• Güclü yağış sığorta şirkətlərini xərcə salıb

    Güclü yağış sığorta şirkətlərini xərcə salıb

    Bakıya yağan güclü yağış şəhərdə bir çox problemlər yaradıb. Sosial şəbəkələrdə şəhərin müxtəlif istiqamətlərindəki küçələrdə asfalt örtüyünün dağılması, hasarların uçmasını, şəhər nəqliyyatına ziyan dəyməsini təsdiqləyən fotolar, videolar yayılıb. Məsələn, paytaxtın İzmir küçəsi, 7 a ünvanında güclü yağış suları yaşayış binasının ətrafında çəkilmiş hasarın bünövrəsini yuyub və divar yaxınlıqda dayanmış avtomobilin üzərinə aşıb.

    Azadlıq prospektində “Bakubus”un avtobuslarının içinə yağış suları dolub. Yeraltı qarajlarda su basması nəticəsində nəqliyyat vasitələrinin sıradan çıxması haqda məlumatlar var. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, şəhər nəqliyyatında istifadə olunan 30 avtobusun içinə su dolması səbəbindən sıradan çıxıb. Banklardan birinə məxsus 2 nəqliyyat vasitəsinin üzərinə ağac aşıb. Baş verənləri sığorta hadisəsi hesab etmək olarmı? Buna görə sığorta ödənişi olmalıdırmı?

    Bu məqalə çərçivəsində bir çoxumuzun “icbari sığorta” adı ilə tanıdığımız sığorta növü üzrə bilinməsi gərəkən başlıca məsələləri və hansı hallarda baş vermiş hadisəyə görə sığorta şirkəti tərəfindən ödəniş verildiyini araşdırırıq.

    Hüquqşünas Şəhriyar Həbilov bu mövzuda qeyd edir ki, 2016-cı il noyabr ayının 1-dən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta müqavilələri 18.12.2015-ci il tarixli qanunun və “İcbari Sığortalar haqqında” qanunun 50-3-cü maddəsinin tələblərinə əsasən elektron sənəd formasında bağlanır. Həmçinin nəzərə almaq lazımdır ki, bu növ icbari sığorta müqaviləsi sığorta haqqının Hökumət Ödəniş Portalı vasitəsilə sığorta şirkətinin hesabına köçürüldüyü və sığorta müqaviləsinin İcbari Sığorta Bürosunun elektron-informasiya sistemində mövcud olduğu halda qüvvəyə minmiş sayılır və ya etibarlı hesab olunur.

    Bununla bağlı qeyd etmək mümkündür ki, Türkiyə Respublikası qanunvericiliyinə görə bu növ icbari sığorta müqaviləsi (başqa qayda göstərilmirsə) müqavilə bağlandığı gün günorta saat 12-də qüvvəyə minir və 1 il sonrakı gün günorta saat 12-də qüvvədən düşür.

    Yuxarıda göstərilən hüquqi izahların praktiki formalarını açıqlamağı özümüzə borc bilirik.

    Başqa sözlə desək, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranması ilə sığorta sektorunda aparılmış mühüm islahatlardan biri də artıq arzuladığınız sığorta şirkətinin seçərək e-gov.az (Elektron Hökumət Portalı/ icbari nəqliyyat sığortası bölməsi) internet səhifəsində avtomobilinizə aid spesifik məlumatların (qeydiyyat şəhadətnaməsində göstərilən), həmçinin şəxsiyyət vəsiqənizin pin kodunun daxil edilməsi ilə onlayn ödəniş apararaq sığorta müqaviləsinin bağlamağın mümkün olmasıdır.

    Bununla yanaşı sığorta müqavilənizin qüvvədə olub-olmamasını İcbari Sığorta Bürosunun 9707 nömrəsinə avtomobilin dövlət qeydiyyat nişanını smslə göndərməklə və ya isb.az internet səhifəsinin sığorta müqaviləsini yoxla bölməsinə daxil olmaqla öyrənə bilərsiniz.

    Bu növ icbari sığorta müqaviləsinə görə sığorta şirkətlərinin təminat verdiyi halları hansılardır?

    Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi avtonəqliyyat vasitəsi sahibinin, yəni mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslərin avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi (avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı) nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta şirkətinin sığorta ödənişi vermək öhdəliyi yaranır.

    Daha anlaşılan bir formada desək, bu növ icbari sığorta müqaviləsinə görə sığorta şirkəti aşağıdakı başlıca şərtlər mövcud olduğu təqdirdə sığorta ödənişi vermək öhdəliyi daşıyır:

    1) Sığorta müqaviləsi hadisə baş verən vaxt qüvvədə olmalıdır.

    2) Avtomobilin sürücüsü avtomobili qanuni əsaslarla istifadə etmiş olmalıdır.

    3) Avtomobil hərəkət edərkən üçüncü şəxslərə məxsus əmlaka və ya üçüncü şəxsin özünə zərər vurulmalıdır.

    4) Hadisədə şəxsin mülki məsuliyyəti yaranmalıdır, yəni sürücü təqsirli olmalıdır.

    Göründüyü kimi göstərilən bütün şərtlər mövcud olmadığı halda bu növ icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti sığorta ödənişi verməkdən imtina edir.

    Mövzu çərçivəsində hazırda sığorta şirkətlərinin qarşılaşdığı və ödənişdən imtinanın əsası mövcud olan bir çox hadisələri aşağıdakı kimi göstərmək istərdik:

    - müqavilə müddəti hadisə baş verməzdən əvvəl bitmiş və ya hadisədən sonra müqavilə bağlandığı halda sığorta şirkəti ödəniş verməkdən imtina edir.

    - Bu növ icbari sığorta müqaviləsi ilə sığortalanmış avtomobilə vurulmuş zərərə - avtomobilin üstünə ağac aşarsa, avtomobil yanarsa, oğurlanarsa və s görə sığorta şirkəti ödəniş verməkdən imtina verir.

    - Bu növ icbari sığorta müqaviləsinə görə sığortalanmış avtomobil, sığortalının (avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs) digər avtomobilinə zərər vurduqda sığorta şirkəti ödəniş verməkdən imtina edir.

    Bununla yanaşı sığorta şirkətləri tərəfindən “İcbari Sığortalar haqqında” qanuna və Mülki Məcəllənin 935-ci maddəsinə zidd olmayan, o cümlədən yalnız qanunda göstərilən hallarda sığorta ödənişi verməkdən imtina edilə bilər.

    Müraciət etdiyimiz sığorta şirkətləri konkret faktlar açıqlamasalar da, qeyd edirlər ki, yağan güclü yağış Kasko sığortalar üzrə ödənişlərin edilməsi zərurətini yaradıb.

    Sığorta şirkəti qeyd edib ki, Kasko – könüllü sığorta növüdür. Müştərinin istəyindən asılı olaraq avtomobilini sığortalayan bir sığorta məhsuludur. Bu sığorta növü ilə yalnız nəqliyyat vasitələrini sığortalamaq olur. Belə də başa düşmək olar ki, Kasko sığorta avtomobil sahiblərini könüllü şəkildə oğurluqdan, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub-olmamasından asılı olmayaraq, əşyaların düşməsindən, atılmasından və s. risklərdən sığortalayan sığorta növüdür.

    Kasko Sığorta ilə avtomobillərinizi hansı təhlükələrdən sığortalaya bilərsiniz?

    İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə;

    Üçüncü şəxslər tərəfindən qəsdən vurulan ziyan;

    Yol-nəqliyyat hadisəsi;

    Hər hansı predmetlə toqquşma;

    Üçüncü şəxslərin qərəzli hərəkətləri;

    Təbii fəlakətlər;

    Oğurluq;

    Yanğın, ildırım və partlayış;

    Heyvanların hərəkəti – heyvanların və quşların hərəkəti.

    Kasko sığortanın sığorta haqqı isə sığorta şirkətlərindən asılı olaraq dəyişir. Kasko sığorta zamanı təxminən 1-14 faiz sığorta haqqı tələb oluna bilər. Təbii ki, bu faiz sizin avtomobilinizin qiymətindən asılı olaraq fərqli olacaq. Bildiyimiz kimi sığorta məhsullarında azad olma və ya franşiza da var ki, bu da sığorta hadisəsi baş verdiyi zaman müştərinin ödəyəcəyi müəyyən məbləğ hesab olunur.


    Rubrika.Az


    Facebook-da paylaş