• Qadağan olunmuş çimərlikdən REPORTAJ, FOTOLAR

    Qadağan olunmuş çimərlikdən REPORTAJ, FOTOLAR

    Bu fotoları Şıxov çimərliyində olarkən çəkmişik. Şəkillərdən də gördüyünüz kimi, Səhiyyə Nazirliyinin Sanitariya və Epidemiologiya Mərkəzinin çimmək qadağasına məhəl qoyan yoxdur. Çimərlikdə adam əlindən tərpənmək olmur.

    Şıxov çimərliyi xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Su-kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir.

    Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqini keçirib. Müayinələr zamanı Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zonalarında dəniz suyunun çirklənməsi hallarının hələ də davam etdiyi müəyyənləşdirilmiş, həmin çimərliklərdə bakterioloji çirklənmə göstəriciləri normadan yüksək olub. Buna görə də Şıx və Qaradağ rayonu Sahil çimərliyinin çimərlik kimi istifadəsi qadağan edilib.

    GEM-in Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov musavat.com-a bildirib ki, həmin ərazilərdə kanalizasiya sularının dənizə axıdılması ilə əlaqədar adıçəkilən çimərliklərdə bağırsaq çöpləri həddən artıq çoxdur: “Buna görə də həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Xəbərdarlıqlara məhəl qoymayaraq, yararsız çimərliklərdən istifadə edən bəzi şəxslərdə mədə-bağırsaq xəstəliklərinin yaranması isə qaçılmazdır”.

    Təhlükəli elan olunmasına baxmayaraq, nə sadə vətəndaşlar, nə də sahilboyu istirahət obyektlərini işlədən sahibkarlar bu çimərliklərdən imtina etmir. “Şıx” və “Sahil” çimərlikləri və ətraf ərazilərdə kafelər, çayxanalar fəaliyyət göstərir. Bu da əraziyə gedənlərin sayını azalmağa qoymur. Bəs, qadağaya hansı qurum nəzarət etməlidir?

    Ziyəddin Kazımov deyib, çimərliklərin qadağan olunması ilə bağlı Səhiyyə Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Baş Polis İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və rayon GEM-lərinə rəsmi məktubla qərar göndərilib.

    Çimərlikdə üzünün çəkilməsini istəməyən Bakı şəhər sakininə qadağa ilə bağlı sual verdikdə o, təəccübləndi: “Biz hər yay ailəlikcə “Şıxov”a gəlirik. Həm yolu yaxındır, həm pulsuzdur. Qadağa haqda ilk dəfə eşidirəm”.

    Onun yanındakılar da söhbətə qoşulur. Maraqlıdır ki, onlar da qadağa haqda heç nə bilmirdilər.

    Bir az daha irəli gedirik. 2-3 yaşlı qızının qollarına təhlükəsizlik şarı taxmış qadına yaxınlaşırıq. Eyni sualı ona da veririk. Bir anlıq duruxur, sonra cavab verir: “Hamısı boş şeylərdir. Ora baxın (əli ilə dənizdə üzənləri göstərir), görün nə qədər adam var? Xəstəlik olsa, bura bu qədər adam gələr? Şayiədir. Pulsuz çimərlikdir, gəlirik. Pullu çimərliklərin sahibi çıxarmış olacaq ki, onların çimərliyinə gələn çox olsun”.

    Nə qədər cəhd etsək də qadını inandıra bilmədik ki, şayiə deyil, dövlət qurumunun qərarıdır. Ətrafa göz gəzdirdik ki, bəlkə bu haqda məlumatlandırıcı lövhə olar, xanımı inandıra bilərik. Gün başımızdan döyə-döyə sahili gəzirik. Fövqəladə Hallar Nazirliyinin məlumatlandırıcı lövhələri var, amma çimərliklərdə bakterioloji çirklənmə göstəricilərinin normadan yüksək olması ilə əlaqədar çimməyin qadağan olunduğu ilə bağlı bir dənə belə, lövhə yoxdur.

    Əslində, bu lövhələr Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən vurulmalı idi. Çimərlikdən gələndən bəri bir həftə ərzində bununla bağlı Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun iş nömrəsinə dəfələrlə zəng etsək də, dəstəyi qaldıran olmadı ki, lövhələrin olmamasının səbəbini öyrənək.

    Əlimizdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayevin aidiyyatı üzrə qurumlara məktubu var. Bakı Şəhər İcra Hakimiyyəti başçısına və Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə ünvanladığı həmin məktubda direktor vurğulayıb ki, “Şıxov” və “Sahil” çimərliklərinin çimərlik kimi istifadəsinin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Amma...
    Qadağan olunmuş çimərlikdən REPORTAJ, FOTOLAR
    Qadağan olunmuş çimərlikdən REPORTAJ, FOTOLAR

    Rubrika.az


    Facebook-da paylaş