• Bakının kanalizasiya sistemi yenə “boğuldu” - səbəblər

    Bakının kanalizasiya sistemi yenə “boğuldu” - səbəblər

    “Azərsu” ASC-yə ayrılan 8,6 milyardı “sel apardı”; qurum ona həvalə edilən milyardlarla manatı elə xərcləyib ki, hələ istismar müddəti bitən xətlərin yarısı belə təzələnməyib...

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, bir neçə gün əvvəl Bakıya yağan yarım saatlıq yağış yenidən paytaxtın bir sıra ərazilərində sellərin, gölməçələrin yaranmasına səbəb oldu. Xüsusilə şəhərin mərkəzi ərazilərində bu halın müşahidə olunması diqqətlərin yenidən paytaxtın yağış sularını ötürmə sisteminə cavabdeh olan quruma - “Azərsu” ASC-yə yönəltdi.

    Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamadan aydın oldu ki, paytaxtda yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb: “Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan ”Azərsu" ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də buna səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan “Sahıl” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaratmışdır. Sonradan bu problem aradan qaldırılmış və axıdılan suyun səviyyəsi kəskin azalmışdır. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir".

    Bakı şəhər rəhbərliyinin açıqlamasındakı faktın birini - normadan artıq yağıntı düşməsini “Azərsu” mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da vurğulayır: “Qısa müddətdə intensiv və leysan xarakterli yağış bəzi yerlərdə fəsadların yaranmasına səbəb oldu. Bəzi ərazilərdə bizim xətlərimizin bu suları daşımağa gücü çatmadı. Ona görə də biz məcburiyyət qarşısında qalıb Bulvar ərazisindən keçən sənaye kollektorunu açmalı olduq. Bu istiqamətdə iki nöqtədə təxliyə xətlərimiz var. O xətlər vasitəsilə suları dənizə buraxdıq ki, bu sistem suları götürə bilsin. Yəni suyun həcminin həddindən artıq çox olması müəyyən ərazilərdə yığılmalara səbəb oldu. Bununla belə, bizim Bakı Su Kanal İdarəsi, rəhbərləri də daxil olmaqla ərazilərə cəlb olundular. Fəsadlı yerlərdə suyun yığılmasının səbəblərini araşdırırlar. Həlli yolları ilə bağlı yəqin ki, təkliflər hazırlayacağıq”.

    Göründüyü kimi, ASC təmsilçisi faktiki olaraq kollektorun gec açıldığını etiraf edir. Buradan sual yaranır ki, “Azərsu” bəhs olunan kollektoru hansı səbəbdən gec açıb; axı şəhərin mərkəzi küçələrində dağ çaylarına bənzər sellər yarananadək gözləmədən kollektoru açmaq və hadisənin miqyasının böyüməsinə imkan verməmək olardı.

    Səbəb çox sadədir: problemin miqyasının böyüməsinə nail olmaq və yağış sularını ötürən sistemin yenidənqurulması üçün dövlətdən əlavə vəsait əldə etmək!

    Məsələ burasındadır ki, nə A.Cəbrayıllı, nə də digər “Azərsu” rəsmiləri uzun illərdir haqqında söhbət açılan yağış sularının ötürülməsi sistemindəki çatışmazlıqların nə zaman aradan qaldırılacağını açıqlamır. ASC rəhbəri Qorxmaz Hüseynovun vəzifəyə təyin olunduğu 2011-ci ildən bəri etdiyi çıxışlara diqqət yetirdikdə görünür ki, o, daim hazırlanmış olduğunu dediyi bir plandan bəhs edir. 2013-cü ildə ASC sədrinin mətbuata verdiyi məlumata görə, söhbət Bakı şəhərinin içməli, tullantı və yağış suları infrastrukturlarının 2035-ci ilə qədər perspektiv inkişafını nəzərdə tutan “Master Plan”dan gedir. Q.Hüseynov deyir ki, bu plana əsasən Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişlənərək bütün yaşayış məntəqələrini əhatə edəcək: “”Master Plan"a uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək. Bunlarla yanaşı, tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur".

    Q.Hüseynovun 2013-cü ildən təbliğatını apardığı “Master Plan”ın icrasından hələ ki paytaxtımız real nəticə görə bilmir. İllərdir hər yağış mövsümündə Bakı küçələri sel sularına təslim olur. Hətta 2016-cı ildə prezidentin sərəncamı ilə paytaxtın sel sularını ötürmə sisteminin təkmilləşdirilməsi üzrə xüsusi işçi qrup da yaradılıb. Q.Hüseynov tərifli planını həmin qrupun ilk iclasında da təqdim edib. Bildirib ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan” hazırlanıb: “Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ”Böyük Bakının Regional İnkişaf Planı", Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. Ümumilikdə 18 bölmədən ibarət olan “Master Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin perspektivləri, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb".

    Bakıda yağan yağış ile ilgili görsel sonucu

    Hələ iki il əvvəl “Azərsu” rəhbəri “Master Plan”a uyğun olaraq, su təchizatı və kanalizasiya sisteminin müxtəlif tullantılardan təmizləndiyini iddia etsə də, bir il sonra yağış suları yenidən Bakıda ciddi fəsadlara yol açıb: 2017-ci ilin oktyabrında yağış suları Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində böyük çuxur yaradıb. Rəsmi qurumların məlumatından aydın olub ki, magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə su yol yatağını yuyub və 200 metr radiusda yol dağılıb.

    Onu da qeyd edək ki, Bakının su və kanalizasiya sistemi dövlət büdcəsi və xarici kreditlər hesabına ən çox investisiya yatırılan sahələrdən biridir. 1998-ci ildən bəri bu istiqamətə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə institutlarından yüz milyonlarla dollar kreditlər cəlb olunub. Təkcə bir tranşda bu layihənin icrasına 88 milyon dollar ayrılıb. Eyni zamanda “Azərsu” ASC-yə dövlət büdcəsindən hər il külli miqdarda vəsait ayrılır.

    Müstəqil ekspert Natiq Cəfərlinin hesablamalarına görə, 1990-cı ildən bəri beynəlxalq maliyyə institutları tərəfindən Bakıda kollektorların, su və kanalizasiya sistemlərinin yenilənməsinə və təmirinə azı 1,6 milyard dollar ayrılıb. Dövlət büdcəsindən müxtəlif illərdə bu sahəyə ayrılan vəsait isə 7 milyard manata qədərdir.

    Bu qədər vəsaitin ayrılmasına rəğmən, “Azərsu” rəhbəri hələ də Bakının kanalizasiya və suötürücü sistemlərinin yarıdan çoxunun istismar müddətinin bitdiyini deyir: “Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin, su kəməri şəbəkəsinin 70 faizi istismar müddətini çoxdan başa vurduğundan böyük həcmdə su itkiləri yaranır. Nəticədə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər meydana çıxır, binaların zirzəmiləri su ilə dolur”. Q.Hüseynov və tabeliyindəkilər hər fürsətdə istehlakçılara təqdim etdikləri xidmətə görə maya dəyərindən 2 dəfə az pul aldıqlarını, buna görə də zərər çəkdiklərini bəyan edirlər. ASC-nin rəsmi hesabatından aydın olur ki, ötən il “Azərsu” əvvəlki ilə nisbətən 41,5 faiz az - 162 min manat mənfəət vergisi ödəyib və ili 508,35 milyon manat xalis zərərlə başa vurub. Səhmdar cəmiyyətinin yığılmış zərəri 5 milyard 904,502 milyon manata çatıb. Bunun 5 milyard 843 142 milyon manatlıq hissəsi 400 milyon manatlıq nizamnamə kapitalı, 1 milyard 568,732 milyon manatlıq əlavə ödənilmiş kapital və 3 milyard 874,41 milyon manatlıq dövlət investisiyaları hesabına kompensasiya edilib.

    Belə görünür ki, “Azərsu” ASC ona həvalə edilən milyardlarla manatı elə xərcləyib ki, hələ istismar müddəti bitən xətlərin yarısı belə təzələnməyib. Yenə də sual yaranır ki, bəs alınan kreditlər, büdcədən ayrılan pullar hara və hansı məqsədlərə xərclənib? Bu, hazırda Q.Hüseynovun cavablandırmalı olduğu ən mühüm sualdır.

    Rubrika.Az


    Facebook-da paylaş