• “Xəstələri Narkoloji Mərkəzə ona görə qoymamışdıq ki, külünü bizə qaytarsınlar”

    “Xəstələri Narkoloji Mərkəzə ona görə qoymamışdıq ki, külünü bizə qaytarsınlar”

    Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən və 25 nəfər xəstənin ölməsi, 29 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə prosesi davam edib.

    Cinayət işi üzrə Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova ittiham edilir.

    Təqsirləndirilən aclığa başlayır

    Rubrika.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkil Bəylər Məmişov təqsirləndirilən Mahir Abdullayevin aclıq aksiyasına başlaması ilə bağlı məhkəməyə ərizə təqdim edib. Narkoloji Mərkəzdə əməyin təhlükəsizliyi üzrə mühəndisi olan M.Abdullayev ərizədə aclıq aksiyasına səbəb kimi təqsiri olmadan həbsdə saxlanmasına, işinə obyektiv baxılmamasına etiraz etdiyini bildirib. M.Abdullayev yazıb ki, hadisəyə aidiyyəti yoxdur, vəkilinin onun təqsirsizliyini sübut etmək məqsədiylə məhkəmədə qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb. Bütün bunları özünə qarşı qərəz hesab edir.

    M.Abdullayev belə bir ərizə yazdığını təsdiqləyib və məhkəmədə iştirak etmək istəmədiyini söyləyib. O, zaldan çıxarılmağını xahiş esə də, isəyi nəzərə alınmayıb.

    “Tülkü qaçıb, dovşanı tuturlar”

    Zərərçəkmişlər – yanğında yaxınlarını itirmiş şəxslər də M.Abdullayevin həbsdə saxlanmasına etiraz ediblər: “Oxran”ın nə günahı var axı… Tülkü qaçıb, dovşanı tuturlar. Biz dövlətə arxalanıb, ora xəstə aparıb qoymuşuq. Ona görə qoymamışdıq ki, üç gün sonra külünü bizə qaytarsınlar. Kiminsə kiminləsə prinsipi vardı, olan bizə oldu. Həmin gün növbədə olanlar hardadır? Onlar gəlsin bura…”
    Zərərçəkənlər işin yenidən istintaqa qaytarılmasını istəyiblər.
    İttihama əsasən Narkoloji Mərkəzi orada müalicə olunan xəstələrdən biri, alkoqolizmdən əziyyət çəkən Məhəmməd Məmmədov yandırdığı qeyd edilsə də, M.Məmmədov məhkəmədə ifadə verərkən işgəncə yoluyla belə bir cinayət törətdiyini “etiraf ediyini” bildirib.

    Hakim təqsirləndirilənə sual verərək konkret harada döyüldüyünü soruşub. M.Məmmədov bildirib ki, onu tutub başıaşağı vəziyyətdə tanımadığı bir yerə aparıblar. “Deyəsən Xətai polisi idi. Oradan da “bandotdel”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) apardılar. Hər ikisində döydülər. Birinci Xətaidə döyüb kağızlara qol çəkdirdilər. Sonra “bandotdel”də öyrətdilər ki, “indi müstəntiq gələcək, ona bunları deyərsən”. Guya, müəlicə həkimi Afət xanımın və oğlumun məni orada qanunsuz saxlamalarına görə görə mən yandırmışam. Demək istəməyəndə döydülər ki, nədi, onlar bizdən güclü adamdır ki, orada boynuna almısan, burada yox?”

    “Hadisə olan dövrdə mən işdə olmamışam”

    Prosesdə Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova da təqsirləndirilən şəxs qismində ifadə verib. O, M.Məmmədovun yaxınlarından rüşvət alıb, onu Mərkəzdə saxlaması barədə ittihamları yalanlayıb. Şöbə müdiri deyib ki, həmin şəxs 1998-ci ildən Mərkəzdə müalicə olunur: “Mən 2011-ci ildən onun həkimiyəm. Heç hadisə olan dövrdə mən işdə olmamışam, təkmilləşdirmə kursuna gedirdim. Şənbə günləri imkan tapıb, gəlib xəstələrə baş çəkirdim. Orada olmaya-olmaya necə rüşvət alıb, xəstə saxlaya bilərdim? Mamed dayıya (təqsirləndirilən M.Məmmədovu nəzərdə tutur) demişdim ki, yaxın vaxtlarda evə yazacağam, ancaq ora gələndə qəbul şöbəsinin həkimi dedi ki, vəziyyəti ilə əlaqədar yenə qalmalıdır”.

    “Mağazadan lazımi ərzaqlar alınırdı, yaxınları gələndə pulunu ödəyirdi”

    İttihamda yazılıb ki. A.Məmmədova M.Məmmədovun oğlundan rüşvət alıb ki, atasını orada saxlasın. Təqsirləndirilən həkim isə deyir ki, 2015-ci ildə M.Məmmədov həyat yoldaşından boşanandan sonra onun oğlunu tanıyıb. Onda da oğlu xahiş edib ki, Mərkəzin yanındakı mağazadan çay, siqaret alıb atasına versin: “Əgər bilsəydim ki, xəstəyə mağazadan çay, siqaret alıb verdiyimə görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt eləməzdim”. A.Məmmədovanın dediyinə görə, başqa xəstələr üçün də mağazadan lazımi ərzaqlar alınırdı, yaxınları gələndə pulunu ödəyirdi.

    “Orada heç kim pulsuz qalmırdı”

    Təqsirləndirilən həkim xəstələrin orada pulsuz müalicə aldığını desə də, məhkəmə zalındakı zərərçəkmişlər etiraz edib: “Orada heç kim pulsuz qalmırdı. Bu adam martın 1-də çıxmalıydı, niyə qoymayıblar çıxsın? Əgər deyibsə ki, “mən buranı yandıracağam”, niyə nəzarətsiz buraxılıb?”

    A.Məmmədova cavabında deyib ki, M.Məmmədov ona elə söz deməyib: “Deyəndə ki, bir az da qalacaqsan, sakit qarşıladı. Mən tanıdığım Mamed dayı özünə qəsd eləməzdi”.

    Digər iki təqsirləndirilən – Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndis Mahir Abdullayev indiki mərhələdə ifadə verməkdən imtina edib.

    “Hadisədən sonra həkimə zəng elədik, pulumuzu qaytardı”

    Məhkəmə prosesində yaxınlarını itirmiş zərərçəkmişlər də ifadə verib. Arifə Abbasova deyir ki, qardaşı Akif yanıb tanınmaz hala düşmüşdü, onunn kimliyi hadisədən dörd gün sonra DNT analiziylə müəyyənləşib.
    Məhbubə Dəmirovanın həyat yoldaşı hadisədən üç gün öncə Mərkəzə yerləşdirilibmiş, gənc yaşlarında olan əmisi oğlu ilə birlikdə. Hər ikisi də yanğında dünyasını dəyişib: “Deyirdi ki, yaşlaşmışam, nəvəm olacaq, bu işlərdən uzaqlaşıb, haqq yoluna qayıtmaq istəyirəm. Gedəndə müalicə üçün 400 manat pul götürmüşdü. Hadisədən sonra həkimə zəng elədik, pulumuzu qaytardı”.

    Zərərçəkmiş Məhbubə Kərimova da həyat yoldaşı orada saxlanılarkən pul verdiklərini deyir: Deyirdilər ki, bizlik deyil, dərmana-filan pul lazımdır”.

    “Korpusun o biri qapıları mismarlanmışdı”

    Yanğın zamanı Mərkəzdə xəsarət alan Hüseyn Səfərəliyev deyir ki, səhərə yaxın ayaqyoludan geri qayıdanda dəhlizin tüstüləndiyini, adamların qışqırdığını görüş: “Bir nəfər qışqırırdı ki, “Mamed otağı yandırdı, su gətir”. Mən suya getmədim, qaçdım ki, adamları oyadım. Eşitmişdim ki, Mamed kişi guya yorğanın altında araq içirmiş… Nə bilim. Korpusun o biri qapıları mismarlanmışdı, ancaq bir tərəfindəki açıq idi. Dəhliz tüstü idi deyə, xəstələr uzun-uzadı qapıya gələnə qədər elə otaqdakı pəncərələrdən çıxmaq üçün dəmir barmaqlıqları sındırmağa çalışırdılar. Biri vardı, qapının ağzında kül olmuşdu…”

    H.Səfərəliyev deyir ki, onun müalicəsi üçün valideynlərindən 660 manat pul alınıb.
    Proses sentyabrın 7-də davam edəcək.

    Martın 2-də Narkoloji Mərkəzdə baş vermiş yanğında 25 nəfər ölüb, daha 29-u xəsarət alıb. Hadisə nəticəsində Mərkəzə 37 min manatdan çox ziyan dəydiyi bildirilir.

    Daha öncə isə Mərkəzdə müalicə olunan və həmin gecə xəstəxanada yanğın törədən Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilir.

    Pasiyent Məhəmməd Məmmədovun həkimi Afət Məmmədovaya da Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.
    A.Məmmədova pasiyent M.Məmmədovun ailə üzvlərindən rüşvət alaraq onu qanunsuz olaraq müalicəyə qəbul etməkdə təqsirləndirilir.

    Azad Ələkbərov isə ürəyində ən əməliyyat olunduğu üçün onunla bağlı cinayət işi ayrıca icraata verilib və istintaq hərəkətsiz saxlanılıb. O, hazırda Müəllicə Müəssisəsində stasioner müalicə alır. Onunla bağlı istintaq yekunlaşmadığı üçün məhkəməyə göndərilməyib.

    Rubrika.Az


    Facebook-da paylaş