• “Qasid”in əmlakını su qiymətinə satdılar, qəzetlərə “atdılar” – böyük torpaq maxinasiyası

    “Qasid”in əmlakını su qiymətinə satdılar, qəzetlərə “atdılar” – böyük torpaq maxinasiyası

    ASC-nin “Yeni Müsavat”a olan borcu kimin cibinə gedib?

    İflas etmiş mətbuat yayımı firması “Qasid” ASC-nin şəhərin mərkəzində olan anbarı hərraca çıxarılıb və rekord ucuz qiymətə - 1 milyon manata satılıb. Şəhərin mərkəzi hissəsində, Ceyhun Hacıbəyli küçəsi 33 ünvanında yerləşən ASC-yə məxsus anbar və altındakı torpaq sahəsinin real bazar qiyməti ən minimum hesablama ilə 2 milyon 500 min manatdır.

    Məlumdur ki, ASC-nin bir çox redaksiyalara külli miqdarda, “Yeni Müsavat” media qrupuna isə cəmi 21 min 388 manat 18 qəpik məbləğində borcu var. Belə bir vaxtda ASC-nin əmlakının su qiymətinə satılması və ən əsası, borclar ödənilmədən əldə olunan məbləğin qeyri-müəyyən istiqamətlərə yönəldilməsi ciddi araşdırma mövzusu olmalıdır.

    Pullar kimin cibinə gedib sualı aktualdır və “Yeni Müsavat” Media Qrupunun hüquqşünası Vaqif Hüseyn məsələ ilə bağlı ciddi araşdırmalar aparmaqdadır. Hüquqşünasın əldə etdiyi sənədlər, sübutlar ASC əmlakının su qiymətinə satılmasına dəlalət edir. Həmin sənədlərdə yer alan məlumatlar faktiki olaraq qanunsuz əməliyyatların təsdiqi də hesab edilə bilər. Hüquqşünas deyir ki, Ceyhun Hacıbəyli küçəsi 33 ünvanındakı ASC-nin anbarı və altındakı torpaq üzərində məhkəmənin həbs qərarı ola-ola hərraca çıxarılıb: “Hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilib, anbar və anbarın altındakı torpaq sahəsi 1 milyon manata satılıb. Həmin ərazinin real bazar qiyməti hərracda satılmış qiyməti dəfələr üstələyir. ASC-nin əmlakının bu şəkildə satılması ümumiyətlə hərrac fəlsəfəsinə ziddir. Hərraca çıxarılmış əmlaka qoyulan ilkin qiymətlə alış qiyməti arasında fərq olmalıdır. Amma ASC-nin əmlakı hərracda çox ucuz qiymətə satılıb. Bu satışdan əldə edilən məbləğ hara yönəldilib, o qədər pul kimin kassasına, cibinə axıb, bilnmir. Ən əsası odur ki, redaksiyamıza olan borc ödənilməyib.
    ”Yeni Müsavat" qəzeti ilə “Qasid” ASC arasında qəzetə abunə qəbulunu və pərakəndə satışın təşkil edilməsi barədə müqavilə olub. Amma “Qasid” ASC “Yeni Müsavat” qəzeti ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyib. Yəni redaksiyadan aldığı qəzelərin satışını təşkil ediblər, əldə edilən gəlirləri isə redaksiyaya çatdırmayıblar. Buna görə də “Yeni Müsavat” qəzeti ilə “Qasid” ASC arasında borc qalığının müəyyənlişdirilməsi ilə bağlı 15 yanvar 2016-cı il tarixində akt tərtib olunub. Həmin akta əsasən cavabdeh tərəf olan “Qasid” ASC-nin “Yeni Müsavat” qəzetinə 1 yanvar 2016-cı il tarixə abunə üzrə 5694 manat və satış üzrə 15694,18 manat olmaqla ümumilikdə 21388 (İyirmi bir min üç yüz səksən səkkiz) manat 18 qəpik məbləğində borcunun olduğu müəyyən edilib. Akt hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən müvafiq imza və möhürlə təsdiq edilib. Ümumilikdə “Qasid” ASC-nin ölkədə fəaliyyət göstərən mətbuat orqanlarına, həmçinin keçmiş əməkdaşlarının əmək haqqıları daxil 500 min manatdan çox borcu qalıb.

    “Yeni Müsavat” qəzeti Bakı şəhəri 1 saylı Yerli İqtisad Məhkəməsinə iddia ilə müraciət edib və borcun ASC-nin əmlakına yönəldilməsi yolu ilə ödənilməsinin təmin olunmasını xahiş edib. Məhkəmə iddianı təmin edib və borcun “Qasid” ASC-nin əmlakına yönəltməklə ödənilməsi barədə qətnamə çıxarıb. Lakin üzərindən 3 ilə yaxın zaman keçməsinə baxmayaraq qərar bu günədək icra olunmayıb. “Qasid” ASC “Yeni Müsavat” qəzetinə olan 21 min 388 manat məbləğində borcu bu günə qədər də ödəməyib.

    “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn bildirir ki, “Qasid” ASC-nin şəhərin mərkəzindəki anbarının hərracda satılması haqda məlumatı öyrənəndən sonra Əmlak Məsələləri Dövlət Komitəsinə, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə rəsmi olaraq müraciət ünvanlayıb: “Məhkəməyə müraciət etməyimizə baxmayaraq anbarın və altındakı torpaq sahəsinin satışı və əldə olunan gəlirlər haqda redaksiyamıza məlumat verilməyib. Bu, çox böyük qannunsuzluqdur. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icraçısı Vüqar Hüseynov ASC-nin borclu olduğu redaksiyalardan yalnız ”Azərbaycan" qəzetinə bu haqda məlumat verib. ASC-nin “Azərbaycan” qəzetinə 61 min 469 manat borcu var. Əldə etdiyimiz sənədlərdən belə aydın olur ki, ASC-dən borcun alınması yolu kimi Ceyhun Hacıbəyli küçəsi 33 ünvanındakı əmlakın satılmasını Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə “Azərbaycan” qəzeti təklif edib. Bundan sonra icraçı Vüqar Hüseynov Nəsimi məhkəməsinə müraciət edərək əraziyə həbs qoyulması haqda təqdimat verib. 2017-ci il noyabrın 8-də verilən təqdimata 29 noyabr 2017-ci il hakim Rəşəd Həsənov baxıb və həmin ünvandakı torpaq sahəsinə həbs qoyulması haqda qərardad çıxarılıb.

    2018-ci il yanvarın 22-də Vüqar Hüseynovun təqdimatı ilə həmin torpaq sahəsinin qiymətlənririlməsi üçün “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-dən mütəxəssis dəvət olunub. Bundan sonra nə baş verdiyi haqda bizdə rəsmi məlumat yoxdur. Qeyri rəsmi məlumata görə əmlak 1 milyon manata satılıb".

    Vaqif Hüseyn deyir ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi ilə müntəzəm əlaqə saxlayır, işin gedişatı ilə bağlı məlumat öyrənilir: “İcra şöbəsi bizə gördükləri iş haqda sənədlərin surətini verib. Hesab edirik ki, bizə sənədlər tam şəkildə verilməyib. Ceyhun Hacıbəyli 33 ünvanındakı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulandan sonra hansı hüquqi hərəkətklərin həyata keçirilməsi haqda sənədlər ortada yoxdur. İcraçıların veridyi şifahi məlumata görə ərazinin üzərindən guya həbs götürülüb. Lakin bununla bağlı əlimizdə heç bir məhkəmə qərardadı yoxdur. Ümumiyyətlə, icra şöbəsi bütün işlərdə maraqlı tərəf olaraq yalnız ”Azərbaycan" qəzetinə məlumat verib. Halbuki “Qasid”in “Yeni Müsavat” qəzetinə də külli miqdarda borcu var. Bütün bunlar “Yeni Müsavat”ın prosesdən kənarda qoyulması təsəvvürü yaradır. İcra məmurları ilə söhbətlərimizdə işin doğru yöndə getmədiyini görürük. Sənədlərin bizə yarımçıq verildiyini, Əmlak Məsələləri Dövlət Komitəsindən bizə hər hansı bir məlumat verilmədiyini də diqqətə çatdırdıq. İcra məmuru bizimlə söhbətində elə danışdı ki, guya əmlak üzərinə həbsi Əmlak Məsələləri Dövlət Komitəsi qoymalı idi. Bizdə elə təsəvvür yaranıb ki, icraçılar ancaq məhkəmə qərardadını almaqla kifayətlənib. Torpaq sahəsinin üzərindən həbsin götürülməsi ilə bağlı da ortada heç bir sənəd yoxdur".

    Vaqif Hüseyn deyir ki, məhkəmə icraçısının ona təqdim etdiyi sənədlər sırasında “Qasid”ASC-nin sədri, Milli Məclisin üzvü Mirkazım Kazımov tərəfindən imzalanmış, Nəsimi rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanova ünvanlanmış məktub var. 31 oktyabr 2017-ci il tarixli məktubda Mirkazım Kazımov yazır:

    “Sizin nəzərinizə çatdırırıq ki, ”Qasid" ASC-nin balansında olan nəqliyyat vasitələri yararsız olduğuna görə “Azərbaycan” qəzetinə olan borcu bağlamır. Ona görə “Azərbaycan” qəzetinə borcu Cəmiyyətin balansında olan Ceyhun Hacıbəyli 33 ünvanında yerləşən torpaq sahəsinə yönəldəsiniz".

    Mirkazım Kazımov torpaq sahəsinin texniki pasportunu da məktubuna əlavə edib.

    4 ay sonra, 6 fevral 2018-ci il tarixində eyni ünvana göndərilən məktubunda isə Mirkazım Kazımov yazır ki, ASC-nin balansındakı bütün torpaqlar onlara məxsus deyil, dövlətindir. Mirkazım Kazımovun belə bir məktubu yazmasında məqsəd nədir, bilnmir. Ortada isə “Yeni Müsavat”ın borcunun ödənilməməsi ilə müşayiət olunan proses gedir. Redaksiya məsələ ilə bağlı araşdırma aparır. Torpaq sahəsinin üzərində həbs ola-ola kimə, hansı əsasla satılması, əldə olunan pulların hara xərclənməsi də araşdırma mövzusudur.

    Rubrika.Az


    Facebook-da paylaş