• Partiyasının iradəsi ilə “yoxa çıxan” İnterpol prezidenti

    Partiyasının iradəsi ilə “yoxa çıxan” İnterpol prezidenti

    Xaricdə ÇKP-nin düşmənlərini axtaran və əli onlarla uyğurun həbsində olan Men Hunvey öz sisteminin qurbanı olub

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, İnterpol prezidenti Men Hunvey Fransadan Çinə dönən zaman ölkəsində həbs edilib.

    Onu da qeyd edək ki, Men Hunvey həm də Çin daxili işlər nazirinin müavini sayılırdı. Fransa polisi artıq onun Çində yaşayan ailəsini xüsusi nəzarətə götürüb.

    Çinin İnterpol kimi məşhur bir təşkilat rəhbərini belə tərzdə həbs etməsi, həm təşkilatın özünə, həm də Çindəki hüquq-mühafizə sisteminə olan diqqəti daha da artırıb.

    Onu da qeyd etmək lazımdır ki, İnterpol prezidenti vəzifəsi mərasim xarakterli funksiyalar daşıyır. Onun işi Baş Assambleyanın, icraiyyə komitəsinin birgə iclaslarına sədrlik etməkdən ibarətdir. Təşkilatın əsas vəzifəli şəxsi onun baş katibi (hazırda Almaniyadan Yurgen Ştok) sayılır.

    Hələ iki il bundan öncə Men Hunvey bu vəzifəyə təyin olunanda Qərb jurnalistləri İnterpolun bundan sonra Çin Kommunist partiyasının düşmənlərinin tapılıb ölkəyə gətirilməsi üçün alətə çevrilə biləcəyi barədə xəbərdarlıq edirdilər.

    Məlum olduğu kimi, İnterpolun istənilən üzvü bu vəya digər adamı daxili məhkəmə qərarı ilə beynəlxalq axtarışa verə və olduğu ölkələrdən onların ekstradisiyasını tələb edə bilir.

    Çin bir çox dissident, habelə korrupsioner məmur haqqında bu cür qırmızı bülleten çıxarıb. Bunun sayəsində rəsmi Pekin ABŞ-da yaşayan, biznesmen və müxalifətçi Qo Venquy, Almaniyada yaşayan Ümumdünya Uyğur konqresinin direktoru Dolğun İsanın verilməsini tələb edib.

    İnterpol Pekinin korrupsiyada ittiham etdiyi bir çox şəxs üçün də “tülkü ovu” kampaniyasında mühüm rol oynayır. Yalnız 2017-ci ildə bu kampaniya nəticəsində 1,3 min adamı geri qaytarmaq mümkün olub. Bunların içində 347 dövlət rəsmisi var. Onlar “könüllü” olaraq Çinə 152 miyon dollar “bəxş ediblər”.

    Məhz Men Hunvey bu kampaniyada aktiv rol oyanayan şəxslərdən olub. 2004-cü ildə daxili işlər nazirinin müavini təyin olunan Men Hunvey Çinin yeni lideri Si Tzinpinin ideyalarına həmişə sadiq olduğunu söyləyib.

    “Siyasət, partiya, ideologiya hər şeydən öncə gəlir”, - Si Tzinpin 2014-cü ildə xaricə sülhməramlı missiya üçün yol salınan çinli hərbçilər qarşısında çıxışı zamanı belə demişdi.

    Amma Men Hunveyin bioqrafiyasında Çin sistemində “qara ləkə” sayıla biləcək bir problem olub. 2004-cü ildə o, Si Tzinpinin qatı düşmənlərindən sayılan daxili işlər naziri Çjou Yunkanın müavini təyin edilibmiş. Çjou Yunkan isə 2015-ci ilin iyununda rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ömürlük azadlıqdan məhrum olunub.

    Xarici mətbuatın yazdığına görə, Men Hunvey Çində belə tərzdə həbs olunan ilk önəmli şəxs deyil. Məsələn, bu ilin iyulunda Çinin ən məşhur aktrisası Fan Binbin qəfildən yoxa çıxmışdı.
    Onun harada olduğu uzun müddət bəlli olmayıb. Yalnız oktyabr ayının 2-də Fan Binbinin vergi cinayətlərinə görə həbs edildiyi bilinmişdi.

    Bu vaxta qədər Çinin ən böyük enerji şirkətlərindən sayılan CEFC-nin rəhbəri Ye Tzyanmin haqqında heç bir məlumat yoxdur. Adı çəkilən biznesmen hətta 2017-ci ildə “Rosneft” şirkətinin 14,16%-ni almaq istəmişdi.

    Ye Tzyanmin bu ilin fevralında gözdən itib. Yalnız martın 19-da onun “qanun pozuntusuna” görə həbs olunduğu ortaya çıxıb. Özü də xəbəri vaxtilə Tzyanmini özünə müşavir təyin edən Çexiya prezidenti Miloş Zeman gətirib. Həmin vaxtdan bu yana milyarderin həyatı bardə heç bir informasiya yoxdur.

    Çində bu cür “yoxa çıxmalar” ən çox uyğurlarla baş verir. BMT ekspertlərinin, habelə beynəxalq insan hüquqları təşkilatlarının hesablamalarına görə, Sinzyan-Uyğur muxtar bölgəsində rəsmi ittiham olmadan 3 milyona qədər uyğur həbs olunub.

    Onlarla bağlı hansısa kriminal ittiham irəli sürülmür. Bu insanları nəhəng “yenidən tərbiyləndirmə” düşərgələrində saxlayırlar. Düşərgəyə namaz qılmaq, məscidə getmək, qadağan olunmuş ədəbiyyatı oxumaq, çin dilini öyrənməkdən və danışmaqdan vaz keçmək kimi səbəblərlə gətirilən adamlar düşürlər. Müşahidəçilərin qeyd etdiyi kimi, həmin düşərgələr əslində həbsxanadan da pisdir. Çünki həbsxanada cəzanı çəkib müəyyən müddət sonra qurtulmaq olar, lakin düşərgədən çıxmağa məhbusun “tərbiyə olunub-olunmadığını” müəyyən edən hansısa məmur qərar verir.

    Rubrik.Az


    Facebook-da paylaş