• Prezident vətəndaşı məmurlarla “dəyişmir”

    Prezident vətəndaşı məmurlarla “dəyişmir”

    Vətəndaş faktorunun önəminə bu cür diqqət və açıq mövqe təkcə gəlişigözəl söz deyil, onların sözünün mötəbər olduğuna açıq mesajdır

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Prezident İlham Əliyevin oktyabrın 10-da ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin toplantısındakı çıxışı mahiyyət etibarilə xalqla növbəti dəfə birbaşa təması, onları narahat edən bütün məsələlərə dövlət başçısının hansı həssaslıqla yanaşdığının göstəricisi kimi qiymətləndirilməlidir.

    Prezident müxtəlif açılışlarda, tədbirlərdə də bu kimi mesajlar verir, amma nazirlərin toplantısında bu məsələlər barədə daha açıq mövqe bildirilməsinin anlamı da təbii ki, fərqlidir. Prezidentin bütün məsələlərlə bağlı əhatəli və hətta çox detallı çıxışı bir daha onu sübut edir ki, dövlət başçısı cəmiyyəti narahat edən bütün hadisələri yaxında izləyir, cəmiyyətin narahatlıqlarını bölüşür və son dərəcə həssaslıqla yanaşır. Dövlət başçısının son çıxışından gəlinən daha bir mühüm nəticəni də xüsusi fərqləndirərək qeyd etmək lazım gəlir. Bu, vətəndaş amilidir. İlham Əliyev xüsusilə məmurların tənqidinə yönəlmiş açıqlamalarında vətəndaşın mövqeyini, onların həyatını, təhlükəsizliyini, sosial rifahını önə çəkir, vətəndaşı bütün maraqlardan üstün tutur.

    Prezidentin son çıxışındakı sərt üslub onun konyukturadan da uzaq olduğunu bir daha sübut etdi. Tənqidlər ən müxtəlif sahələri əhatə etdi, bəzi məmurlar öz “payını“ aldı. Prezident məmurlara deyil, vətəndaşlara müraciət edərək, “əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər” deməklə əslində onları öz komandasına çağırdı, onlara güvəndiyinə açıq mesaj verdi: “Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük”.

    Dövlət başçısının ictimai nəzarətlə bağlı dedikləri yeni ideya deyil. İctimai nəzarət prezidentin səyi nəticəsində tədricən bir siyasi instituta çevrilməkdədir. Vətəndaş özünü qıraqdakı və səsi eşidilməyən bir zümrə bilmir. Vətəndaşı nazirlərin qəbul otağında gözləmək deyil, nazirlərin vətəndaşların problemlərini dinləmək üçün onların “qapısına” göndərilməsi praktikasının müəllifi də prezident İlham Əliyevdir. Vətəndaş faktorunun önəminə bu cür diqqət və açıq mövqe təkcə gəlişigözəl söz deyil, onların sözünün mötəbər olduğuna açıq mesajdır.

    Prezident vətəndaşları ən çox narahat edən məsələlərdən olan şəhər nəqliyyatındakı vəziyyətlə bağlı danışarkən də öncə vətəndaşların təhlükəsizliyin vacib olduğunu vurğulayıb . Nazirlərlə toplantısında ötən həftə baş vermiş ağır qəzaya münasibət xüsusi diqqət çəkir: “Baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir. ...Sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur.... Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır”.

    Dövlət başçısı daha bir həssas mövzu-həyətlərdə qanunsuz tikililərlə bağlı danışarkən də vətəndaş maraqlarının qorunacağını bildirib: “Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki, binaların həyətləri abadlaşdırılsın, orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun”.

    İ.Əliyev daha ağrılı iki məsələ-qaçqın və məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsində və sosial müavinətlərin təyinatında korrupsiya halları barədə danışarkən sərt ifadələr seçib: “Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur”.

    Prezident vətəndaşların ən çox müraciət etdiyi sosial müavinətlər sahəsindəki özbaşınalıqların aradan qaldırılmasına göstəriş verdiyini deyib. Prezident nitqində qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyinə çox ciddi tapşırıqlar verilib, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbir görülməsi tapşırılıb. İlham Əliyevin sözlərinə görə, bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır.

    Prezidentin çıxışının ən önəmli nəticələrindən biri də var: vətəndaşı məmura “dəyişməmək”. Təsadüfi deyil ki, prezident çıxışlarında heç vaxt vətəndaşı tənqid etmir, baş verən bütün nöqsanlara görə məmurları günahlandırır...

    Rubrika.Az


    Facebook-da paylaş