• Anbarlar açılsa: Neft şoku yaşanacaq

    Anbarlar açılsa: Neft şoku yaşanacaq

    Noyabrda ABŞ-da qeyd olunacaq mid-term öncəsi ("mid-term” ABŞ-da prezidentin səlahiyyət müddətinin tən yarısına deyilir) Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq.

    "Bloomberg” agentliyinin məlumatına görə, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur. Hələlik konkret qərar qəbul edilməsə də, hətta daha böyük həcmdə satışların olması istisna edilmir. Bununla da Tramp administrasiyası "qara qızıl”ın qiymətinə təsir etməyə çalışacaq.

    Ekspertlər-ABŞ anbarların qapağını açacağı halda neft bazarında daha ciddi azalmalar proqnozlaşdırır. Yeni neft şokunun yaşanması qaçılmaz olacaq.

    Anbarlar açılsa: Neft şoku yaşanacaq

    Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, ABŞ-ın iki xam neft ehtiyatı mövcuddur: “Kommersiya təyinatlı neft ehtiyatları idxal həcmləri hesabına formalaşır. Yəni, ABŞ kənardan aldığı neftin bir hissəsini kommersiya təyinatlı neft ehtiyatlarını formalaşdırmasına yönəldir. Strateji neft ehtiyatları 70-ci illərdə neft böhranından sonra yaranmış ehtiyat fondudur. Hazırda ABŞ-ın strateji neft ehtiyatları 660 milyon bareldən bir qədər artıqdır. Bir neçə dəfə bu ehtiyatların satışını həyata keçirtmək praktikası var. Həmin strateji neft ehtiyatlarından İraq-Küveyt müharibəsi zamanı, eləcə də “ərəb baharı”nda və müxtəlif geosiyasi gərginliklərdə və genişmiqyaslı qasırğalarda istifadə ediblər.

    Hazırda həmin strateji neft ehtiyatlarının satışa çıxarılması və satışın hansı həcmlərdə təşkil olunması müzakirəli məsələdir. Digər tərəfdən, strateji neft ehtiyatlarının hansı hissəsinə əla atılacağını müəyyən etmək lazımdır. Çünki burada yüngül və ağır neft markaları mövcuddur. Qlobal neft bazarlarında tarazlığın bərqərar olmasında bir neçə əsas şərt var. Bunlardan birincisi, tələb və təklif prinsipidir. İkincisi, neft bazarlarında yüngül və ağır neftin tarazlığıdır. Üçüncü isə neft məhsulları bazarlarında tarazlığın mövcudluğudur. Bu 3 şərt qlobal bazarlarda neftin qiymətini müəyyən edən əsas indikatorlardır”.

    Analitik hesab edir ki, əgər noyabr ayına kimi OPEC və onun müttəfiqləri İran və Venesuelada getdikcə aşağı düşən hasilat həcmlərini kompensasiya edə bilməsələr, təbii ki, ABŞ bazarlarda müəyyən strateji neft həcmləri sata bilər: “Çox güman ki, satılacaq karbohidrogen həcmləri ağır neft olacaq. Çünki hazırda bazarlarda tələbatdan artıq yüngül neft həcmləri mövcuddur. Məlumdur ki, Asiya və Avropa enerji bazarlarında mövcud neft emalı zavodları yüngül və ağır nefti qarışığından istifadə edirlər. Buna görə də hazırda bazarda həddən artıq ağır neftə böyük ehtiyac var. Onu da qeyd edim ki, İran və Venesuelanın əsas ixrac həcmləri ağır neftdən ibarətdir. Ona görə də OPEC və onun müttəfiqlərinin bu həcmləri kompensasiya edə biləcəkləri sual altındadır.

    Məlumdur ki, ABŞ İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada imtina edib və noyabr ayına kimi rəsmi Tehrana enerji sektorunda ağır şərtlərlə sanksiyalar tətbiq olunacaq.

    ABŞ administrasiyası və diplomatlar İran neftinin əsas tədarükçüsü olan dövlətlərlə ayrılıqda danışıqlar aparırlar ki, noyabr ayına qədər tədarük həcmlərini sıfırlasınlar. Bu istiqamətdə müəyyən irəliləyişlər var. Yaxın vaxtlarda Cənubi Koreya, Hindistan, Yaponiya və Avropa ölkələrinin İran neftindən imtina edəcəklərinə dair söyləntilər var. Qalır Çin Xalq Respublikası ilə Türkiyə. Türkiyənin də İrandan tədarük etdiyi neft həcmlərindən imtina edəcəyi gözlənilir. Çünki heç bir dövlət ABŞ-ın maliyyə sanksiyası təhdidini gözardı edib İranla alqı-satqı müqavilələrini davam etdirməz. Bu zaman Səudiyyə Ərəbistanı və əsas ixracatçı ölkələr İran və Venesuela neftlərini bazarda kompensasiya edə bilərlər. Bu baxımdan həmin dövlətlərin ehtiyat istehsal güclərinə malik olmaları vacibdir.

    Müşahidələr onu deməyə əsas verir ki, bu həcmlər hələ ortada görünmür. Hazırda ən böyük ümidlər Səudiyyə Ərəbistanına bağlanıb. Beynəlxalq agentliklərin məlumatına əsasən Səudiyyə Ərəbistanının sutkalıq sərbəst ehtiyat istehsal gücü 1.7 milyon bareldir. Əgər belədirsə, o zaman ABŞ-ın strateji neft ehtiyatlarına və yaxud Səudiyyə Ərəbistanı ilə Küveytin ortaq sularda mövcud olan iki yatağının birgə sənaye istismarına nail olmaq üçün danışıqlar aparmaq nəyə lazımdır?! Bütün hallarda Venesuela və İran neftinin bazarlardan silinməsi yanlış addımdır”.

    “İran Milli Neft Şirkəti Çin bazarına bel bağlamamalıdır”

    Zəfər Vəliyev onu da qeyd edib ki, Çin Xalq Respublikası Amerikanın İranla bağlı mövqeyini dəstəkləmir: “Çin İranla alqı-satqı müqavilələrinə davam edəcəyini vurğulayır. Amma ötən ayla müqayisədə Çində neftə olan tələbat aşağı düşüb. Orada özəl neft emalı zavodlarının neftə olan tələbatları aşağıdır. Bunun da əsas səbəbləri yeni vergi qanunvericiliyinin tətbiqi, neftin hazırkı qiymətləri və eyni zamanda emal marjının aşağı düşməsidir. Ona görə də İran Milli Neft Şirkəti Çin bazarına bel bağlamamalıdır. Bunun digər fəsadları da olacaq.

    Ötən 2011-2012-ci və 2016-cı illərdə İrana həm Avropa Birliyi, həm BMT, 79-cu ildən də ABŞ sanksiya tətbiq edib. Bu ərəfədə İran müxtəlif yollarla bazara neft həcmləri çıxardıb. Yəni, sanksiyaların sərtləşəcəyi təqdirdə İran müxtəlif tədbirlər görəcək. Bu da o deməkdir ki, fars körfəzində şübhəli neft əməliyyatları aparılacaq. Təbii ki, İran bu məsələlərlə razılaşmayacaq, nəticədə Yaxın Şərqdə vəziyyət gərginləşəcək. Buna görə də həm neft bazarlarında bir təlatüm yaranacaq, həm də OPEC daxilində ciddi catlar əmələ gələcək”.Cebhe.info

    Rubrika.az


    Facebook-da paylaş