• Azərbaycanın geyim istehsalı potensialı – iş adamları üçün fürsət

    Azərbaycanın geyim istehsalı potensialı – iş adamları üçün fürsət

    “Azərbaycanda yüngül sənayenin inkişaf etdirilməsi üçün həm şərait, həm keçmiş təcrübə var”

    Azərbaycanda pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə edilmişdi. Həmin il respublikada 1 milyon tondan çox pambıq yığılmışdı. Sonra məlum səbəblərdən bu sahəyə diqqət zəiflədi. Hazırda dövlətin qeyri-neft sektorunun inkişafını prioritet elan etməsi nəticəsində bu sahədə də bir sıra uğurlu addımlar atılıb. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.

    Artıq Azərbaycanın “ağ qızılı”nın şöhrəti özünə qayıdır. “Azərbaycan” qəzetinin məlumatına görə, ötən il tarlalardan qabaqkı illə müqayisədə 2,3 dəfə çox məhsul toplanıb. Mövsüm ərzində bir sıra rayonlar xüsusilə fərqləniblər. Belə ki, Saatlıda 25 min 753 tondan, Biləsuvarda 24 min 762 tondan, Bərdədə 22 min 400 tondan, Ağcabədidə 20 min 459 tondan, Sabirabadda 18 min 163 tondan çox pambıq yığılıb. Bir çox rayonlarda keçən mövsümdə olduğundan bir neçə dəfə çox məhsul toplanıb. Beləliklə, aqrar sektorda ənənəvi təsərrüfat sahələrinə, o cümlədən pambıqçılığa diqqətin artırılması öz bəhrəsini verir.

    Bir sözlə, ölkədə artıq böyük bir pambıqçılıq hərəkatı başlayıb. Bu hərəkatdan faydalanıb Azərbaycan da pambıq parça və geyim istehsalına başlaya bilərmi?

    İqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirir ki, Azərbaycan son istehsal məhsulu ixrac edərsə, daha çox gəlir əldə edər: “Dünya ölkələri iqtisadiyyatına görə iki kateqoriyaya ayrılır: xammal ixrac edən və son məhsul ixrac edən ölkələr. Hesablamalar və bu günə qədər aparılan tədqiqatlar onu göstərir ki, məhsul istehsalı ilə məşğul olan və bu məhsulları ixrac edən ölkələr daha çox gəlir əldə edirlər. İstehsal müddətində xammal əlavə dəyər əldə edir. Bu prinsipdən yanaşsaq Azərbaycanda da pambığın xammal şəklində deyil, son məhsul şəklində satışının təmin olunması ölkə üçün yaradılan əlavə dəyərin, eyni zamanda ixracın şaxələnməsi strukturuna və həmçinin bu istiqamətdə əldə olunan xarici valyutanın həcminə müsbət təsir göstərə bilər. Amma bunun üçün uyğun infrastrukturun olmasına da ehtiyac var. Son dövr Azərbaycanda pambıq istehsalının həcmi artıb. 2014-cü illə müqayisədə 2017-ci ildə əkin sahələrinin həcmində 6 dəfə artım var. İstehsalda isə ümumi həcm 5 dəfə artıb. Bu, müəyyən qədər ciddi göstəricidir. Amma eyni zamanda burada keyfiyyət qiymətləndirilməsinə də ehtiyac var. Çünki ilkin rəqəmlər onu göstərir ki, pambıq istehsalı sahəsində məhsuldarlıq aşağı düşür. Məhsuldarlığın aşağı düşməsi növbəti dövrlərdə bu istiqamətdə investor marağının azalması ilə nəticələnəcək. Dayanıqlı istehsal mühitini risk altına alır”.

    Ekspertin sözlərinə görə, Azərbaycanda yüngül sənayenin inkişaf etdirilməsi üçün şərait var: “Müşahidə edirik ki, artıq pambıq və bu kimi texniki bitkilərin əkin sahələri artır. Bu sahədə bir şəbəkə fəaliyyət mühiti formalaşması üçün onun irəli və geri müəssisələri də yaradılmalıdır. Bu, həm də əlavə dəyərin yaranmasına, həm məşğulluğun həcminin artmasına, eyni zamanda son məhsulun ixrac olunmasına şərait yarada bilər. Azərbaycanda hazırda yüngül sənaye ötən 20 il ərzində çox zəifləyib. 2016-cı ildə bu sahənin iqtisadiyyatdakı çəkisi toxuculuq sahəsində 2.3, geyim sahəsində isə 2.2 faizə qədər düşmüşdür. Ümumiyyətlə, götürəndə bu iki istiqaməti birləşdirdikdə ölkə sənayesində cəmi 0.5 faiz payı olan sahədir. Yəni bu kontekstdən yanaşsaq, hazırda Azərbaycanda yerli istehsal olunan pambığı ala biləcək müəssisələr yoxdur. Amma onu də nəzərə almaq lazımdır ki, yüngül sənayenin inkişafı üçün bizdə mühit var. Xammal baxımından idxaldan asılıdır və bazar kiçikdir. Eyni zamanda bizim bu istiqamətdə mövcud təcrübəmizin olması, müəyyən qədər yüngül sənayenin inkişaf etdirilməsi üçün şərait var. Pambıqçılığın, yüngül sənayenin və ixracın şaxələndirilməsi bir-biri ilə əlaqələndirilərsə, sahibkar üçün normal fəaliyyət mühiti yaradılarsa, xarici investorların ölkəyə gəlməsi üçün şərait yaradılarsa, onda üç halqa arasında koordinasiyanı təmin etməklə yerli istehsal olunan pambığı son məhsul olaraq xaricə ixrac edə bilərik”.

    Rubrika.Az


    Facebook-da paylaş