• Cənab Prezidentin ən böyük silahdaşı - AZƏRBAYCANIN MEHRİBANI!

    Cənab Prezidentin ən böyük silahdaşı - AZƏRBAYCANIN MEHRİBANI!

    Xalqın hakimiyyətə inamının möhkəmlənməsinə Prezidentdən sonra ən böyük xidməti Mehriban xanım göstərir

    Onlar vahid məramın, böyük Heydər Əliyev yolunun ayrılmaz tərənnümçüləri, Azərbaycanın uğurlarının memarlarıdır


    Azərbaycan qadınları bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır.

    Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

    Bəli, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir. Azərbaycanın zəngin tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir.

    Mübahisəsiz demək olar ki, XXI əsrin əvvəllərindən ölkəmizdə bu tarixi missiyanı, məqsəd və amalı intəhasız bir sevgi, istəklə daşıyan, Azərbaycan qadınının adını bütün dünyada şərəflə təmsil edən, Şərq gözəlliyi və müdrikliyi ilə Qərb sivlizasyasını özündə cəmləyən Mehriban xanım Əliyeva olmuşdur.

    Mehriban Əliyevanın irimiqyaslı fəaliyyətindən bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri - layihələri, proqramları nə saymaqla, nə də yazmaqla başa çatdırmaq mümkün deyil. Onun fəaliyyəti xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə, onun rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük ürək sahibinin şərəfli ömür yolundan ibarətdir.

    Mehriban Əliyevanın ölkəmizdə və bütün dünyada statusunu nəzərə almamaq olmaz. Prezidentin xanımı, indi isə həm də Azərbaycanın Birinci vitse-prezidenti respublikada mühüm bir qurum olan Heydər Əliyev Fonduna başçılıq edir. 2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır. Mehriban xanım Əliyeva tariximizdə ilk qadın şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır.

    Mehriban Əliyeva Azərbaycan tarixində ilk dəfə olaraq birinci xanım institutu formalaşdırdı. Onun bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilməsi əlbəttə, onun milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. O, Birinci xanım statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi. Mehriban xanım bu şərəfli ada münasibətini özü belə izah edir : “Mən Birinci xanım olmağımı, ilk növbədə insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.

    Mehriban Əliyevanın son illərdə rəhbərlik etdiyi, ölkəmiz üçün imic əhəmiyyəti kəsb edən layihələrə diqqət yetirək:

    -Bakıda "Eurovision-2012”;

    -2015-ci ildə Avropa Oyunları;

    -2017-ci ilin mayında Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunları.

    O, Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi uğurla təkzib edir. Mehriban Əliyeva karyerası dövründə dəfələrlə müxtəlif fəxri təltiflərə layiq görülüb. Məsələn, Fransa Respublikasının "Fəxri Legion Zabiti” ordeni və UNESCO-nun Qızıl "Motsart medalı”.

    Respublikanın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə fərqlənən, uğurlu fəaliyyətini ölkə hüdudlarından qlobal miqyasadək layiqincə genişləndirən Mehriban xanım yetərincə etimad qazanmış, xalqın inam ünvanına çevrilmişdir. Məhz bu qlobal fəaliyyət, xalqın sonsuz etimadı və sevgisi onu Azərbaycanın birinci-vitse prezidenti postuna gətirdi. Birinci vitse-prezidentlik vəzifəsi ali hakimiyyət məqamıdır, Prezidentdən sonra başlayan iyerarxik silsilədə ilk postdur. Dövlət idarəçiliyinin ən üstün pilləsində təmsil olunacaq bu şəxsin də Prezident qədər yüksək keyfiyyətlərə, xüsusi bacarıq və qabiliyyətə malik olması, xüsusən də xalqın etimad mənbəyinə çevrilməsi vacib tələblərdəndir. Bu mühüm xüsusiyyətlər daha artıq səviyyədə Mehriban xanım Əliyevanın xarakterində və fəaliyyətində bütünlüklə əksini tapıb.

    Mehriban xanım böyük təşkilatçılıq istedadına sahibdir, güclü şəxsiyyətdir, dəqiq prinsipləri olan insandır, Prezidentin etibarlı silahdaşıdır. Tam əminliklə söyləmək olar ki, bütün bu keyfiyyətlər və xidmətlər ümumxalq sevgisi ilə birləşərək Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində öz böyük potensialını ölkənin inkişafı və çiçəklənməsi işinə daha səmərəli şəkildə yönəltməyə imkan verir. Birinci vitse-prezident Mehriban Əliyeva dövlət siyasətinin demək olar ki, ən mürəkkəb sahəsi olan sosial sahənin qayğısına qalır. Mehriban xanım bundan əvvəlki uğurlu fəaliyyəti ilə sübut edib ki, ən mürəkkəb problemlərin öhdəsindən gəlməyə qadirdir

    Birinci vitse-prezident adının da mənasından göründüyü kimi, ölkənin birinci şəxsinin əsas yardımçısı, inandığı silahdaşı olmalıdır. Ötən 15 illik Prezidentlik fəaliyyəti müddətində Mehriban xanım İlham Əliyevə daim ən böyük mənəvi dəstəyi göstərib. Biz ən çətin anlarda Mehriban xanımı yalnız həyat yoldaşının yanında dayanan xanım kimi deyil, həm də Prezidentin ən yaxın və mübariz silahdaşı kimi ön cinahda görmüşük. Onun bu yönümdəki xidmətləri "birinci xanım" statusunun çərçivəsi ilə məhdudlaşmayaraq daha geniş miqyası əhatə edib. Mehriban Əliyevanın deputat və fondun rəhbəri kimi ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi proseslər cəmiyyətdə onun müsbət imicini formalaşdırıb, nəticə etibarilə İlham Əliyevin siyasi nüfuzunun daha da yüksəlməsinə əməli töhfə verib. Xalqın hakimiyyətə inamının möhkəmlənməsinə Prezidentdən sonra ən böyük xidməti də məhz Mehriban xanım göstərir.

    Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində ölkəmizin siyasi sistemində güclü "Birinci Xanım” , birinci vitse-prezident institutu formalaşmışdır. Mehriban xanım Əliyevanın maddi və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan xanımının tükənməz gücünü nümayiş etdirir.

    Artıq uzun illərdir ki, ictimaiyyət İlham Əliyevlə Mehriban xanımı bir ailənin mənsublarından daha çox məhz bir dövlətçilik ideyasının, ideoloji kursun vəhdətini təmin edən şəxslər kimi qəbul edir. Onlar vahid məramın, yekcins siyasi qayənin, böyük Heydər Əliyev yolunun ayrılmaz tərənnümçüləri, yekdil mövqenin ifadəçiləridir. Məhz bu vəhdət, sevgi, güc Azərbaycanımızı uğurlardan uğurlara aparır, ölkəmizi dünya gücləri sırasına qatır. Mehriban xanım öz sevgisi və yorulmaz fəaliyyəti ilə hər zaman cənab Prezidentin ən yaxın silahdaşıdır. İnanırıq ki, ölkəmiz və xalqımız vətənə,xalqa xidməti həyat amalı, alın yazısı sayan bu iki böyük şəxsiyyətin hələ çox uğurlarına şahidlik edəcək, böyük qələbələrin müjdəçisi olacaq. Azərbaycan xalqının sevgisi və inamı halalınız olsun, uğurlarınız bol olsun !

    P.S. Rubrika.az saytının kollektivi Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır. Hər zaman sizin qlobal, işıqlı əməllərinizi müdafiə edirik, hər zaman dövlətçiliyimizə, cənab Prezidentə sadiqliyimizi göstərməkdən böyük şərəf hissi duyuruq. Tanrı Azərbaycanımız naminə uğurlu fəaliyyətinizdə sizə yardımçı olsun !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş