• Havalar soyur: sürüşmə zonalarında vəziyyət necədir?

    Havalar soyur: sürüşmə zonalarında vəziyyət necədir?

    Ekspert: «Qədimi sürüşmə sahələri var ki, yağıntılar olan zaman həmin ərazidə aktivlik müşahidə edilir»

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, qarşıdan payız fəsli gəlir və heç şübhəsiz ki, yay aylarına nisbətən yağıntıların miqdarında artım olacaq. Bu hal isə Bakının sürüşmə zonalarında yenidən aktivliyə səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, Bakı ərazisində bir neçə sürüşmə ocaqları var ki, onlar da hər il yağıntıların çox olduğu dövrdə müəyyən qədər aktivləşir.

    Ümumilikdə isə Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.

    Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir.

    Xüsusilə də sadaladığımız yerlərin arasında Bayıl ərazisi daha aktiv və təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb. Elə ötən il Bayıl yamacında “Teleqüllə”nin yaxınlığında və Buxta küçəsində baş verən torpaq sürüşməsi nəticəsində ərazidə məskunlaşan vətəndaşlara məxsus evlər dağıldı. Müvafiq qurumların göstərişi ilə ərazidə yaşayan ailələrin bir qisminə kirayə pulu verildi və oradan müvəqqəti köçürüldülər. Hazırda Bayılın sürüşmə ərazisində məskunlaşan sakinlərin aqibətinin necə olacağı bilinmir. Sakinlərin sözlərinə görə, köçürülən ailələrin böyük bir qismi evlərinə geri dönüblər. Çünki kirayə pulunun azlığından şikayət edərək söyləyirlər ki, verilən 200-250 manat pula Bayıl ərazisində kirayə mənzil tapa bilmirlər. Onların sözlərinə görə, işləri, övladlarının məktəbləri Bayıl ərazisində olduğu üçün məcbur qalıb, öz evlərinə geri dönüblər. Bayıl yamacında təbii qazın verilişinin dayandırılması isə sakinləri narazı salan əsas məsələlərdəndir. Onlar bildirirlər ki, barələrində rayon icra hakimiyyətindən konkret qərar gözləyirlər. İcra hakimiyyəti isə başçısız qalıb.

    Belə ki, keçmiş başçı Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə müavin vəzifəsinə təyin olunduqdan sonra Bayıl camaatının dərdi ilə maraqlanan kimsə yoxdur. Eldar Əzizovun Səbayel Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılovu özünə köməkçi aparması vəziyyəti bir qədər də çətinləşdirib və Bayıl camaatı konkret olaraq dərdlərini deməyə məmur tapmırlar...

    “Yeni Müsavat”a daxil olan məlumata görə, Bayılda Buxta ərazisində bu ilin may ayında baş verən sürüşmə nəticəsində yararsız hala düşən 3 evin də sahibinə kompensasiya verilməyib.

    Bəs payız ayında sürüşmənin daha da aktivləşməsi gözlənilirmi?

    “Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda sürüşmə ərazilərində ciddi aktivlik müşahidə edilmir:

    “Sentyabrın 17-də İsmayıllıdan zəng edib dedilər ki, Lahıc yaşayış məntəqəsinin inzibati ərazisinə daxil olan ərazidə sürüşmə baş verib. Ancaq rəsmi şəkildə müraciət etməyiblər. Digər ərazilərdə isə vəziyyət əvvəlki qaydada davam edir. Ciddi dəyişiklik hiss olunmur. Konkret olaraq Bayıl ərazisinə gəlincə isə deyim ki, Bayıl yamacında, Buxta küçəsində stabil vəziyyətdir. Ötən günlərdə Buxta ərazisində olduq. Eyni zamanda Şəhidlər Xiyabanı tərəfdə də şəxsən özüm oldum və hər hansı bir ciddi dəyişiklik görmədim. Qədimi sürüşmə sahələri var ki, yağıntılar olan zaman həmin ərazidə aktivlik müşahidə edilir. Hansı ki, orada əslində hər an gərginlik mövcuddur. Yağış suları isə bu gərginliyi bir qədər artırır. Ümumilikdə isə dünya statistikasında da sürüşmələrin 80 faizi insan amili səbəbindən baş verir. Çünki bu ərazilərdə yaşayış evlərinin sayı artır, təbiətə müdaxilə çoxalır. Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.

    Nəticədə sürüşmə prosesi bir qədər də sürətlənir və Bayılda baş verdiyi kimi çökmələr müşahidə olunur. Buna görə də insanlar diqqətli olmalı, sürüşmə zonalarında yamacları kəsməməli, icazə olmayan yerlərdə evlər tikməməlidirlər".

    Bayılla bərabər Masazır ərazisindəki sürüşmə zonalarında tez-tez aktivləşmə müşahidə olunur. Burada da sürüşmə sahəsində tikilən evlərin uçması halı tez-tez müşahidə olunur.

    “Yeni Müsavat”a danışan sahə üzrə ekspert Əzim Məsimov bildirib ki, Bayıl ərazisində sürüşmə prosesi bu il də davam edəcək. Ekspertə görə, orada hələ də suyun mənbəyi tapılmayıb. Bu mənbə tapılana qədər ərazidə sürüşmənin olması qaçılmazdır: “Suyun haradan gəlməsini tapmaq lazımdır. Məsələ yağıntılarla bağlı deyil. Çünki ötən illərdə də yağıntılar olub. Hətta deyərdim ki, ötən illərdə olan yağıntılar daha çox idi. Konkret olaraq bu ilin qışında yağış demək olar ki, yağmadı. Ona görə də Bayıl ərazisində söyləmək olmaz ki, sürüşməyə səbəb yağış sularıdır. Kanalizasiya sularının axıdılmasına diqqət etmək lazımdır. Bakıda kanalizasiya sistemi olmadığı üçün su hara və necə gəldi axıdılır. Nəticədə torpaq doyur, başlayır sürüşməyə. Torpağın da növləri var. Elə torpaq var ki, su nəticəsində çökür, eləsi də var ki, sürüşür. Bakının sürüşmə zonalarında bu baxımdan da müxtəliflik nəzərə alınmalıdır”.

    Rubrika.Az


    Facebook-da paylaş