• Bakının köhnə avtobus dərdi

    Bakının köhnə avtobus dərdi

    BNA: “Avtobusların 50%-dən çoxunun yenilənməsinə ciddi ehtiyac var”

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb.

    Avqustun 8-də imzalanan sərəncama əsasən 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə ilk olaraq Bakı Nəqliyyat Agentliyinə 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manat ayrılıb.

    Prezidentin bu sərəncamını sərnişinlər yerində atılan addım kimi xarakterizə edib, alqışlayırlar. Belə ki, “Yeni Müsavat”ın əməkdaşı olaraq şəhərdə reyd keçirdiyimiz zaman müşahidə etdik ki, insanlar isti yay günlərində köhnə avtobuslarda xeyli əziyyət çəkirlər. Bu baxımdan sərnişinlər və sürücülər yeni avtobusların verilməsini səbirsizliklə gözləyirlər.

    Öyrəndik ki, xüsusilə də Bakı kəndlərinə və qəsəbələrə işləyən avtobusların vəziyyəti daha pisdir. İlk olaraq metronun “Neftçilər” stansiyasının yaxınlığından qəsəbələrə işləyən avtobusların sürücüləri ilə söhbət etdik. Sürücülər bildirdilər ki, sərəncamdan xəbərləri var. Ancaq hələ ki onlara yeni avtobuslarla bağlı hər hansı bir məlumat verilməyib. 103 nömrəli avtobusun sürücüsü söylədi ki, xüsusilə də gedişhaqları qaldırılandan sonra əhali arasında şikayətlər daha da artıb: “Sərnişinlər deyirlər ki, gediş haqqını qaldırmısansa kondisioneri də qoş. Ancaq avtobusda kondisioner mövcud deyil. Bizim özümüz də istinin əlindən imkan olan dayanacaqlarda saxlayıb, avtobusdan düşüb bir az hava alırıq. Bir məsələ də var ki, kəndlərə gedən yolları da təmir etmək lazımdır. Məsələn, Ramana, Binə kimi yerlərə təzə avtobuslar necə gedəcək? İndi yollar gözə yaxşı görünə bilər. Qış aylarında həmin yollardan bu avtobuslar güclə keçir. O ki qala yeni avtobuslar ola. Yəni avtobus verilirsə, yol problemi də həll olunmalıdır ki, sabah çəkilən xərc batmasın”.

    Sərnişinlər isə daha çox köhnə avtobuslarda olan natəmizlikdən, oturacaqların sınıq olmasından və sürücülərin kobudluğundan şikayətləndilər. Onlar da sürücülər kimi söylədilər ki, isti yay günlərində elə hallar olur ki, mənzil başına çatmadan avtobusdan enirlər. Çünki havasızlığa, istiyə dözə bilmirlər.

    Ən çox şikayətlər 40 nömrəli marşrut xəttindəndir. Belə ki, marşrut xəttinin avtobusları tamamilə yararsız vəziyyətdədir. Avtobusların oturacaqları sınıq, içərisi isə natəmizdir. Sərnişinlər bildirirlər ki, bu azmış kimi sürücülər də siqaret çəkərək, camaatı tüstüdən boğurlar. Sərnişinlərin sözlərinə görə, nə qədər şikayət edilsə də heç bir faydası olmur.

    Bundan əlavə, avtobuslarda sürücülərin yüksək səslə öz zövqlərinə uyğun olan musiqiyə qulaq asmaları sərnişinləri narahat edir. Problemləri araşdırdıqda görünür ki, daşıyıcı şirkətlərin xeyli günahı var. Lakin bütün bunlara baxmayaraq marşrut xətləri onlardan alınmır...

    Səbəb nədir?

    Onu da qeyd edək ki, Bakıda “Bakubus” şirkətinin müasir avtobusları da fəaliyyət göstərir ki, sərnişinlər həmin avtobuslardan xeyli razılıq edirlər. Lakin öyrəndik ki, bu şirkətin parkında xeyli sayda xəttə çıxmayan avtobuslar var. Köhnə avtobusların yerinə onlar nə üçün buraxılmır?

    Bütün suallara cavab almaq üçün Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”ın sorğusuna cavab olaraq aşağıdakıları bildirdi:

    “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 avqust tarixli sərəncamı ilk öncə dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirilməlidir. Sərəncamda da vurğulandığı kimi, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Təbii ki, sərəncam Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işləri daha da sürətləndirəcək. İyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək. Və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq”.

    Bildirilib ki, Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib: “Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bu gün Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların 50%-dən çoxu istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir. Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq bəzi daşıyıcılar tərəfindən minə yaxın avtobus əsaslı təmir edilərək xəttə buraxılıb. Buna baxmayaraq, sərnişindaşıma sahəsində mövcud vəziyyət sərnişinlərimiz kimi bizi də narahat edir. Yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənənədək davam edəcək. Gətiriləcək yeni nəqliyyat vasitələrinin idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlim keçən peşəkar sürücülər tərəfindən həyata keçiriləcək. Bunun üçün də zəruri olan tədbirlər görülməkdədir. Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq, dövlət başçısının sərəncamı yeni iş yerlərinin açılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edən bir sənəddir”.

    Rubrika.Az


    Facebook-da paylaş