• Narkoloji Mərkəzdəki yanğına görə tutulanlar istintaqa verdikləri ifadədən imtina ediblər

    Narkoloji Mərkəzdəki yanğına görə tutulanlar istintaqa verdikləri ifadədən imtina ediblər

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

    Rubrika.Az "Report"a istinadla məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub. Prokuror ittiham aktımı elan edib.
    Ittihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
    Sərbəst ifadə verən Məhəmməd Məmmədov yanğın törətmədiyini deyib: "1998-ci ildən həmin Mərkəzdə arabir müalicə alıram. Martın 1-də tibb bacısı Şəlalə xanım dedi ki, sənin müalicə vaxtın uzadılıb. Mən dedim nəyə analiz verirəm, onsuz da eyni şeyi yazırsız, başqa heç nə danışmamışam. Amma Şəlalə xanım istintaqda deyib ki, mən oranı yandıracağımı demişəm. Elə ifadə işlətməmişəm. Məni Mərkəzə zorla aparırdılar, evdə yatırdım, ailəm zəng edirdi, yatdığım yerdə gəlib məni aparırdılar. Evdə mənə iynə vururdular, gözümü açırdım ki, xəstəxanadayam. Özüm xəstəxanada santexnik işləyirdim, çarpayıları düzəldirdim. Yanğın vaxtı da hamı kimi mən də canımı götürüb qaçmışam. Həmin yerdən çörək yeyirəm, heç kim çörək yediyi yeri yandırmaz".
    Ifadəsini davam etdirən təqsirləndirilən şəxs qeyd edib ki, onun yanğınla heç bir dəxli yoxdur: "Mənim heç kimim yoxdur, adamım y-xdur. Heç bir günahım da yoxdur, mən sadəcə yanğını söndürmək üçün kömək etmişəm. İstintaqda hədə qorxu ilə kağızlara qol çəkdirdilər".
    Suallara cavab verən Məhəmməd Məmmədov bildirib ki, hadisə vaxtı 14-cü palatada yatıb: "Yatmışdım. Oyanıb qapını açanda palataya tüstü doldu. Binadan çölə qaçıb, birtəhər özümü yaxınlıqda yaşayan bacımgilə çatdırdım. Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər saxladılar".
    Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.
    M.Məmmədov istintaqda ifadəsində bildirib ki, müalicə həkimi Afət Məmmədova oğlunun və həyat yoldaşının sözü ilə hərəkət edərək, M.Məmmədovu uzun müddət orada saxlayıb. Martın 1-də axşam tibb bacısından orada qalma vaxtının uzadıldığını öyrənəndə qəzəblənib, saxta sənədlərlə orada zorla saxlandığına görə Mərkəzi də, çıxıb oğlunun evini də yandıracağını deyib. Gecə özünü öldürməyin yollarını fikirləşib, səhərə yaxın alışqanla yorğanı yandırıb. Alov artanda ölməkdən qorxaraq yorğanı divara tərəf atıb, palatada yanında yatan Nurlanı oyatmağa çalışıb, dəhlizə çıxıb “ay camaat, buralar yanır, çıxın qaçın” deyə haray salıb. Növbətçi sanitar Amid Quliyev əsas qapını açanda həyətə çıxıb, hasarı aşıb bacısıgilə gedib. Törətdiyi əməldən də peşmandır.
    Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadən imtina edib.
    Proses sentyabrın 4-də davam edəcək.
    Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
    Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
    M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.
    Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
    Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb

    Rubrika.Az


    Facebook-da paylaş