır məğlubiyyətə (öz meydanında 1:4, rəqib meydanında 0:1) uğrayaraq Avroliqadan yenə kənarda qalıb. 2017-ci ildə isə Çempionlar Liqasında ikinci təsnifat mərhələsində ilk oyunda “Şerif”ə minimal hesabla məğlub olan (0:1) klub öz meydanında 2:1 qalib gəlsə də, növbəti mərhələyə Tiraspol klubu adlayıb. Maraqlıdır ki, “Şerif”lə oyuna hazırlıq üçün bu ölkədə olan klubun baş məşqçisi və 7 futbolçusu həmin vaxt “danışılmış oyunlar” şübhəsi ilə sorğu-sual olunmuşdular. “Kukesi”nin həmin il həm milli çempionatda, həm də beynəlxalq səviyyəli görüşlərdəki bəzi “nəticələri” şübhələrə səbəb olmuşdu. Məsələn, şübhələrə səbəblərdən biri Albaniya çempionunun yoldaşlıq görüşündə Rusiyanın “Dinamo” klubuna 6-0 uduzması idi.

    Klubu həmin il baş məşqçisi albaniyalı mütəxəssis Ernest Qoka çalışdırırdı. Bu ilin yanvarından isə klubun baş məşqçisi Peter Pakultdur.

    Baş məşqçi Peter Pakult kimdir?

    58 yaşlı avstriyalı baş məşqçi Peter Pakult futbolçiu kimi karyerasına Vyananın “Floridsdorf” klubunda başlayıb. “Winer Şport-Club” da oynayıb. Bu klub sonradan “Rapid”ə birləşdirilib və Peter orada da 4 il oynayıb. O, “Tirol”un heyətində daha parlaq çıxışı ilə yadda qalıb. O, 1989-cu ildə bu klubun heyətində Avstriyanın ən yaxşı bombardiri olub, iki dəfə ölkə çempionluğunu bayram edib. 1993-cü ildə o, “Münhen-1860" heyətinə qatılıb ki, burda da klubun Bundesliqaya qayıtmasında böyük zəhməti olub. O, futbolçu karyerasını 1996-cı ildə Vyananın ”Austri" klubunda başa vurub.

    2015-ci ilin oktyabrında o, Slovakiyanın “Zavırç” klubunun yeni məşqçisi oldu, lakin iki həftə sonra vəzifədən azad edildi. 2017-ci ilin yanvarında isə Pakult Xorvatiyanın “Çibali” klubunun yeni baş məşqçisi oldu. Lakin beş oyunda qələbə qazanmadığı üçün mart ayında oradan da ayrılıb. Ötən ilin iyununda Pakult Serbiyanın “Radniçki Niş” klubunda baş məşqçi olub. Amma burada da sentyabr ayına kimi duruş gətirə bilib. Bir neçə ay işsiz qaldıqdan sonra bu ilin yanvarından o, “Kukesi” nin baş məşqçi postunu tutur.

    Xorvat hücumçu, gürcü bombardir

    Klubun hücum xəttində Şkodra Donet (Kosovo), Şpexar Dino (Xorvatiya) və Xarba Xarisi (Bosniya və Hesoqovina) qeyd etmək olar. Yarımmüdafiədə braziliyalı oyunçu Kordeyro Melo Villiam, makedoniyalı Etemi Valonu qeyd etmək olar. Gürcüstanı təmsil edən legioner İrakli Dzariya ən təhlükəli oyunçulardan biridir. O, ötəm mövsüm adını bombardirlər sırasına yazdıra bilib. “Valetta” ilə oyunda isə vacib qol vurub.

    “Qarabağ”ın rəhbərliyi və oyunçuları ikinci təsnifat mərhələsində qarşılaşacağı “Kukesi” haqda ehtiyatlı danışıblar. Baş məşqçi Qurban Qurbanov “”Kukesi"nin oyunlarını izləməmişəm. Onların gücünü bilirik. Qarşıda bizi çətin oyun gözləyir, daha ciddi hazırlaşmalıyıq" deməklə kifayətlənib. Maksim Medvedyev isə deyib ki, rəqibin “Olimpiya”dan daha çətin komanda olduğunu düşünür: “Onların hansı səviyyədə olduğunu bilmirik, sadəcə, adını eştimişik. Albaniya komandasıdır, hər zaman sonadək mübarizə aparırlar, fiziki gücə üstünlük verirlər. Fikirləşirəm ki, ”Olimpiya"ya oxşayan komanda olacaq. Hətta deyərdim ki, Sloveniya klubundan da möhkəm komandadır".

    Rubrika.Az


    Facebook-da paylaş